İmran KƏRİMOVun təqdimatında...
6 yaşım olanda bir gün anam məni varlı olan bir qohumgilə, atamın bibisigilə apardı. Həmin günü kübar həyat sürən, Sumqayıtın mərkəzi yerlərindən biri olan 4-cü məhəlləsində qalan həmin qohum ilə birlikdə onun bağına , ad günü məclisinə getmək üçün Lenin küçəsinin ( indiki Azərbaycan prospekti) kənarında maşın gözləyirdik. Zərifə bibi kasıb yaşamasa da mənim gözümdə o zaman çox sadə görsənirdi. Üstəlik o mənim xətrimi çox istəyirdi. O gün həyətin çıxacağındakı kitabxananın yanında duran zaman da məni yanında saxlatmışdı və anamla söhbət edə-edə ara-sıra başımı tumarlayıb öpürdü ki, bundan da mən pişik kimi xoşhallanırdım.Birdən durduğumuz yerin qabağındakı yolda, düz qabağımızda “QAZ-24” markalı “Volqa” maşını peyda oldu və elə tormozladı ki, onun səsi bütün ətrafdakıların diqqətini özünə cəlb etdi.O zaman adətən vəzifəli adamların ailələrini aparıb-gətirən qara “Volqa”nın içindən bir əcaib gövdəli, qorxunc baxışlı, namütanasib bədənli dolu qadın düşdü və yaxın 50 metri üzərinə vurulan ətir ilə bürüyərək birbaşa “bibimin”üstünə gəldi. Onunla o qədər öpüşdü, görüşdü, qucaqlaşdı ki, mən artıq üzərimdəki bu səhnədən usandım və boynum ağradı. Üstü-başı çoxsaylı lazımsız sarı dəmir-dümür:üzük,sırğa , boyunbağı və s. olan naməlum cinsə aid olan həmin qadın bibidən qurtaran kimi başladı eyni “marc-murç”iə məni öpməyə. Əlindən güclə qutardım. Əgər öpüş presoduru, yağışı bir qədər də gec qutarsaydı ətir iyindən gox guman elə oradaca uşaq ikən boğulub öləcəkdim.Hələ üzümün pomadadan qırmızı dodaq ləkələri ilə dolmasını demirəm.Tanımadığım qadın sonda kobud kişi səsi ilə “ Allah saxlasın, nə qəşəng uşaqdır”deməyi də unutmadı. Ancaq bibidən soruşanda ki, “bu sizin nəvənizdir?” və cavab alanda ki,” yox Nazlının uşağıdır” pis oldu, sifəti bir qədər də qorxunc görkəm aldı.Sanki, mən bir dəqiqənin içində onun gözündə çirkləndim, kasıb uşağını öpdüyünə görə peşiman oldu. Bu zaman imkanın olsa idi onun iyrənc öpüşlərini sifətimdən “çıxarıb” ifritə dodoqlarına qaytarardım. Bu məqam bir qədər qıraqda duran anamın da nəzərindən qaçmadı.Həmin günün axşamı oz hisslərimi, fikirlərimi dünyada mənə ən yaxın olan insanla-anamla bölüşəndə o bir pedaqoq kimi çox sevindi ki, mən uşaq olsam da, insanların əməllərində çox zaman səmimi olmadıqlarını artıq sezə bilirəm.O günü mən Allaha şükür etdim ki, o mənə yaxşı ana və iti müşahidə qabiliyyəti verib.