Son dövrlərdə qadınların ictimai və sosial həyatda daha da fəallaşması, bu cinsin nümayəndələrinin nüfuzlu statuslara sahib olmalarına səbəb olmuşdur. Artıq ölkəmizdə də işləyən qadınların sayı durmadan artır. Təbii olaraq bu da onların ev işlərində, ailə qayğılarında və ən çətin, məsuliyyətli bir iş olan uşaq saxlamaq kimi işlərdə köməkçiyə ehtiyac duymalarına səbəb olur. Müasir dövrdə ailələrdə övladlarını dayələrə etibar edən insanların sayı durmadan artır, bir qisim ailələr isə hələ də dayələrə ehtiyac duyduğu halda dayələrlə əlaqəli xoşagəlməz hadisələr barədə eşitdiyimiz məlumatlardan dolayı bu məsələ qarşısında çıxılmaz vəziyyətdə qalırlar.
Dayə kimdir və uğurlu dayə seçimi necə olmalıdır?
Tarixən dayə daha çox yüksək təbəqədən olan, vəzifəli şəxslərin uşaqlarına baxan, elmi, savadı ilə seçilən bir insan olub. Lap qədim dövrlərə nəzər salsaq, xanların, bəylərin övladlarını da himayə edən, dayəlik edən şəxslərin mövcudluğu bu peşənin sözün əsl mənasında necə qədim olmasını bir daha təsdiqləyər. Amma zaman irəlilədikcə, bu sahəyə olan münasibət dəyişməyə başlayıb. Təəssüflər olsun ki, dayəlik bu gün iş tapa bilməyən və ya işdən qovulan orta yaşlı qadınların yeni qazanc yerinə çevrilib. Belə qadınlar öz övladlarını böyütdükləri üçün bu sahədə yetərincə təcrübəli olduqlarını düşünürlər. Səbəbi isə budur ki, bizdə dayə sadəcə uşağın yeməyinə, geyiminə nəzarət edən, vaxtında yatıb-durmasını təmin edən və bəzən də ev işlərində köməkçi olan biridir. Əgər bir qadın bunları bacarırsa, deməli, o, normal dayə hesab oluna bilər. Bu düşüncələr isə dayəlikdən daha çox, xidmətçi peşəsinə uyğun gəlir. Ona görə də illərdir bu sahədə inkişaf yox, əks proses yaşanır. Yəni dayəliyə hər kəsin görə biləcəyi bir iş kimi baxılır. Psixoloqlar dayə seçərkən bəzi şərtlərə və qaydalara əməl olunmasını zəruri sayırlar. Dayə seçərkən onun hansı müddətə uşaqla məşğul olacağına və ailənin bir üzvü kimi qəbul olunmasının mümkünlüyünə diqqət etmək vacib şərtlərdən biridir. Bundan başqa dayənin uşaqla münasibəti, səmimiliyi, ixtisasını bilməsi çox vacibdir. Uşaq haqqında tibbi, psixoloji, pedaqoji biliklərə malik olması, ümumiyyətlə, uşaqlarla iş təcrübəsi nəzərə alınmalıdır. Yaxşı olar ki, dayə seçərkən onun hansısa müəssisələrdə uşaqlarla olan iş təcrübəsinə önəm verilsin.
Dayənin nitq qabiliyyəti, uşaqla ünsiyyətdə rəvan danışmağına da diqqət edilməlidir. Təbii ki, nə çox yaşlı, nə də çox gənc dayələr məsləhət görülmür. Çünki müəyyən yaş dövründən sonra insanın uşaqlarla işləmək üçün səbri olmur. Bununla yanaşı, psixoloqların fikrincə öz övladı olmayan, ana olmayan kəslərin dayə kimi seçilməsi məsləhət görülmür. Dayələrin tez-tez dəyişdirilməsi də valideynlərə vaxt və müəyyən qədər pul itkisi deməkdirsə, həmin dayə ilə vaxt keçirən uşaq üçün də psixoloji problem deməkdir. Çünki o, yeni dayəyə alışmağa çalışarkən onun başqa biri ilə əvəzlənməsi uşaqda psixoloji sarsıntılara səbəb ola bilər.
Həmçinin, dayənin müasir texnologiyalarla da işləmək bacarığı, dil bilmək qabiliyyəti, uşağın suallarına cavab verəcək bir səviyyədə olması onu seçərkən vacib meyar olaraq nəzərə alınmalıdır.
Ölkəmizdə dayəliklə bağlı ən ciddi problemlərdən biri bu sahə ilə məşğul olan insanların hüquqlarının pozulmasıdır. Çünki onlar müqavilə bağlaya bilmirlər, əmək hüquqları tanınmır, sosial müdafiə və vergi orqanlarına ödəmələrdən yayınırlar. Bu sahədə maarifləndirmə işi aparılmadığına görə, onların işi formal xarakter daşıyır. Belələri sosial təminat, pensiyalar məsələsində problemlər yaşayır, bu imkanlardan məhrum olurlar. Bu gün dayələrin təhsilli olmaması da mühüm bir problemdir. Çünki dayələr üçün konkret bir məktəb yoxdur. Buna görə də dayədən nələrin tələb olunması, onun hansı keyfiyyətlərə sahib olması hələ də müzakirə mövzusudur. Müasir dünya praktikasından hər kəsə məlumdur ki, dayələr ali təhsilli olmaqla yanaşı xüsusi təlimlər də keçməlidirlər. Ölkəmizdə isə belə təlimlərin, təhsilin olmaması onların özlərinin də, gələcəkdə öz hüquqlarından xəbərsiz olmalarına gətirib çıxarır. Onlar şəxsi münasibətlər hesabına işə düzəlirlər, işdən çıxarılarkən isə əvvəlcədən xəbərdar edilmirlər. Bəzən müqavilələrin olmamasında dayələr də maraqlı olurlar. Çünki onlar dövlətə vergi ödəmək istəmirlər, amma bunun hüquqi tərəfləri ilə də maraqlanmırlar.
Dayə, ana, yoxsa bağça?
Bu danılmaz faktdır ki, ana qayğısı və sevgisi digər alternativlərdən daha üstündür. Uşaqların uzun müddət dayə ilə birlikdə olması valideynlə olan münasibətlərinə də təsir edə bilir. Çünki adətən, belə uşaqlar valideyindən daha çox, dayə ilə vaxt keçirir və nəticədə yalnız onun dediklərinə əməl etməyə, hətta onu doğma ana kimi qəbul etməyə başlayırlar. Bu isə həmin uşaqların psixologiyasında çox pis fəsadlar yarada bilər. Sosioloqlar da uşağı dayənin, yoxsa valideynin tərbiyə etməsi mövzusunun hər zaman mübahisə doğurduğunu deyirlər. Bəs müasir ailələrimiz bağçalara nə dərəcədə etimad edirlər? Təbii ki, bu ciddi faktdır ki, uşaq bağçalarının uşaqların həyatında, onların sosiallaşmasında, lap körpə yaşlarından kollektivə uyğunlaşmasında böyük rolu var. Uşaq yaşlarında bağça təhsili almış uşaqlar gələcək həyatlarında daha inamlı, qərarlı ola bilirlər. Özünümüdafiə instinki də bağçaya getmiş uşaqlarda daha yaxşı formalaşır. Bir sözlə, uşaq bağçası olmadan təhsil sistemi natamamdır, ifadəsi tam doğrudur.
Dayələrin qiyməti?
Artıq bu sektorda da özünməxəsus bir biznes yaradılığı üçün dayələrin göstərdikləri xidmət müqabilində qiymətləri bizi də maraqlandırdı. Bu qiymətlər orta məvacibli ailənin büdcəsini aşsa da, onlara müraciət edənlər heç də az deyil. Bəzi dayələrin bir aylıq qulluğuna uşağın qidası, yatmağına nəzarətlə yanaşı, ona müxtəlif şeirlər, mahnılar həmçinin rus və ingilis dili öyrətmək də daxildir. Dayələr sutka ərzində 7-8 saatlıq iş üçün ayda 500 manat tələb edirlər. Bəzi dayələr isə əsasən, səhərdən axşama qədər iş saatı üçün 300-350 manata da razılaşırlar.
Bu mövzunu araşdırarkən valideynlər arasında sorğu keçirdik. Tanınmışlardan uşaqları kimə etibar etməyin optimal variant olması barədə soruşduq. Buyurun, bu da cavablar:
İradə İsaq (telejurnalist):
– Düşünürəm ki, körpə yalnız nənələrə, xalalara, bibilərə etibar oluna bilər. Amma məncə, bağçaların da üzərinə böyük məsuliyyət düşür. Hər halda, onlar hüquqi təşkilatdır. Burada uşaqlar kollektivçiliyi mənimsəyə bilər. Uşaqlar körpə ikən cəmiyyətdə davranışı öyrənər.
İradə Tuncay (“Ədalət” qəzetinin baş redaktoru, yazıçı):
– Hər şey dayələrin və bağçada işləyənlərin vicdanından asılıdır. Amma fərdin sosiallaşması üçün bağçaya getməsi daha münasibdi. Şəxsən mənim uşaqlarım kiçik olanda dayə tutacaq pulum yox idi, bağçaya gedirdilər. İndiki dövrdə isə onsuz da hərə öz imkanına görə hərəkət edir.
İlkin Quliyev (Kars Qafqaz Universitetinin müəllimi):
– Uşaqları valideyndən başqa kim daha yaxşı tərbiyə edə bilər ki. Amma mən oğlumu bağçaya qoymuşam. Ancaq bunun kifayət etmədiyini gördüm, əlavə olaraq kursa da yazdırmışam. Həftənin tək günləri bağçaya, cüt günləri kursa gedir. Kursda ingilis dili, şahmat, rəqs, oyunlar, oxuma, hərfləri öyrənmə və s. ilə məşğul olur. Amma dayə məsələsi boşdur. İndiki dayələr daha çox serialları izləyəcəklər, nəinki uşağın hərəkətlərini.
Rəşad Abbaslı (AU-nun tarix müəllimi):
– Övladın tərbiyəsində ən etibarlı tərəf valideynlərdir. Kiçik yaşlarında bağçalar, böyüdükdə isə, səviyyəli məktəblər və düşdüyü mühit onlara təsir edə, gələcək həyatlarında mühüm rol oynaya bilərlər.
Məlahət Şahverdiyeva (həkim):
– Fikrimcə, uşaqlar, ilk öncə ana qayğısı görməlidirlər. Heç bir dayə ana nəvazişini əvəz edə bilməz…
Mehriban Şivəxanova (müəllimə):
– İndiki dövr üçün bir az çətindir nəsə demək. Mən ən əvvəl valideynin özünə üstünlük verərdim. Bacardıqca valideyn özü baxmalıdır uşağına. Amma məcbur qalanda bağçaya üstünlük verilməlidir. Çünki ən azı bağçada təhsilli müəllimlər, sağlam insanlar işləyir. Bağça birbaşa dövlət nəzarətindədir, hər 6 aydan bir işçilər həkim nəzarətindən keçirlər. İctimai bir yerdir, burada uşaq həm də cəmiyyətə çıxmağı öyrənir. Amma tanımadığın bir dayənin nəinki fiziki, heç psixoloji sağlamlığından da xəbərin olmur. Dayənin öz tərbiyəsinin nə dərəcədə olduğunu bilmək olmur. Sonra uşaq da ondan pis vərdişləri götürə bilər. Bağçada uşağa daha məsuliyyətlə yanaşırlar. Dayə vəzifəsini ancaq uşağı yedizdirib, bir az həyətdə gəzdirməklə başa çatdırmış hesab edir. Bağçada isə tərbiyəçi müəllim ayrı olur, dayə ayrı olur. Ona görə də, düşünürəm ki, bağça daha etibarlıdır.
Ülviyyə Rəhimova (AU-nun kafedra müdiri):
– Hesab edirəm ki, ən yaxşı dayə belə uşaqlara onların öz yaşıdları ilə paylaşacağı şeyləri verə bilməz! Amma bununla yanaşı, bağçaya gedən uşaqların tərbiyəsində valideynlərin mütəmadi olaraq nəzarəti və təsiri olmalıdır. Valideyn öz övladının hər gün yeni öyrənəcəklərini düzgün istiqamətləndirməyi bacarmalıdır.
Nəzakət Nərgiz (şairə):
– Mən bağçanı seçərdim, uşaqlar hər halda cəmiyyət arasında olsa, daha etibarlı olar.
Unutmaq olmaz ki, qadın cəmiyyətdə nə qədər aktiv olursa-olsun, əgər artıq o övlad sahibidirsə, ana statusunu daşıyırsa, onun ən uğurlu kariyerası da elə övladlarının sağlam, xoşbəxt, qayğısız və güvənli bir həyatının olmasıdır.