Yazıçı Varis Yolçiyevin “Cənubda qar uçqunları” adlı hekayəsi Rusiyanın “LiFFt” ədəbiyyat dərgisində, “Xarici yazarlar” bölümündə dərc edilib. Bu hekayə daha öncə isə 32 milyonluq oxucusu olan məşhur Proza.ru portalında 4 həftə reytinq liderliyini qoruyub.
Süjet Rusiyanın Yessentuki kurortunda müalicə alan iki palata qonşusunun – azərbaycanlı Rəhman müəllimlə Qarabağda ermənilər tərəfində vuruşmuş rus Proxorun mübahisəsi üzərində qurulub. Nəsilləri döyüşkənliyi ilə tanınan, ona II Dünya müharibəsində Kerç uğrunda döyüşlərdə həlak olan babasının adı qoyulan Proxor ermənilər tərəfində vuruşmasını bir xristianlıq borcu hesab edir. Cavab olaraq Rəhman müəllim isə ona internet vasitəsiylə Kerçdə sovet ordusunun məğlubiyyəti ilə nəticələnən döyüşdə qarşı tərəfdə faşistlərin deyil, Vermaxt erməni legionunun 809-cu piyada batalyonunun dayandığını, demək, Proxorun sevimli babasını məhz ermənilərin öldürdüyünü sübut edir. Belədə, ermənilərə nifrəti yaranan Proxor müalicələri bitən və ayrıldıqları gün Rəhman müəllimə telefon nömrəsini verir ki, atəşkəs dayanıb, müharibə başlansa, mütləq ona xəbər etsin, o gəlib günahını yuyacaq.
Hekayənin əsas məziyyəti ondadır ki, ermənilərin Sovet xalqına, əsasən də ruslara xəyanəti, düşmən kəsilməsi məhz erməni mənbəsinə – tanınmış erməni tarixçisi Eduard Abramyanın “Erməni legionunun tarixi” kitabına istinad edilərək verilir ki, bu da informasiya alan üçüncü tərəfi tam inandırır.
Ümumiyyətlə, hekayədə Sovet tarixinin öz vətəndaşlarından gizlətdiyi, bu günə qədər aşkara çıxmayan dəhşət saçan faktlar yer alıb: 2-ci dünya müharibəsində ermənilər Qaregin Njde, Drastamat Kanayan (Dro) kimi mənfur komandirlər başda olmaqla 11 batalyonda SSRİ ərazisində yaşayan 20 mindən çox əsgərlə faşistlərin tərəfində vuruşublar. Daha 22 batalyonda on minlərlə erməni inşaat, rabitə, səhiyyə, avtomobil batalyonlarında faşistlərə xidmət edib. Bura SSRİ- nin hüdudları kənarında yaşayıb faşistlər tərəfində vuruşan daha on minlərlə ermənini əlavə etsək, qarşımızda tam bir mənzərə yaranar: az qala bütün xalqın satqınlıq və xainlik mənzərəsi.
Təsadüfi deyil ki, hekayə demək olar, hər bir nəsli 2-ci dünya müharibəsində itki vermiş rus xalqında bu qədər böyük maraq oyatmaqda, onlarda ermənilərə qarşı antisimpatiya yaratmaqdadır.