Uşaqların dünyagörüşünün, cəmiyyətə, ailəyə münasibətinin, bütövlükdə davranışının formalaşmasına televiziya bəlkə valideyn və müəllimlərdən daha güclü təsir göstərir. Bəs televiziyalar bu missiyasını necə və hansı formada yerinə yetirir?
Üç ildən artıqdır ölkədə uşaq telekanalının açılması ilə bağlı ictimaiyyət arasında təbliğat kampaniyası aparan “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova “Gündəlik Teleqraf”a açıqlamasında bildirdi ki, mərkəz 2011-2012 illərdə 9 ümumölkə və 11 regional televiziya kanalının proqramlarının monitorinqini aparıb: “Biz uşaq və yeniyetmələr üçün ayrılan efir vaxtında göstərilən verilişləri təhlil edib, ictimaiyyətin müzakirəsinə vermişik. Hazırda yeni monitorinq həyata keçiririk, nəticələrini aprel ayında ictimaiyyətə təqdim edəcəyik”.
Monitorinqlər bu sahədə ciddi problemləri aşkarlayıb. Məlum olub ki, uşaq verilişlərinə ayrılan efir vaxtı azalmaqla yanaşı, həm də keyfiyyət baxımından qeyri-qənaətbəxşdir: “2012-ci ildə telekanallarda uşaq verilişləri üçün ayrılan efir vaxtı müxtəlif olsa da, 2011-ci ildəki kimi o qədər də çox deyildi. Əvəzində böyük auditoriyaya ünvanlanmış, uşaq psixikasına mənfi təsir göstərən, müxtəlif şou-biznes, əyləncəli verilişlər, həyatdan uzaq olan seriallar yayımlanır və onların intensiv təbliği həyata keçirilir”.
İradə Yaqubova həmçinin uşaq verilişlərinin əvvəlcədən bəyan edilmiş proqrama uyğun efirə çıxmadığını, dublyaj edilən uşaq filmlərində (bədii, animasiya, cizgi) keyfiyyətin aşağı olduğunu, “uşaq vaxtında” milli ənənələrdən uzaq, yanlış dünyagörüşü yayan teleserial və ya milli ənənələrimizə zidd əyləncəli verilişlərin yayımlandığını vurğuladı: “Azərbaycanda uşaq verilişləri beynəlxalq təcrübədən fərqli olaraq, uşaq psixoloqlarının, mütəxəssislərin iştirakı olmadan tərtib edilir, tamaşaçıların müzakirəsinə verilmir. Çox zaman bu verilişlərin müəllifləri də məlum olmur. Bütün bunlar uşaq verilişlərinin keyfiyyətinə mənfi təsir göstərir ki, bu da problemin dəfələrlə mətbuatda müzakirə olunması və artıq cəmiyyətdə formalaşmış rəylə təsdiqlənir.
Biz ümumilikdə uşaq verilişləri ilə bağlı 9 dəyirmi masa keçirmişik, müraciətlər eləmişik. Dəyirmi masalara, ictimai polemikalara televiziya kanallarının nümayəndələri də dəvət olunub. Monitorinq başa çatmamış qəti fikir bildirmək düz deyil, amma ilkin nəticələrə əsasən deyə bilərik ki, bizim göstərdiyimiz problemlər ilbəil az da olsa, aradan qaldırılır. Dəyişikliklər həm mənfi, həm də müsbətə doğrudur. Sayı çoxalsa da, verilişlərin keyfiyyətində geriləmə var.”
İradə Yaqubova hesab edir ki, uşaq verilişlərinin tərtibatına yanaşma dəyişməli, bütün ölkə ərazisində yayımlanması nəzərdə tutulan uşaq kanalının açılması zəruridir: “Uşaq televiziyası üçün ciddi hazırlıq aparılmalıdır. Bu telekanalda uşaq və gənclərin müxtəlif yaş qruplarının maraqları və xüsusiyyətləri nəzərə alınaraq yüksək səviyyəli, milli-mənəvi dəyərlərə uyğun, peşəkarların iştirakı ilə mükəmməl verilişlər hazırlanmalıdır. Uşaq verilişlərinin milli bazasının yaradılması vaxtı artıq çatıb. Biz uşaq kanalında yalnız “Tom və Cerri” ni göstərə bilmərik ki… Efirə nəinki maraqlı verilişlər, dublyaj olunmuş cizgi filmləri, bədii filmlər, tamaşalar verilməlidir. Rusiya və Türkiyədə uşaq kanallarında həm maarifləndirici, həm də əyləncəli verilişlər efirə gedir. Bizdə də elə olmalıdır”.
İradə Yaqubova milli uşaq verilişlərinin sayının azlığından çıxış edərək bu sahədə ciddi dönüş yaratmaq üçün dövlət dəstəyini zəruri sayır və “Uşaq siyasətinə dair milli strategiya”nın qəbulunu təklif edir.
Azərbaycan televiziya tarixinin uşaq verilişləri sarıdan bəxti gətirmədiyini bildirən telejurnalist Qulu Məhərrəmlinin fikrincə, bəzi telekanallarda uşaqlarla bağlı maraqlı verilişlərin olduğu da nəzərdən qaçmamalıdır: “Məsələn, ANS-in “Uşaqdan böyüyə” verilişi, ATV-də hərdən göstərilən uşaq verilişi maraqlıdır, İTV-də uşaqlar üçün kütləvi proqramların hazırlanması da təqdirəlayiqdir. Ümumilikdə götürsək, çox populyar, faydalı, uşaqların özlərinə də maraqlı görünən daimi uşaq verilişinin adını çəkə bilmərik.
Uşaq verilişlərinin hazırlanması istiqamətində ciddi strategiyamız olmalıdır. Uşaqlara hansı mesajları verməliyik, onlarda hansı vərdişləri yaratmaq, hansı dünyagörüşü formalaşdırmaq istəyirik – bax, bunu dəqiqləşdirmək gərəkdir. Bu sahədə dünya təcrübəsi var.
Amerikadan tutmuş Avropanın aparıcı ölkələrinə qədər uşaqlarla bağlı düşünülmüş strategiya hazırlanır, bununla ciddi institutlar məşğul olur. Şablon səslənsə də uşaq millətin gələcəyidir. Ona görə qabaqcıl dövlətlər bu haqda çox ciddi düşünürlər”.
Qulu Məhərrəmli uşaq verilişlərindəki çatışmazlığı telekanalların səviyyələri ilə əlaqələndirdi: “Ümumi yanaşsaq, telekanalların səviyyəsi yüksəlmədiyi üçün uşaq verilişləri də onun tərkib hissəsi kimi bu cür axsayır. Bu məsələyə dərindən yanaşmaq, fundamental, düşünülmüş, hərtərəfli, uşaqları cəlb edə bilən verilişlər hazırlamaq lazımdır”.
Uşaq televiziyası üçün lazımlı kadrlarımız varmı? Qulu Məhərrəmli buna şübhə edir: “10 ildir teleməkanda kadr yetişir anlayışı mənim üçün şübhəli məsələdir. Kadr o yerdə yetişər ki, televiziya özü bəlli səviyyəyə çata bilsin. 2000-ci ilə qədər televiziyalarda kadr hazırlanması prosesi gedirdi. Təəssüf ki, televiziyalar bəsitləşir. Televiziyanı idarə edənlərin özləri fərqli sahələrdən gəlmələrdir. Televiziyanın strategiyasını düzgün müəyyənləşdirə bilməyəndə kadr məsələsi problemə çevrilir. Verilişlərin səviyyəsi aşağı düşür, nəticədə tamaşaçılar bundan əziyyət çəkir. Hazırkı mənzərə bu cürdür”.
10 ilə yaxındır teleməkanda uşaq verilişlərinin müəllifi və aparıcısı olan Vəfa Rəsulova “Gündəlik Teleqraf”a qarşılaşdığı problemlərdən danışdı: “Uşaq verilişlərinin hazırlanmasına həm rəsmi qurumların, həm də sponsorların dəstəyi zəifdir. Keyfiyyətli veriliş üçün zövqlü dekorasiyaların qurulması vacibdir, amma bu sahədə çox ciddi problemlərlə qarşılaşırıq. Bir də indiki uşaqlar bilmirlər nə istəyirlər. Bu yəqin ki, bir çox amillərlə bağlıdır. Onların maraqlarını, zövqlərini müəyyənləşdirmək asan deyil. Hazırda bacım da, mən də uşaq verilişlərindən uzaqlaşmışıq. Son iki-üç ayı radioda tamamilə başqa səpkili veriliş hazırlayırıq”.
Vəfa Rəsulova hazırda efirə verilən uşaq verilişlərindən narazılıq etdi: “Verilişlərin səviyyəsi məni qane etmir. Çünki uşaqların adi zövq və tələbatları nəzərə alınmır. Uşaq telekanalı açılsa, məmnuniyyətlə orada verilişlər hazırlayaram. Baxmayaraq ki, keyfiyyətli uşaq verilişi hazırlamaq çətindir…”
Nərmin Muradova, teleqraf.com