Vaxtın dəyəri və ya

1372

İnsanın canı alınanda ev ünvanına öncədən bildiriş gəlməlidir?

“Indiki gənclik dəbdəbəyə uyğun iyrənc hərəkətlər edir, şəxsiyyətlərə nifrət bəsləyir və böyüklərə hörmət etmir. Uşaqlar valideynləri ilə mübahisə edirlər, acgözdürlər və müəllimlərini dolayırlar”. Adama elə gəlir ki, yuxarıdakı fikirlər hal-hazırda çıxan hansısa qəzet və jurnaldakı müsahibədə ziyalı pensiyaçı tərəfindən səslənib. Biz ənənəvi olaraq yanılırıq: bu sözlərin, eramızdan 4-5 əsr əvvəl yaşamış qədim yunan filosofu Sokrata aid edilməsi ahtimal olunur. Hətta qədim Misir papirusların birində belə bir yazı var: “Dünya yaman dəyişib, hər yetən kitab yazmaq istəyir, uşaqlar valideynlərinə qulaq asmırlar.” Papirusda yazılanların axırına uğurla əlavə etmək olar:siqaret çəkirlər, narkotikaya aludə olurlar, əxlaqsızlığa, tüfeyli və mənasız həyata meyillidirlər. Bu onun göstəricisidir ki, müasir dövrdən və gənclikdən şikayət yeni deyildir. Ən azından rüşvətxorluq və yaltaqlığın tarixi qədər qədimdir.

Buna rəğmən əsrlər keçir, yüzlərlə nəsillər dəyişir, dünya isə dağılmır, həyat öz axarı ilə gedir, baxmayarq ki, gənclərlə bağlı narahat duruma görə, dünyanı tez bir zaman da uçurum gözləyirdi. Zəmanədən şikayət etmək havadan şikayət etməyə bənzəyir. Əslində adi bir həqiqət olsa da, insanların çoxu başa düşmür ki, zəmanə özü-özlüyündə dəyişə bilzməz. Insanlar da axarlığı, çərkəzi paltarını Pyer Kardenin kostyumuna dəyişsələr də, mahiyyət etibarı ilə xislətləri cüzi dəyişib: Ona görə köks ötürüb “O tempora! O moresi!”-“O zamanlar, O adətlər”- demək elə də səmimi səslənmir.

İnsanların təbiətinin dəyişməsinə ən bariz sübutlardan biri yüz, min illər əvvəl yaşamış filosofların, alimlərin dediyi fikirlərin, atalar sözlərinin indi də tam hüquqla aktual qalmasıdır.

“Həyat uzunluğuna görə deyil” mənasına görə qiymətlidir”. (Seneka)

“Məhəbbət ürəyin içində olan diş ağrısıdır”. (H.Heyne)

“Qurd qocalanda burunun ucuna kəpənək qonar”. (Azərbaycan atalar sözü)

“Yalançı adamın dostluğuna dözən özü də yalançı adamdır”. (Ərəb atalar sözü).

Zəmanəni biz seçmirik. Hətta fərz etsək ki, zaman maşınına maliklik, bu da heç  nəyi dəyişməyəcək. Çünki, onunla səyahətdə də nə orta əsrlərdən, nə də xanlıq dövrlərindən çətin ki, razı qalaq. Tarixdən də şikayət etməyin mənası  yoxdur: şikayət edəcəyimiz yeganə “obyekt” varsa, o da özümüzük.

Ona görə də biz şərti olaraq əlimizdə olan vaxtdan səmərəli istifadə etməyə çalışmalıyıq. Vaxtı idarə etmək bacarığı samurayın  qılınc oynatma məharətindən heç də asan deyil. Zamanı göyərçin kimi əlimizdə tutub saxlaya bilmərik, çünki vaxt pul demək olsa da , ehtiyat kimi cibimizdə deyil. Ancaq “bədxərclik” edib onu sağa-sola xərcləsək, bir də onda ayılacağıq ki, artıq qatar illərimizi də götürüb gedir. Mənasız keçirdiyimiz ömür isə adi saqqıza görə 100000 manatın ödənilməsinə oxşayır.

Vaxt anlayışı çox nisbidir və bizim onu necə qavramağımızdan, ona necə münasibət bəslədiyimizdən asılı olaraq çoxala və ya azala bilər.

Bir-birilərinə ülvi məhəbbətlə bağlı olan ənənəvi sevgililər (qız və oğlan), ənənəvi olmayan sevgililər şəhəri o baş-bu baş gəzirlər, nə yorulurlar, nə də bilmirlər vaxt necə keçdi getdi. Onların fikrində, dalğasında 6-7 saat 5-10dəqiqə nisbətindədir. Ancaq Allah eləməsin, Afrikanın cəngəlliklərində təsadüfən adamyeyən qəbilələrin əlinə keçib yeyilmək üçün bizim şadlıq evlərindəki aşbaz qazanı ölçüsündə alüminium  qazanda qaynadılsaq, bizim üçün 15 dəqiqə ömrümüzün yarısına bərabər  olacaq .

Vaxtın dəyərini xərçəngə tutulandan soruşun, müharibədə ön cəbhədə olandan, banka veriləsi kreditin vaxtının yaxınlaşmasına  görə həyəcan keçirəndən, sprinterdən, pilotdan, rüşvət verib vəzifə alıb, sonra verdiyi pulu tez bir zamanda çıxartmaq istəyəndən və s. soruşun.

Azərbaycan insanı mənim təxmini hesablamalarıma görə, ömrünün (60-70 ilin) 20 ilini yatır, beş ilini yemək- içmək, prosesinə, 20 ilini işə, yarım ilini yuyunmağa, 2 ilini ayaqyolunda, 2 ilini uzanmağa, dincəlməyə, 3 ilini nəqliyyatda, 5 ilini boş-boş danışmağa sərf edir. Yerdə qalan bir neçə il isə oturub mənasız seriala ,axmaq-axmaq şoulara  baxır. Ancaq həyat serial deyil, daha çox qısametrajlı filmdir ki, onun rejissoru insan, ssenarisi isə Allahdır.

Fiziki olaraq lerikli Şirəli Müslümov qədər, yəni 168 il bəlkədə yaşamaq mümkündür. Ancaq bu da, dəlaət etmir ki, həyatımızdan tam razı qala biləcəyik. Bəzən belə bir dərdə, faciəyə dərman tapılmayanda, zaman ən yaxşı məlhəm rolunu oynayır. Çox zaman cahillikdən rəhmətə getmiş kimsə haqqında deyilir ki, filankəs vaxtsız öldü. Məsələn: toy elədi ailə qurdu ancaq uşaqları “yetim” qaldı, və ya  nəvəsini görmədi, romanını tamamlamadı, kasıbçılıq içindən çıxa bilmədi, qızının, oğlunun, nəvəsinin toyunu görmədi və s. Sanki insanın canı alınanda ev ünvanına 10 gün əvvəl bildiriş vərəqəsi gəlməlidi.

İran sultanı 2 nəfəri ölümə məhkum edir. Onlardan biri bilir ki, sultan öz atına necə bağlıdır və məhz ona görə təklif edir ki, o, azadlığının əvəzinə bir ilə onun atını uçmağa öyrədə bilər. Sultan razı olur. Digər məhkum öz dostuna inanmayaraq ondan soruşur ki, sən bilə-bilə ki, bunu edə bilməyəcəksən, niyə şahı aldatdın? Axı bununla sən yalnız ölüm vaxtını bir az uzadırsan. Cavab isə belə olur: “Bu heç də belə deyildir. Əslində mən azadlıq üçün 3 şans qazanmışam. Birincisi: 1 ilə sultan ölə bilər. Ikincisi: mən özüm ölə bilərəm. Üçüncüsü: bəlkə

Mən doğrudan da ata uçmağı öyrətdim!”

Ona görə də şansınızı, yəni vaxtınızı qaçırmayın. Hesab edirəm, vaxtınız hədər yerə alınmadı.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər