Mənə elə gəlir ki, zaman keçsə də, nə Azərbaycan futbolu inkişaf edəcək, nə də futbolçularımız “artıracaq”. Deyəsən, çox bəd danışdım. Amma görəndə ki, futbol təsərrüfatımızdakılar futbolumuzun yerində saymağı üçün “əlindən gələni” edir, belə düşünməyə bilmirsən.
Yəqin ki, neçə il öncə “Yuventus”un çempion olmaq üçün bukmeker kontorlarından tutmuş hakimlərədək çoxlarıyla işbirliyi qurması, həmçinin bəzi alman hakimlərinin oyun alverində iştirakının aşkarlanması, eləcə də son günlərdə oyun alqı-satqısında günahlandırılan bəzi türk futbolçuların həbs olunması çoxunuza məlumdu. Deyirəm, yaxşı ki, biz nə italyan, nə də alman deyilik və nə yaxşı ki, bizdə bu tip məsələlərə türklər qədər ciddi yanaşılmır. Yoxsa, mövsümün sonuna yaxınlaşdığımız bir xalın “qızıl” qiymətinə olduğu bir vaxtda bəlkə də çempionat təşkil etməyə klub tapılmazdı. Hələ həbs olunmalı olan futbolçuları və hakimləri demirəm.
Hakimlərdən və futbolçulardan söz düşmüşkən, əgər hakimləri təhqir edənlər layiqli cəzasını alsaydı, onda nə eks “Xəzər-Lənkəran”lı Miroslov Saviç Azad Mütəllimova kəllə atar, nə də Səmədağa Şıxlarov Rauf Cabbarova sillə vurardı. Heç “Xəzər-Lənkəran” “Qarabağ” matçında Elnur Allahverdiyev də hakim Vüsal Əliyevi təhqir etməz və publika önündə nalayiq ifadələr işlətməzdi. Bu yerdə millinin üzvünə xatırlatmaq lazımdır ki, sən nə Roberto Karlossan, nə də başqa bir dünyaca ünlü müdafiəçi. Sən sadəcə, Elnur Allahverdiyevsən vəssalam. Hərçənd dünya ulduzları belə sənin səsləndirdiyin söyüşləri hakimə deməz.
Və ya başqa bir “kiçik” və “böyük” fakt: deyilənə görə, millimizin Lənkaranda keçirdiyi və məğlub olduğu Finlandiya qarşılaşmasından sonra yığmanın bəzi üzvləri “Dostum” kafesində əməllibaşlı kef ediblər. Necədir, sizin üçün?! İndi gəl milli üzvlərini tənqid etmə.
Siz heç hansısa avropa ölkəsində hansısa idman yazarı tərəfindən tənqid olunan futbolçunun həmin jurnalistə öz gücünü göstərmək istəməsi haqqında nəysə eşitmisiniz? Yəqin ki, yox, çünki bunu yalnız Azərbaycan futbolçusu bacarır. Məsələn, milli komandanın sabiq üzvü İlqar Qurbanov Portuqaliya matçından sonra bəzi həmkarlarımız tərəfindən tənqid olunmuş və buna görə də onlara güc göstərməyə cəhd etmişdi. Deyən lazımdı ki, ay İlqar, göstərəniydin özünü “Fənərbaxça”da göstərib klubda qalaydın, ya da “Sivasspor”da möhkəmlənəydin. Ən azından çoxlarının adını belə bilmədiyi “Boluspor”da duruş gətirəydin, heç olmasa.
Futbolumuzda belə hallar çox olsa da, yenicə qaysaqlanmış yaralarınızı qoparmamaq üçün hamsını demirəm. Amma bir şey də var ki, futbola xərclənən milyonların sadəcə havaya sovrulmasına göz yummaq da mümkün deyil.
Özünüz bilərsiniz cənablar, amma bu yolla inkişaf etmək olmaz. Oynayanda, daha doğrusu, oynaya bilməyəndə bir az utanmaq lazımdı. Yoxsa, sizin kimi…
Tural