Vəkil Anar Qasımlı: “Savadlı bir hüquqşünasın müsahibədən keçməməsi o demək deyil ki…” – MÜSAHİBƏ

8365

Son günlərin ən aktual mövzularından biri də Azərbaycanda vəkillik, vəkilliyin inkişafı, vəkilliyə qəbul və s. məsələlərlə bağlıdır. Konstitusiyamızın 61-ci maddəsində hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun, qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardımın ödənişsiz – dövlət hesabına göstərilməsi, habelə, hər bir şəxsin cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ təsbit edilmişdir. Dövlət bu konstitusion təminatı qeyri-dövlət təşkilatı olan Vəkillər Kollegiyasının üzvləri vasitəsilə həyata keçirilir.

Azərbaycanda vəkillik fəaliyyəti Konstitusiya, Vəkillər və vəkillik fəaliyyəti haqqında” 28 dekabr 1999-cu il tarixli qanun, Prezident İlham Əliyev tərəfindən 11 mart 2005-ci ildə imzalanan “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının maddi-texniki təminatının yaxşılaşdırılması üzrə tədbirlər barədə”, 22 fevral 2018-ci il tarixdə imzalanan “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam və s. qanunvericilik aktları ilə tənzimlənir.

7 dekabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlərinin Konfransında olduqca peşəkar və müasir dünya görüşlü vəkil Anar Bağırov Rəyasət Heyətinin sədri vəzifəsinə seçildi. Bundan sonra Azərbaycan vəkilliyində bir canlanma baş verdi.

Biz də sumqayitxeber.com saytı olaraq, ölkəmizdə və şəhərimizdə vəkilliyin durumu ilə bağlı bəzi məsələləri aydınlaşdırmaq istədik. Həmsöhbətimiz Sumqayıt şəhərində fəaliyyət göstərən vəkil Anar Qasımlıdır.

Anar Elman oğlu Qasımlı: 27 may 1982-ci ildə bakı şəhərində anadan olub, 2003-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini hüquqşünaslıq ixtisası üzrə bakalavriatura, 2005-ci ildə isə Mülki hüquq istiqaməti üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2003-2009-cu illərdə müxtəlif hüquq şirkətlərində və qeyri-hökumət təşkilatlarında hüquqşünas vəzifsində çalışıb. 2009-cu ildə ixtisas imtahanlarından uğurla keçərək Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul olunub. 9 ildir ki, Sumqayıt şəhərində vəkillik fəaliyyəti göstərir, şəhərimizin, eləcə də ölkəmizin tanınmış vəkillərindən biridir.

Xoş gördük Anar müəllim, əvvəla, onu qeyd edim ki, söhbətimizin əvvəlində diqqətimi bir məqam cəlb elədi, dediniz ki, 9 il rəsmi vəkillik stajınız var. bu həm də o deməkdir ki, gələn il sizin vəkillik fəaliyyətinizin 10 illiyi olacaq, ilk yubiley də demək olar. Yorulmamısınız ki?

Xoş gördük! Mən də sizi salamlayıram, oxucularınızı salamlayıram və dəvətinizə görə təşəkkür edirəm. Gələn il daha böyük yubiley olacaq, Azərbaycan vəkilliyinin 100 illik yubileyi qeyd olunacaqdır. Vəkillər Kollegiyası AXC-nin 100 illiyi münasibətilə təntənəli tədbir təşkil etmişdi, oradakı çıxışlardan və kollegiya rəhbərliyinin mətbuata açıqlamalarından da görünürdü ki, Kollegiya xüsusi işçi qrupu yaratmaqla Azərbaycan vəkilliyinin tarixini – əsasən cümhuriyyət dövrü sənədlərini araşdırır. AXC-nin 100 illiyi münasibətilə keçirilən tədbirdəki çıxışımda tezliklə Azərbaycan vəkilliyinin də 100 illik yubileyini keçirmək barədə arzularımı çatdırmışdım. Bu günlərdə rəyasət heyətinin sədri Anar Bağırov vəkilliyə namizədlərin and içmə mərasimində gələn il Azərbaycan vəkilliyinin 100 illiyinin keçiriləcəyini anons edibdir. Bu çox quruvericidir. Ona görə də hələ yorulmaqdan danışmaq olmaz. Şadam ki, 100 illik vəkillik tariximizin son 10 ili ərzində mənim də insan hüquq və azadlıqlarının müdafiəsi işində, vətəndaşlara yüksək keyfiyyətli hüquqi yardım göstərilməsində müəyyən fəaliyyətim olub.

Necə qiymətləndirirsiniz fəaliyyətinizi? Anar Qasımlı necə vəkildir?

Heç vaxt özüm haqqında müsbət fikir söyləməmişəm. Bəxtiyar Vahabzadənin “Mən kiməm” şerində bir misra var: özümə ittihamçı, özgəsinə vəkiləm. Bu misra mənim həm peşə, həm də həyat şüarımdır. Bircə onu deyə bilərəm ki, sevdiyim peşə ilə məşğulam. Düzlük, vicdanlılıq, cəsarətlilik, peşəkarlıq kimi prinsiplərim var.

Azərbaycan vəkilliyinin hazırki inkişaf səviyyəsi barədə nə deyə bilərsiniz?

Son bir neçə ayda vəkillik peşəsinin inkişafı və nüfuzunun artırılması istiqamətində çoxşaxəli və genişmiqyaslı işlər görülür. 7 dekabr 2017-ci il tarixli Konfransda formalaşan yeni rəyasət heyəti qısa müddətdə xeyli uğurlara imza atıb. Artıq vəkillik peşəsinə maraq böyüyüb, gənclər bu peşəyə böyük həvəs göstərirlər. Vəkillik peşəsinin ünfuzu artıb. Üzvlərimizin sayı kifayət qədər artıb və bu proses davam etdirilməkdədir. İnanıram ki, yeni rəyasət heyətinin yorulmaz fəaliyyəti nəticəsində vəkillik daha da inkişaf edəcək. Cənab prezidentin 22 fevral 2018-ci il tarixdə imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamda da vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli müdafiəsi üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyətə malik olması xüsusilə vurğulanıb.  Vəkillər Kollegiyasının Rəyasət Heyətinin və kollegiyanın digər strukturlarının, vəkil qurumlarının fəaliyyətinin təmin edilməsi məqsədi ilə onun Bakı şəhərində və regionlarda müvafiq bina ilə təmin edilməsi, dövlət hesabına göstərilən hüquqi yardıma görə müəyyən edilmiş məbləğin 3 dəfə artırılması və maddi-texniki təminatı ilə bağlı məsələlərin həll edilməsi öz əksini tapıb.

Bundan başqa, sərəncamda ixtisas imtahanlarının müntəzəm olaraq keçirilməsi, xüsusilə gənc hüquqşünasların vəkilliyə qəbul edilməsi üçün şəraitin yaradılması, göstərilən hüquqi xidmətlərin keyfiyyətinin daim yüksəldilməsi məqsədi ilə vəkillərin peşə hazırlığının və ixtisasının artırılması ilə bağlı zəruri tədbirlərin görülməsi qeyd olunub.

Vəkillərin öz fəaliyyətində qanunçuluğa, ədalət mühakiməsinin prinsiplərinə və yüksək peşə standartlarına, o cümlədən əldə etdikləri məlumatların konfedensiallığı, hüquqi yardım üçün müraciət etmiş şəxslərə münasibətdə vicdanlı və nəzakətli davranış tələblərinə ciddi riayət etmələrinin təmin olunması, regionlarda vəkillik fəaliyyətinin stimullaşdırılması üçün tədbirlər hazırlayıb həyata keçirilməsi,

Sərəncamda pulsuz hüquqi yardımın göstərilməsinin təşkil edilməsi, ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi və “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiya istiqamətində təbdirlərin görülməsi Vəkillər Kollegiyasına tövsiyə edilib. Demək olar ki, Vəkillər Kollegiyası bu sərəncamdan irəli gələn məsələlərin əksəriyyətini icra edib.

Bəs Sumqayıt şəhərində necə, islahatlar aparılırmı, hansı yeniliklər var?

Bilirsiniz ki, indiyədək Sumqayıt şəhərində bir hüquq məsləhətxanası fəaliyyət göstərirdi. Səhv etmirəmsə, 30 nəfərdən artıq vəkil həmin məsləhətxanada fəaliyyət göstərirdi. Anar Bağırov Rəyasət heyətinin sədri seçildikdən sonra Sumqayıt şəhər hüquq məsləhətxanasına da baş çəkdi, buradakı şəraitlə yaxından tanış oldu, öz tövsiyələrini verdi. Eyni zamnda Sumqayıt vəkillərinin problemlərini, üzləşdikləri çətinlikləri, onların təkliflərini dinlədi. Artıq Sumqayıt şəhər hüquq məsləhətxanası Sumqayıt şəhər 1 saylı vəkil bürosu adlanır. Bu həm də Sumqayıtda ikinci vəkil bürosunun açılacağının anonsudur.

Vəkilliyə qəbul imtahanları ilə bağlı nə deyə bilərsiniz? Sosial şəbəkələrdə test imtahan suallarının ağır olmasından, imtahanın ikinci mərhələsində subyektiv meyarların tətbiq olunmasından gileylənənlər də var.

Vəkilliyə qəbul imtahanları Vəkillərin İxtisas Komissiyası tərəfindən həyata keçirilir. Test imtahanlarının təşkili Rəyasət Heyəti ilə əlaqəli şəkildə həyata keçirilsə də, müsahibə mərhələsini Komissiya müstəqil həyata keçirir. Vəkillərin İxtisas Komissiyası vəkilliyə namizədlərin qanununda nəzərdə tutulmuş tələblərə uyğunluğu və peşə hazırlığının müəyyən edilməsi üçün yaradılmış bir qurumdur. Komissiya 11 nəfərdən ibarətdir ki, onun yalız 5 nəfəri vəkildir. Qalan 3 nəfəri hakim, 3 nəfəri isə, hüquqşünas alimlərdir, onların isə vəkillər Kollegiyasına tabeçilikləri yoxdur.

Üzvlərinin 3-də 2 hissəsi iştirak etdikdə, Vəkillərin İxtisas Komissiyasının iclası səlahiyyətli sayılır. Komissiyanın qərarları iclasda iştirak edən üzvlərin 50%-dən çoxu lehinə səs verdikdə, qəbul edilmiş sayılır.  Demokratiya haqqında təxminən belə bir məhşur deyim var ki, demokratiya heç də yaxşı bir şey deyil, amma bəşər cəmiyyəti bundan yaxşısı da icad etməyibdir. Eyni sözü imtahanlar haqqında da deyə bilərik. Biliyin qiymətləndirilməsi üçün mövcud üsullar test və müsahibə formalarıdır. Bu qanunun tələbidir. İmtahanda çətin və ya asan sual olmur, imtahanda bildiyin və bilmədiyin sual olur. Bilmədiyin sual nə qədər sadə sual olsa da, çətin sualdır. Ən mürəkkəb sualın cavabını bilirsənsə, bu səninçün asan sual sayılır. Ona görə də imtahan suallarının çətin olması barədə deyilənlərlə razılaşmaq mümkün deyil. Sadəcə imtahanlara yaxşı hazırlaşmaq lazımdır. Yaxud savadlı bir hüquqşünasın müsahibədən keçməməsi o demək deyildir ki, onun savadı kifayət etmir və ya ona qarşı qərəzli, yaxud da subyektiv münasibət vardır. Ola bilsin ki, namizəd konkret suala cavab verə bilməsin, söhbət imtahana düşən sualı bilib-bilməməkdən gedir. Bizim bir tələbə yoldaşımız vardı, ingilis dilini yüksək səviyyədə bilirdi, hətta sinxron tərcüməçi də işləmişdi. Amma smesterin yekunlarında biz hamımız ingilis dili fənnindən qiymət alqdıq, o isə, kəsildi. Təbii ki, şikayətlər başlandı ki, mən bu qrupda hamıdan, hətta müəllimin özündən də yaxşı bilirəm ingilis dilini, müəllim məni qərəzli şəkildə kəsib və s. O zaman müəllimimizin arqumenti çox sərrast olmuşdu. O, ingiliscə hamıdan gözəl danışır, amma mən ondan konkret mövzu soruşuram, ümumi ingilis dili yox, nəyi keçmişəmsə onu soruşuram, o isə, keçirilən materialı oxumayıb.

Heç imtahandan kəsilmisinizmi?

Yalnız bir dəfə. Ötən il hakimliyə qəbul imtahanlarının ikinci mərhələsindən – yazılı imtahandan kəsilmişəm. Əlbəttə, imtahandan kəsilmək heç də yaxşı hal deyildir. Amma buna görə ruhdan düşməyə dəyməz, növbəti dəfə üçün daha yaxşı hazırlaşmaq lazımdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər