Hər kəs öz düşüncəsi, davranışı , hərəkət və əməli ilə öz portretini yaradır, şəxsiyyətini formalaşdırır. Cəmiyyətdə sayılıb-seçilən şəxslər dövlət tərəfindən də rəsmən fərqləndirilməlidir.
Xalqın həmişə hörmət-izzət bəslədiyi, ehtiramla yanaşdığı Asif həkim bu günlərdə rəsmən fərqləndirildi- ona çoxdan layiq olduğu fəxr ad verildi. Asif Kalbalıyev Azərbaycan Respublikasının Əməkdar həkimi fəxri adına layiq görüldü. Onu tanıyanlar mənimlə şərik olarlar ki, onun xalq arasında onsuz da fəxri yeri var idi. İnsanlar onunla məclis-mərəkədə, xeyir-şərdə əllərini ürəklərinin üstünə qoyub, bağır basaraq xüsusi ehtiramla görüşür, isti bir hal-əhval tuturlar. Bu isti hal-əhval tutmağın, bu salaməleykümün özü çox mətləblərdən xəbər verir. Ona qarşı xalqın könlündən-gözündən gələn səmimi bir istək, özəl bir sevgi var. Xalq sevgisi gözlə görünür, lap uzaqdan belə hiss olunur.
Ən kiçik yazı belə özlüyündə bu günün salnaməsi, gələcəyə ünvanlanmış bir namədir. Bu səbəbdən indiki gəncliyin diqqətinə çatdırım ki, Asif həkimin atası Əbil kişi, anası Gözəl xanım Qubadlı rayonunun Göyyal kəndindəndirlər, sofulu tayfasına mənsubdurlar. Asif Əbil oğlu Kalbalıyev Laçın rayonunun məşhur Cicimli kəndində anadan olub. Yenə o müqəddəs torpaqları görməyən gənclərin yaddaşlarına yazmaları naminə deyim ki, Cicim ocağı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Füzuli ədəbi məktəbinin layiqli davamçısı, bütün türk dünyasının tanınmış övliyası Şeyx Mir Həmzə Əfəndi Seyid Nigarinin dünyaya göz açdığı, böyüyüb boya-başa çatdığı doğma kəndidir. Şeyx Mir Həmzə Əfəndi Seyid Nigari Göyyal camaatı üçün daha çox doğma və əzizdir. Belə ki, müqəddəs ocağın görkəmli nümayəndəsi Şeyx Əfəndi ( Göyyal camaatı Şeyx Mir Həmzə Əfəndi Seyid Nigarini belə tanıyırdı) çar Rusiyasının təqiblərindən yayınıb Göyyal kəndinin ərazisində yerləşən Hərtiz dağında bir müddət guşənişin bir həyat yaşamışdır. Sonradan tanınmış şeyxin Hərtiz dağının zirvəsində müvəqqəti yaşadığı və üzü qibləyə namaz qıldığı məkan ziyarətgaha çevrilmişdir.
Asif həkimin atası da həkim idi. Əbil həkim təyinatla Laçın rayonunun Cicimli kəndinə işləməyə göndərilmişdir. Sonra iş yerini dəyişmiş, uzun illər Qubadlı rayonunun Hal kəndində işləmişdir. Asif orta məktəbi Hal kəndində qurtardı. Ötən əsrin 70-ci illərində Hal kənd orta məktəbi bütün Azərbaycana səs salmışdır. Həmin illərdə məktəbi bitirənlərin əksəri yüksək qiymətlərlə ölkənin ali məktəblərinə daxil olurdular. Asif də həmin dönəmdə orta məktəbi bitirdi və Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olundu.
… Təyinatla Qubadlı rayonunun Xocahan kənd xəstəxanasına göndərildi. İlk əmək fəaliyyətinə buranın baş həkimi kimi başladı. Sonra onu yenicə tikilib istifadə verilmiş Qubadlı Rayon Mərkəzi Xəstəxanasına dəvət etdilər. Burada ona daha çox ehtiyac var idi. Xəstəxananın pediatriya şöbəsini ona etibar etdilər. Qubadlının işğalından sonra həkimlik fəaliyyətini Sumqayıtda davam etdirir.
Bu qısa qeydlər Asif həkimin ömürlüyündən çox kiçik epizodlardır. Onun avtobioqrafiyası barədə lap geniş yazmaq olar, ancaq bu ömür-günün hiss-həyəcanını, duyğu-düşüncəsini, əzab-əziyyətini sözlə ifadə etmək isə çox müşkül məsələdir. Onun yuxusuz gecələrində yaşadığı hissləri, keçirdiyi təlaş və həyəcanın rəsmini çəkmək isə mümkün deyildir. Bax çətinlik budur.
Həkim ailəsində dünyaya göz açan Asif el-oba camaatının həkimə isti münasibət bəslədiyini, xüsusi diqqət yetirdiyinin hər gün şahidi olurdu. Yeri gəlmişkən onu da qeyd edək ki, Asifin həkimlik peşəsini sevməsində və seçməsində atasının xüsusi rolu olmuşdur. Əbil həkim bütün övladlarının təlim-tərbiyəsi və təhsilinə xüsusi önəm vermiş və onları daim gələcəyə istiqamətləndirmişdir. Asif uşaqlıqdan bu yüksək amal- həkim olmaq arzusu ilə böyümüş və böyüdülmüşdür. İnsan candan-qandan bir işə bağlandıqda, peşəsini sidq ürəkdən sevdikdə-bu, onun həyat tərzinə çevrilir. Əyninə ağ xalat geyindiyi gündən həkimlik Asif Kalbalıyevin həyat tərzinə çevrildi. Peşənin insanın həyat tərzinə çevrilməsindən daha çox cəmiyyət faydalanır. Bütün insanların bu və ya digər dərəcədə cəmiyyət qarşısında peşə, sənət və ən ümdəsi bir mənəvi borcu vardır. Elə peşə və sənətlər vardır ki, cəmiyyət onların fəaliyyəti olmadan bu və ya digər formada keçinə bilər. Həkimlik isə tamam fərqli bir sənətdir. Adını unutduğum düha sahiblərindən biri ,çox doğru olaraq, buyurub ki, cəmiyyət həkimsiz və hakimsiz keçinə bilməz. Digər sənət və peşələrin daşıyıcılarından fərqli olaraq həkimlər özlərindən çox, başqaları, ümumən cəmiyyət üçün yaşayırlar.
Yadımdadır, Qubadlıda gecənin istənilən vaxtında Asif həkim şirin yuxuda olanda təlaş və həyəcanla onun qapısını döyər, yuxudan oyadardılar. O, xarakterinə sadiq bir adam kimi səbir və təmkinlə xəstə uşaqları müayinə edər, məsləhət verər, dərman-dava yazar və gülərüzlə yola salardı. Onun bir insan kimi təqdirəlayiq ən böyük keyfiyyətlərindən biri də budur. Həkim və bir insan kimi ona başucalığı və hörmət –izzət gətirən səbəblərdən biri elə bu sadəlik və səmimiyyət olmuşdur. Asif həkim bu el-oba məhəbbətini, xalq sevgisini elə bu yuxusuz gecələrində insanlara qarşı sərgilədiyi diqqət və qayğısı, yüksək mədəniyyəti, əxlaqi dəyərləri hesabına qazanıb. Onu tanıyanlar mənimlə şərik olarlar ki, onlarla dilsiz-ağızsız körpəni ölümün pəncəsindən elə həmin gecələrdə xilas edib. Yaxından-uzaqdan tanıdığım neçə valideyninin söhbətlərinin gerçək şahidiyəm: ” Uşaq ölümcül xəstə idi, Allahdan aşağı, Asif həkim həyata qaytardı”. Bu etiraf nidalarını Asif həkimi tanıyanların çoxları eşitmiş olar. Bu məqamda onu da əminliklə deyə bilərəm ki, Asif həkimi tanıyanların çoxu bu etirafların tam səmimi olduğunu təsdiqləyər. O da yadımdadır ki, vaxtilə Qubadlıda işıq üzü görən “ Avanqard” qəzetində Asif həkimlə bağlı bir neçə dəfə valideynlər tərəfindən yazılmış təşəkkür məktublarını oxumuşam.
O da yadımdadır ki, onun qəbuluna təkcə Qubadlıdan yox, qonşu rayonlardan- Laçından, Zəngilandan, Cəbrayıldan da müalicə üçün uşaqlar gətirirdilər.
Asif həkimdə əsl həkimə (pediatra) məxsus bir xarakter vardır. Dünyaca məşhur Hippokratın həkim barədə söylədiyi sözlər hələ də öz dəyərini qoruyub saxlayır :” Həkim soyuqqanlı , xoşxasiyyət və insanpərvər olmalıdır”. Asif həkim də zahirən fleqmatik görünür, səbir və təmkini ilə diqqəti cəlb edir. Bəli, o, həqiqətən, səbatlı insandır. Amma mənim qənaətimcə, daxilən coşqun, səmimi, diqqətli və qayğıkeş, son dərəcə məsuliyyətli bir insandır. Bu çətin ,və məsuliyyətli işində Asif həkimə uğurlar diləyirik.
Xeybər Göyyallı