Nazirlər Kabineti yanında Terminologiya Komissiyası son dövrlərdə uşaqlara Mio, Cani, Aftəndə, Pişərəndə, Keykül, Qirəndə kimi heç bir mənası olmayan, gülüş doğuran adların qoyulması ilə bağlı edilən müraciətlərə mənfi cavab verib.
Bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.
“Bizə iki qıza Şeyla, Asenat, 1 oğlan uşağına isə Jiyan adının qoyulması üçün müraciət edildi. Bu adların tarixi kökünü axtardıq və məlum oldu ki, həmin adlar türk mənşəlidir və yazılı tarixi abidələrdə var. Buna görə də bu adların qoyulmasına icazə verildi”.
S.Sadıqova bildirib ki, son dövrlərdə uşaqlara müəyyən adların qoyulması üçün imtina cavabının verildiyi hallar da çox olub.
Onun sözlərinə görə, son dövrlərdə Cani, Aftəndə, Pişərəndə, Keykül, Qirəndə kimi adların qoyulmasına icazə verilməyib: “Bu adları qoymaq istəyənlər onların qədim dini adlar olduğunu əsas gətirirdilər. Bu adları Bakı və Bakıətrafı ərazilərdə yaşayanlar qız uşaqlarına qoymaq istəyiblər. Bundan başqa, komissiyaya müraciət edən Sevda adlı 18 yaşlı bir qız adını bəyənmədyini bildirərərək onu “Sevana” ilə əvəzləmək istədiyini açıqlayıb. Ona “Sevana” adının erməni adı olduğunu açıqlayandan sonra özü geri çəkildi. Bu yaxınlarda bir nəfər uşağına “Mio” adı qoymaq istəyirdi. Deyir ki, bu ad Amerika müğənnisinin adıdır. Ancaq bu ad bizdə necə səslənə bilər?! Ona görə də imtina cavabı verdik”.
Komissiyaya hər ay 50-60 müraciətin daxil olduğunu açıqlayan S.Sadıqova bildirib ki, uşaqlarına gülüş doğuran, heç bir məna kəsb etməyən ad qoymaq istəyənlər bəzən bunun üçün sona qədər mübarizə aparacaqlarını da deyirlər:
“Amma onlar da məhkəmə və komissiya tərəfindən “yox” cavabını aldıqdan sonra geri çəkilirlər. Məsələn, uşağına “Keykül” adını qoymaq istəyən qadına başa salınsa da, 3 dəfə buna görə bizə müraciət edib və bu adı qoymaqda israrlı olduğunu söyləyib”.
Komissiyanın sədr müavini onu da qeyd edib ki, təhsilli, ziyalı insanlar uşaqlarına ad qoymamışdan əvvəl çox düşünür, onun mənasına, yazılışının qısalığına baxırlar: “Ancaq müəyyən insanlar var ki, bunu düşünmürlər. Necə ad gəldi, qoymaq istəyirlər. Bizə deyirlər ki, mən bu adı yuxumda gördüm, yaxud qonşum mənə bu adı məsləhət bildi. Ancaq maarifləndirmə işlərinin nəticəsi də özünü göstərir. Artıq insanlar uşaqlarına “Ansambl” kimi adlar qoymurlar”.
S.Sadıqova qeyd edib ki, hər 100 nəfərdən təxminən 60 nəfəri öz uşağına normal, gözəl ad qoyur, təxminən 20 nəfər yeni ad seçir, 20 nəfər isə mənası olmayan ad qoymaq istəyir .
S.Sadıqova bildirib ki, bəzi şəxslər uşaqlarına yaxsı səslənməyən nənə-baba adlarının da qoyulması üçün də müraciət edirlər: “Fırtına, Fəryad kimi nənə-baba adlarının qoyulmasının qarşısını almırıq. Amma biz belə adların qoyulması üçün müraciət edənlərə başa saldıqdan sonra onlar özləri bu adların qoyulmasından imtina edirlər”.