Xəbər verdiyimiz kimi Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov gecə saatlarında vəfat edib. O, Bakı şəhərində yaşadığı evdə dünyasını dəyişib.
“Yeni Sabah”ın məlumatına görə, Rövşən Hüseyn oğlu İbrahimov 1967-ci ildə Siyəzən rayonunda anadan olub. 1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakultəsini bitirərək “İnşaat mühəndisliyi” ixtisasına yiyələnib. 1986-1988-ci illərdə həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyətinə 1991-ci ildən “AZNEFT” İstehsalat Birliyinin “Xəzərdənizneftqaztikinti” trestində iş icraçısı olaraq başlayan R.İbrahimov ARDNŞ-də (SOCAR) müxtəlif sahələr üzrə rəhbər vəzifələrdə çalışıb.
2011-ci ildən 2018-ci ilədək ARDNŞ-də Sosial İnkişaf İdarəsinin Tikinti Departamentinin rəisi vəzifəsində işləyib.
O, Azərbaycanın neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 19 sentyabr 2014-cü il tarixli Sərəncamına əsasən “TƏRƏQQİ” medalı ilə təltif edilib.
Ölkə başçısının 18 may 2018-ci il tarixili Sərəncamı ilə Rövşən Hüseyn oğlu İbrahimov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
O, Yeni Azərbaycan Partiyasının üzvü idi. Ailəlidir, 2 övladı var.