Utandıran tablo

1045

17-ci turdan sonra premyer-liqanın turnir cədvəlinə “İnter” başçılıq edir. Nə qədər qəribə olsa da, Tsxadadzenin komandasınının təqibçisi özgəsi yox, elə doğmaca “qardaşı” “Simurq”du. İndiyə qədər bu iki klubun əlaqələri haqqında o qədər danışmışıq ki, bütün deyilənlər ucuzlaşıb, dedi-qodu səviyyəsinə enib. Bu mövzuda yeni nəsə söyləmək də çox çətindi. Bir halda ki, “İnter”lə “Simurq” bir-birinə verdikləri dəstək sayəsində turnir cədvəlinin ilk iki pilləsini özəlləşdiriblər, qoy yerdə qalan 10 klubda səylərini birləşidirib, onları taxtdan endirsinlər. Bilirəm, təklifim qeyri-ciddi səslənir. Amma çempionatın hazırki durumu “Ayı və şir” təmsilini çox xatırladır. Orta məktəb kitablarından yadınızda olar, ayıyla şir birlikdə ovladıqları dovşanı bölə bilmirlər, axırda da şikarları çoxbilmiş tülküyə qismət olar. Məsəli “bankir qardaşlardan” uzaq olsun. Mən heç kimi heyvana bənzətmək fikrində deyiləm. Bununla belə, oxşarlığı inkar eləmək də olmur. Fakt odur ki, ölkə futbolunun flaqmanı saydığımız “Neftçi”, “Avropa fatihi” dediyimiz “Qarabağ”, özünü “Qafqazın Çelsisi” sayan “Xəzər Lənkəran”, Biləcəridə inşa etdiyi bazada hər ay mötəbər qonaqları qəbul edən “Bakı”, bir sözlə, danışanda iddiası yerə-göyə sığmayan ölkə klubları Tsxdadadzeylə Çixradzenin komandalarına aşağıdan yuxarı baxmağa məhkumdu. Gürcü çalışdırıcıların əməyinə zərrə qədər də şübhə etmirəm. Lakin, “İnter”in bu formada Azərbaycan çempionatının lideri olması heç də ürəkaçan deyil. Bilirəm, dərhal bir ağızdan “niyə” deyərək, sual etdiniz. Diqqət yetirin, Kaxa biconun drujinası ilk “altılıq”da yer alan komandaların içində ən az qol vurandı. Turnir cədvəlinin 10-cusu “Sumqayıt” 15, 11-ci sıradakı “Rəvan” 16 qolla “bankirlərdən” cüzi fərqlə geri qalır. “İnter”in qapısında ən az qol görən komanda olmasını da gözardı etmirəm. Geridə qalan turlar ərzində rəqiblər “bankirlər”in qapı torunu cəmisi altı dəfə silkələyə biliblər. Amma bu fakt heç də liderə qürrələnmək haqqı vermir. Axı, futbol mübarizə, qol vurmaq oyunudu. Təsəvvür edin ki, hər hansı komandanın əvvəlcədən 0:0 hesablı heçheçəyə oynayacağı bilinirsə, onda həmin komandaya azərkeş marağı oyanarmı? Avrokubok imtahanı sübut etdi ki, gürcü çalışdırıcının ultramüdafiəyə hesablanmış taktikasıyla uzaqbaşı Estoniya klublarını yolundan kənarlaşdıra bilərsən. Növbəti mərhələdə qarşına səndən də yaxşı müdafiə olunmağı bacaran klub çıxınca bəxtdən gileylənməyə başlayırsan. Qayıdaq “İnter”in bu mövsüm rəqib qapılarına vurduğu 17 qola. Ən maraqlısı odur ki, həmin qolların təxminən 25 faizi, yəni beşi “Kəpəz”in qapısına vurulub, daha dörd dəfə “Rəvan”ın qolkiperi Davud Kərimi “İnter”li futbolçuların zərbəsindən sonra topu tordan çıxarmalı olub. Deməli, “bankirlər”in vurduğu qolların tən yarısından çoxu tunrir cədvəlinin sonuncu sıralarındakı komandaların bəxtinə düşüb. “Turan” da qonşusu “Kəpəz” kimi “İnter”dən səxavətini əsirgəməyib. Belə ki, tovuzlularla oyunda da “bankir”lər beş dəfə qol sevinci yaşayıblar. Bilirəm, artıq gülməyə başlamısız. Doğurdan da gülünc mənzərədi ki, premyer-liqanın lideri bu mövsüm vurduğu on yeddi qolun on dördünü “Kəpəz”, “Turan” və “Rəvan”ın qapısından keçirib. Qalan üç topdan yalnız biri “İnter”in mükafatlar uğrunda yarışda rəqibi olacağı dəqiqləşən “Qarabağ”ın qapısına vurulub. Belə ki, Baçana Tsxadadzenin məyus etdiyi “Simurq” “İnter”in rəqibi sayılmır. Bu qəribə statistika cənab Tsxadadze üçün yaxşı sonluq vəd etmir. Təsnifat mərhələsində güclü rəqiblərlə oyunları qolsuz bərabərliklərlə yol verib, nisbətən zəiflərdən 3 xal qazanmaqla güclü komanda obrazı yaratmaq olar. Amma mükafatlar uğrunda yarışda, yəni ilk “6-lığ”ın oyunlarında belə qısır hücum xəttiylə heç nə əldə etmək mümkün deyil. Hər halda, bunları təcrübəli çalışdırıcının özü və cənab Nikolov da nəzərə almamış olmazlar. Məni daha çox düşündürənsə hər imkanda Kaxaber Tsxadadzenin məşqçi bacarığını öyənlərin mövqeyidi. Anti-futbol oynatmaq nə vaxtdan məharət sayılıb? Məgər biz alman Berti Foqtsu qorxaq futbol oynatdığına görə qınamırıq? İndi herr Bertinin də haqqı var, dönüb desin ki, “ay məni bəyənməyənlər, bir baxın görün, sizin çempionatınızın lideri hansı komandadı?!” Bir-neçə il bundan əvvəl Əsgər Abdullayev çalışdırdığı “Olimpik”lə hamını təəccübləndirməyi bacarmışdı. Əsgər müəllim praqmatik oyuna üstülnük verərək, əsasən müdafiədən oynayır, komandası daha çox minimal hesablı qələbələr qazanırdı. Onda bəziləri az qalsın Abdullayevi futbolun düşməni elan edir, hər imkandaca çalışdırıcını praqmatik futbolu təbliğ etdiyinə görə qınayırdılar. Halbuki, Əsgər müəllim həmin vaxt məhdud büdcəylə qısa zamanda komanda yaratmağa, əlindəki oyunçularla kifayətlənməyə məcbur idi. Necə olur ki, eyni taktikadan özümüzünkü yararlananda onu düşmən elan edirik, amma əcnəbi praqmatik futbola üstülnlük verəndə dahi məşqçi hesab olunur?! Azərbaycan futbolunda belə qəribəliklər çoxdu. Odu ki, turnir cədvəli adlanan utandırıcı tabloya baxıb, təcili dərslər çıxarmaq lazımdı.

 

Amal Abuşov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər