Səbinə DƏNİZin təqdimatında “Qonaq otağı” rubrikası
Onu tanıyan hər kəs məhəbbət şairi adlandırır. Hər dəfə yandırıcı eşq hekayətlərinə, ümidlə aldadıcı duyğuları ilə başbaşa qalıb, necə mübarizə apardığından bəhs edən şeirlərinə daldıqca, düşünürsən ki, yəqin bütün həyatı elə qaynar sevgi dastanlarından ibarətdir…O isə hər dəfə cavabı ilə səni şaşırda bilir – “Mənim sevgi dəftərimin üstünü illərin, bəlkə də əsrlərin tozu basıb. Qatlayıb, qoymuşam bir kənara. Bir şeyə ki, inanmırsan, özünü aldatmağa nə lüzum var ki…Mənə elə ilk sevgi nağıllarım kifayət edir. Onları daşıyıb bu günə gətirməmişəm. Qoymuşam keçmişimdə. Bu günümə gətirsəydim, kirləndirərdim o ülvi hissləri. İçimdə nakam eşqlərimdən hörülmüş başdaşılardan ibarət böyük bir qəbiristanlığı yaşadıram mən…”
“Ulduzlu axşam”ın qonağı Babadır – çoxlarının sevgi şairinə çevrilmiş əməkdar incəsənət xadimi Baba Vəziroğlu.
– Baba müəllim, son vaxtlar efirdə az-az görünürsünüz. Əvvəllər sizi efirdə daha tez-tez görürdük, verilişlərdə, yarışmalarda, şou-proqramlarda… Bu görünməmək nə ilə bağlıdır?
– Bilirsiniz, belə bir hikmət var ki, insan ömrü boyu nə isə axtarır, tapmağa çalışır, lakin sonda anlayır ki, bu axtarılanların hamısı mənasızdır, nə varsa onun özündə var, daxilində var, yenidən özünə qayıdır və artıq axtarmaqdan usanır. Görünür, bunun üçün mütləq bir həqiqətə gəlib çıxmaq lazımdır – insanın ən böyük səyahəti öz içinə olan səyahətidir. Kənarda heç nə yoxdur, insan nə varsa özündə, öz içində axtarmalıdır. Bu mənada mən də artıq o qənaətə gəlmişəm və o həqiqətə çatmışam ki, yenidən özümə qayıdım.Hətta düşünürəm ki, mən lazım olandan da çox efirlərdə görünürəm, çünki bir qələm adamının, bir şairin efirdə bu qədər çox görünməsi hətta bəlkə bir az ayıb sayılar. Çünki artistlər, müğənnilər çox görünər, ədəbiyyat daha ciddi sahə olduğu üçün, ədəbiyyat adamının ekran vasitəsi ilə çağrılmamış qonaq kimi evlərə dürtülməsi bir az ədəbsizlik olar. Ona görə də müəyyən qədər çalışıram ki, bir az o ədəb-ərkan qaydalarını qoruyum. Amma son vaxtlar daha çox canlı görüşlərə üstünlük verirəm və görürəm ki, bu soyuq efirdən daha effektlidir. Çünki soyuq ekrandan məhəbbətin istiliyi gəlib çata bilmir.
– Ədəbiyyatın bugünkü durumundan danışaq – vəziyyət sizi qane edirmi?
– Reallıqla barışmalıyıq. Təhsil naziri Misir Mərdanovun yaxşı bir sözü var: Cəmiyyətimizdə vəziyyət necədirsə, təhsilimiz də o səviyyədədir. Bu fikri bütün sahələrə aid etmək olar, cəmiyyətimizdə durum necədirsə, ədəbiyyatda da o cürdür.
Dəyərlərimizin, kriteriyalarımızın, ölçülərimizin dəyişildiyi bir dövrdə artıq suların durulmasını izləyirik. Artıq ədəbiyyatda da hər şey aydınlanır, kimin kim olduğu üzə çıxır. Məlum olur ki, kim ciddi işlə məşğuldur, kim baş aldadır. Sevindirici haldır ki, şou ilə ədəbiyyat artıq bir-birindən aralanır.
– Ədəbiyyat cəmiyyətdən bir addım öndə olmalı deyilmi?
– Bəli, əlbəttə, ədəbiyyat cəmiyyətdən həmişə öndə olmalıdır. Bir az kobud səslənsə də, kütləni öz arxasınca aparmalıdır. Amma bəzən sənət o qədər geridə qalır ki, kütlənin səbri çatmır və onu vurub keçə bilir, bəzən isə kütlə ilə sənət yerində addımlayır – bu isə lap dəhşətdir, çünki sənət kütləyə hesablananda və onun zövqünü oxşayanda daha dəhşətli bir mənzərə yaranır. Onda bütün “astanovka” mahnıları, bir gecənin içində şair və bəstəkar olanlar rahatlıqla meydana çıxır. Ümumiyyətlə, təkrar edirəm ki, sənət kütləni öz arxasınca çəkib aparmaq gücündə olmalıdır, yoxsa kütlə Üzeyir bəyə qulaq asmaqdansa, təzə çıxmış bir uşağın cır səslə oxuduqlarına qulaq asmağı üstün tutar.
– İnternet əsrində yaşayırıq, necə düşünürsünüz, belə bir zamanda kitab öz yükünü qoruyub saxlaya bilirmi?
– İnternet əsri hər bir şeyə aiddir. Oxuduğumuz kitaba, eyni zamanda yediyimiz çörəyə . Biz min illərdir internet əsrində çörəkdən başqa bir şey yemədiymiz kimi, eləcə də kitabı heç nə əvəz etmir. Kitab çörəkdən də müqəddəsdir. Çörək maddi qidadır, amma kitab mənəvi qidadır və demək olar ki, çörəkdən daha üstündür. Kitabın ovqatını, aurasını adi soyuq ekran ilə əvəz etmək olmaz. Mən özüm də internet əsrinin adamı olaraq mütəmadi olaraq internetdən istifadə edirəm, ancaq heç nə mənim üçün kitabı əvəz eləmir. Mən hər gecə bədii ədəbiyyatı kitab şəklində oxumasam, yata bilmərəm. Mən hər gecə Çexovu, Dostayevskini, Mirzə Cəlili, Sabiri mütləq oxumalıyam. İnanın ki, internetdə son vaxtlar hay-küyə səbəb olan “Daş yuxular”ı oxumağa çətinlik çəkdim. Məndən bu barədə tez-tez rəy soruşduqları üçün, qərara aldım ki, oxuyub cavab verim, lakin internetdən oxumaq məndə çətinlik yaratdı.
– Bu, o deməkdir ki, siz “Daş yuxular”a münasibət bildirməyəcəksiniz?
– Təbii ki, oxuyandan sonra bildim ki, söhbət nədən gedir. Düşünürəm ki, bu, bir yazıçıya qətiyyən yaraşmayan bir hərəkətdir, yumşaq desək, sadəcə özüm utandım. Utandım ki, mən də həmin ordunun bir əsgəriyəm.
– Biz bilirik ki, siz bir çox mahnıların sözlərinin müəllifisiniz – hansı ki, o mahnılar həmişə sevilib, hitə çevrilib. Ancaq razılaşaq ki, son zamanlar bir çoxları mahnılarının hitə çevrilməsi üçün daha çox primitiv mövzulara üz tuturlar. Buna münasibətiniz necədir?
– Təbii ki, hər kəsin öz arşını var və hər kəs öz arşını ilə ölçür. Mahnının hitə çevrilməsi üçün nə primitiv söz gərəkdir, nə primitiv musiqi, nə də bayağı musiqi. Dinlədiyimiz rus və türk estradalarında belə mahnılar varmı? Alla Puqaçovanın, türk estradasından Barış Mançonun, Zəki Mürənin mahnılarını götürün- görün orda bir bayağı söz, bayağı musiqi və ya bayağı ifa varmı?! Amma görürük ki, onlar necə sevilir. Klassik şeirlər, dərin musiqi və əsrarəngiz, bənzərsiz ifa ilə bu ifaçıların mahnıları sevilir və hitə çevrilir. Görünür, bayağı mahnılar da hansısa auditoriyalara hesablanır.
Mənə sadəcə, bu barədə danışmaq ar gəlir. Auditoriyanı aldadanlar çox böyük namərdlik edirlər. Fərz edin ki, yaşlı bir adamın hesabdan başı çıxmır və sən satıcı olaraq onu aldadırsan, kələk gəlirsən, bu necə günahdırsa, auditoriyanı aldatmaq da o cür əməldir. Elə bil ki, “kitayski” malı tərifləyib deyirsən ki, 100 manatlıqdır, Amerikadan indicə gətirmişəm. Kütlənin zövqünə uyğun mahnıları ortaya çıxarmaq. Onu təbliğ etmək də buna bənzəyir – hətta böyük bir kütləni uçuruma aparmaq, bax, bu daha böyük cinayətdir. Cəmiyyəti necə mənəviyyatsızlaşdırmaq olar? – onun dəyərlərini əlindən almaqla, sənətin Üzeyir bəy deyil, Üzeyir adlı birisinin olduğunu təbliğ etməklə.
-Ümumiyyətlə, Baba müəllim, bilirik ki, şairlərin qəlblərinin yükü həmişə ağır olur və ürəkləri həmişə digərlərininkindən daha çox sözlə dolu olur. Şair olmaq çoxmu çətindir?
– Şair olmaq çətin və ya asan deyil, belə bir təsnifləşdirmə apara bilmərəm. Məşhur bir deyimdə deyilən kimi şair olmaq olmur, şair kimi doğulmaq olur. Amma şair doğulandan sonra gərək özünü yenidən şair edəsən, verilən bazanın üzərində ev tikə biləsən. Şair doğulmaq elə bil ki, sənə verilən boş bir həyətyanı sahə kimidir. Onun üzərində imarət ucaltmağı bacarmalısan. Gecə-gündüz zəhmət, mütaliə, dünyagörüşü, bədii təfəkkür, – bütün bunları inkişaf etdirməsən istədiyin nəticəyə, arzuladığın o imarətə sahib ola bilmərsən. Allahın verdiyi istedaddan doğru istifadə edə bilməyənlər ədəbiyyatda qala bilmirlər. Bu mənada şair doğulan insan, sonradan özünü şair kimi yetişdirməlidir, ancaq nəhayətində deyim ki, şair olmaq əlbəttə ki, çətindir.
– Keçmişə aid fakt olduğu üçün maliyyə məsələsi ilə maraqlanıram: sirr deyilsə, ilk qonorarınız nə qədər olub?
– İlk qonorarım təxminən 3 manat olub. 70-ci illərdə İsmayıllının “Zəhmətkeş” qəzetində dərc olunan ana haqqında şeirimə görə almışdım. Hətta o 3 manatla mən redaksiyanın bir neçə əməkdaşına nahar qonaqlığı da vermişdim. O vaxt o pula araq da içmək olardı, doğrudur, mən o vaxt orta məktəbdə oxuyurdum, araq içmirdim, ancaq qonaqlıq verdiyim işçilərə araq da almışdım.
– Müsahibələrinizin birində universitetdən qovulmağınızı etiraf etmisiniz, bəs övladınız universitetdən qovulsaydı, necə reaksiya verərdiniz?
– Qaliblər heç vaxt mühakimə olunmur. Universitetdən qovulmaq o vaxt üçün faciə idisə, sonradan həmin illərə boylanıb baxanda görünür ki, bu, qələbə imiş. Mən Azərbaycan Dövlət Universitetində iki dəfə oxumuşam: Bir dəfə məni qovdular, ikinci dəfə gecə-gündüz yatmadan oxudum və yenə qəbul oldum. Bu, kənddən gələn 16-17 yaşlı cavan uşaq üçün çox çətin idi. İkinci dəfə daxil olub təhsil alanda demişəm ki, mən sizin universitetin auditoriyalarına sığışmıram, gedib Moskvada oxuyacağam. Doğrudan da, sonra M. Qorki adına Ədəbiyyat inistitutuna daxil olub, oranı bitirmişəm. Daha sonra isə Bolqarıstanda ali tərcümə və ədəbiyyat kurslarını bitirmişəm.
– “İlk məhəbbət haqqında mənim belə bir qənaətim var ki, belə bir şey yoxdur, ilk sevgi məktubları yoxdur, bunu insan sonradan özü düşünür, uydurur, quraşdırır və sonradan bu nağıla inanmağa başlayır”. Bu sözləri deyən Baba Vəziroğlunun ilk sevigisi daşa dəyməyib ki?
– Təbii ki, mən bu sözləri səmimi demişəm. Həqiqət budur ki, insan çox şeyləri özü uydurur. İnsana bu nağılları uydurmaq və ona inanmaq lazımdır, yoxsa hesab edirəm ki, ona yaşamaq çox müşkül olar, bəlkə də mümkün olmaz. Bəlkə də insan digər ictimai varlıqlardan bununla fərqlənir. Poeziyamda da bu məqam qırmızı xətlə keçir, bir şeirimdə deyildiyi kimi:
Gerçəkdi yoxsa yalan
Gəlib keçdi nə zaman
Sevginin ömrü bir an
Qalanı xatirədir
Görürsünüz insan bir an sevir və ömrü boyu xatirələrlə yaşayır. Amma biz bəzən deyir ki, filankəsi ömrü boyu sevəcəyəm, halbuki, sevginin ömrü bir andır, qalanı isə xatirədir.
– Artıq gecikmişəm getdi o qatar
Daha hə deməyin nə mənası var
İndi gücüm bircə qarğışa çatar
Dilim quruyardı yox deyəndə mən
– Həyatınızda çata bilmədiyiniz qatarlar çoxmu olub?
– Əlbəttə ki, həyatımızdakı hər ötən an hər gedən qatar deməkdir və o anla bağlı hər şey ötüb keçir. İlk məhəbbət, ilk sevgi məktubları, ilk dərs günü, ilk müəllim-hər şey o anla, o məqamla ötüb keçir. Bizə isə yalnız o qatarın dalınca baxmaq qalır.
– Ömrü boyu sevgidən yazan Baba Vəziroğlu elə çıxmırmı ki, hələ də sevgisinə çata bilməyib?
– Yox, çatsa həyatı bitər, əlbəttə ki, hər şey bitər. İnsan doymuş məhlula çevrilər, bu zaman isə o heç kimə gərək deyil – nə cəmiyyətə, nə ailəsinə, nə poeziyaya, nə də dünyaya. Bu mənada insan həmişə nəyinsə həsrətində, intizarında olmalıdır, nəyinsə nigarançılığın çəkməlidir. Mən həmişə elə bil o gərginlik içərisindəyəm, nigaranlıq içərisindəyəm. Bəlkə də məni elə həmişə ayaqda saxlayan, formada saxlayan o gərginlikdi, nigaranlıqdı.
– Baba müəllim necə babadır, nəvələrinizlə aranız necədir?
– Yəqin ki,onu nəvələrimdən soruşmaq lazımdır. Ancaq mən özüm qədər uşaqları sevən çox az adam tanıyıram, özü də heç bir doğmalıq və ya yadlıq kimi ayrıseçkilik etmədən. Mən bütün uşaqları sevirəm – fərq etmir, ya mənim nəvəm olsun, ya rusun, ya da əstağfurullah erməninin. Uşağın milliyyəti yoxdur. Mənim qədər bütün insanlar uşaqları sevsəydilər, yəqin ki, dünyada nə müharibələr olardı, nə siyasi oyunlar üstündə qanlar tökülərdi, nə də bu qədər yamanlıq olardı. Uşaqları sevmək lazımdır, uşaqlar Allahın elçiləridir. Təbii ki, müəyyən yaşlara qədər. Müəyyən yaşlara kimi böyüyüb həyatın pisliklərini öyrənirlər, bax o zaman hər şey bitir. Bu mənada mən öz balaca nəvələrimi çox sevirəm. Nəvələri sevmək asandı, biz əslində maddiyatçıyıq, oğul odur ki, bütün dünyadakı uşaqları eyni cür sevə bilə.
– “Məndən bir də olmayacaq” deyən Baba müəllimə elə gəlir ki, ondan həqiqətən bir də olmayacaq?
– Əlbəttə ki, amma onu sizin düşündüyünüz mənada söyləmirəm. Çoxları elə düşünür ki, bu, eqoizmin nəticəsidir, şair deyir ki, məndən bir də olmayacaq. Lakin bu bütün insanlara aiddir, heç kimdən heç vaxt bir də olmayacaq. Əslində, bu bir çağırışdır, bir haraydır ki, ay insanlar, ay dostlar, gəlin bir-birimizi qoruyaq. Heç vaxt bir-birimizi əvəz edə bilmərik.
– Son kitabınız “Səndən nigaranam” adlanır. Kimlərdənsə, nələrdənsə nigaransınız?
– Mən ömrü boyu nigaran olmuşam. Mənə elə gəlir ki, dünyada xalq bölgüsü ilə götürsək, ən nigaran xalq elə bizim xalqdır. Bilirsiniz, bu, qəribə bir milli xüsusiyyətdirmi, bir mental keyfiyyətdirmi bilmirəm, ancaq biz həmişə hər şeydən nigaranıq. Elə mən özüm də həmişə hər kəsdən nigaranam. Bakıda yaşamağıma baxmayaraq, həmişə İsmayıllının o ucqar nöqtəsindəki kəndimiz üçün, doğmalarımız üçün, həyətimiz üçün, hətta pişiklərimiz üçün də nigaranam. Fikirləşirəm ki, onlar necədi, nə yedilər, hava necədi, necə dolanırlar və s. Ümumiyyətlə, böyük mənada İsmayıllıdan, ölkəmizdən, dünyamızdan nigaranam.
– “Haçan dönsən, onu bil, bağışlaram səni”. Bu sözlər də sizə aiddir. Baba müəllim bağışlaya bilirmi? Bir də nələri bağışlaya bilməz?
– Əgər böyük Allah bağışlayandırsa, biz kimik ki, bağışlamayaq?! Bütün dinlərdə deyilir ki, heç kimi ittiham etmə – özün ittiham oluna bilərsən, heç kimi qınama – özün qınanıla bilərsən. Təbii ki, elə şeylər var ki, onları heç kim bağışlaya bilməz. Xəyanəti yəqin ki. Özü də dar mənada yox, yalnız ailə daxilində yox, bütün mənalarda xəyanət bağışlanmazdır. Vətənə, xalqa xəyanəti necə bağışlamaq olar ki?! Xəyanət Allahın kitabında da bağışlanmaz günahların siyahısındadır. Xəyanət, məncə, dünyanın ən böyük cinayətidir. Müharibənin qızıl qanunlarından biri də elə bununla bağlıdır ki, xəyanətkarı heç məhkəməyə də çıxarmırlar, elə yerindəcə güllələyirlər.
– Səhv etmirəmsə 1500-ə qədər şeirinizə mahnılar bəstələnib. Maraqlıdır, bu uğurun sirri nədədir? Bunun bir resepti varmı?
– Bəlkə də bu, naxışdır. Azərbaycan mahnı janrında bu, artıq bir rekorddur. Hesab edirəm ki, bunun çox səbəbləri var. Mahnı janrının tələblərinə yaxınlıq, o tələblərlə işini qurmaq, yaxşı mənada müəyyən biclikləri tutub, onlardan istifadə etmək və s. də burda rol oynaya bilər. Hər gözəl şeir də mahnıya çevrilə bilməz, mahnı janrının mətbəx sirləri var ki, onları bilib, tətbiq etmədən mahnı sözləri yazmaq çətindir.
– Son dövrlər gənclər ədəbiyyatda daha çox aktivləşib. İnternet ədəbiyyatında, müasir dövrdə nəşr olunan dərgilərdə, qəzetlərdə demək olar ki, gənclər öz sözlərini rahatlıqla deyə bilir. Bilmək istərdim, müasir dövr ədəbiyyatı ilə maraqlanırsınızmı və kimləri oxuyursunuz?
– Təbii ki, hamısı ilə maraqlanıram, oxuyuram və izləməyə çalışıram. Əksəriyyəti mənim “Facebook” dostlarımın sırasında olduğundan onlarla vaxtaşırı yazışıram və hamısının çap olunan kitablarını alıb oxumağa çalışıram. Yaradıcılıqlarını izlədikcə çox fərəhlənirəm, həqiqətən sular durulanda mən meydanda cavanları görürəm. Salam Sarvan, Aqşin Yenisey, Sevinc Çılğın, Günay Ümid, Sevinc Pərvanə və s. onlarla belə gənc yazarları mütəmadi olaraq izləyirəm. Ancaq sizə bunu da deməliyəm ki, bütün bunların xaç atası mənim ən böyük dostum, ən böyük doğmam Rafiq Tağı idi. Təəsssüf ki, biz onu çox tez itirdik. Rafiq Tağı gənc nəslin, gənclik ədəbiyyatının flaqmanı idi, bayraqdarı idi. Onun itkisi mənim üçün son illərin ən böyük faciəsidir.
– Nə vaxtsa sənətdən siyasətə gəlmək iddianız varmı?
– Yox, heç vaxt belə iddiam olmayıb. İmkanlar çox olsa da, lakin bu heç vaxt olmayıb və olmayacaq. Çünki, mən siyasət adamı deyiləm. Amma əslində yazıçı elə ən böyük siyasətçidir. Yazıçı-söz adamı siyasi partiyalar ilə deyil, böyük mənada dünya ilə müxalifətdədir, savaşa girir, dünya ilə razılaşmır. Ümumiyyətlə, yazıçı əslində böyük bir siyasətçidir, onun gəlib xırda şəkildə hər hansı bir partiyanın daxilində olması, siyasi kürsülərdə əyləşməsi, təbii ki, yazıçıya yaraşmaz. Bir də görürsən ki, illərlə sətirlərlə əlləşib-vuruşan biri sonda gəlib hansısa siyasi kürsüdə kimisə yamanlayır, bu yazıçıya heç cür yaraşmır. Yazıçı göylərin adamıdı, kainatın vətəndaşıdı.
|
|
|
|
|
|
|