Sumqayıtlı blogçu Nilufər Elçinqızının təqdimatında…
Tez-tez rastlaşdığım maraqlı bir adət-ənənədən bizim şəhərimizdə – Sumqayıtda hələ də hökm sürən “Qız nədi, velosiped sürmək nədir?!”fikrindən, mənim və bir çox velosiped sevən gənclərin problemi olan “velo yollar” haqqında yazmaq qərarına gəldim.
Maraqlıdır 3 il bundan çox böyük maraqla və həvəslə velosiped aldım. Amma elə həmin andan da ən böyük problemlər başladı. Və çox təəəssüf ki, indiyə kimi də qalır. Ən maraqlı reaksiyalar qocalardan gəlirdi. Ən əsasda yolda məni velosiped sürən gördükcə “Bıy başımıza xeyir qıza baxa…”, sürücülərdən isə “Bir bu çatmırdı” sözlərini tez-tez eşidirdim. Amma çox şükür yavaş-yavaş gözləri öyrəşdi, sakitləşdilər, reaksiyalar azaldı. İndi həyətimizdə demək olarki oğlanlı-qızlı bütün azyaşlılar (7 sinfə qədər) velosiped sürürlər. Şəhərimizdə isə az-az velosiped sürən qızlar gözə dəyir. Bundan başqa keçən yay “SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatı Yaşıl Velosipedçilər KLubu ilə birgə şəhərimizdə “No Smoking” layihəsi çərçivəsində yürüş keçirmiş, bu yaxınlarda Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən isə ”Velosiped idman növü üzrə həvəskarlar arasında I şəhər çempionatı” keçirilmişdir. Amma hələ də həlli bizdən asılı olmayan bir məsələdə var: “Velosiped yolları”.
Velodiped yolları ilə bağlı bir az maraqlandım və internetdə bu mövzuda araşdırma apardım. İlk öncə müəyyən etdim ki, təkcə Sumqayıtda deyil bütün ölkəmizdə velosiped yolları yoxdur, velo dayanacaqlar mövcud deyil, yollarda velosiped sürənlər üçün heç bir göstəriş, nişan qoyulmayıb. Bu isə ölüm təhlükəsidir… Və bildim ki, cəmiyyətimizdə bu mövzuda həssasdır. Buna əsasım isə “Yaşıl Velosipedçilər Klubunun” aidiyyatı orqanlara ünvanlanmış suallarıdır. Ən maraqlısı isə bu suala alınan cavablardır. Buyurub tanış ola bilərsiz:
– Nəqliyyat Nazirliyinin mətbuat xidmətindənNamiq Həsənov dedi ki, velo-yollarla əlaqədar nazirliyə gənclərin də, bir nəfər vətəndaşın müraciəti var. Amma o, bu yolların salınması ilə Nəqliyyat Nazirliyin məşğul olmadığını bildirib.
-Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təmini və İctimai Qurumlarla Əlaqə Şöbəsinin baş inspektoru Kamran Əliyev deyib ki, velosiped yolunun olmamağı o demək deyil ki, onların təhlükəsizliyi təmin edilmir: «Onlar yolun kənarı ilə sürə bilərlər, rayonlar arasında yol çiyinlərindən də istifadə edə bilərlər. Velosipedlərin kütləvi halda istifadəsi olarsa, onlar üçün xüsusi yol salmaq olar. Azərbaycanda isə velosipeddən nəqliyyat vasitəsi kimi istifadə olunmur. Sadəcə olaraq uşaqlar bundan bir əyləncə məqsədilə istifadə edirlər. Yəni sayı həddən artıq azdır. Buna görə də onlar üçün ayrıca zolaqların salınmasına hələ ehtiyac duyulmur».
-Bakının Baş Planının müəlliflərindən əməkdar memar Feyzulla Quliyev deyib ki, sovet Azərbaycanında paytaxtın baş planında velosiped yolları nəzərdə tutulubmuş: «Velo-yollar haqqında qərar qəbul olunmalıdır və layihəçilər hər hansı kompleksi və ya yaşayış rayonunu layihələndirəndə velosiped üçün də xüsusi zolaq yaratmalıdır. Maşın yolu, piyada yolu kimi. Məsələn, Günəşli yaşayış massivini layihələndirəndə biz onu nəzərdə tutmuşduq. Digər təzə massivlərdə bu yollar düşünülmüşdü. Amma bir halda ki, bu gün piyada yollarını da tuturlarsa, səkiləri tikirlərsə, velosipedçi də maşın yolu ilə getməli olacaq». Ekspertə görə, Bakıda velosiped yollarının olması uzaq gələcəyə aiddir.
Həqiqətən bu cavabları oxuyanda həm güldüm, həm də müəyyən qədər təəssüf keçirdim. Heyif bizdə bu barədə düşünmürlər. Heyif deyəsən mən ancaq velo yollar haqda internetdən oxuyacam… Dünyanın ən böyük velo yolları olan şəhərlər sırasında Strasburqun adınada rast gəlmək olar. Burda 564 km velosiped yoları mövcuddur və demək olarkı hər kəsin şəxsi velosipedi var. Kaş bizdə də belə olardı deyirdim ki, inanılmaz məlumatlarla rastlaşdım… Və bildim ki, velosipedçilərin hüququ təkcə bizdə pozulmur, velosipedçilərə təkcə bizlərdə “dırnaqarası” baxılmır. Elə bunlardan biri və ən qeyri adisi ilə sizləridə tanış etmək istəyirəm:
İngiltərənin paytaxtı Londonda hər il velosipedçilər ənənəvi çılpaq yürüşlər keçirirlər. Onların əsas tələbləri sürücülərin velosiped sürənlərə hörmətlə yanaşması olub. “Biz istəyirik ki, onlar piyadalara hörmət etdikləri kimi bizə də etsinlər, qəzalar az baş versin. Onlar bizi olduğumuz kimi görməlidirlər”. Qeyd edim ki, analoji aksiyalar ənənəvi olaraq London, Madrid və Avropanın başqa şəhərlərində keçirilir.
Mövzudan bir qədər uzaq olsada indi sizləri velosiped sürməyin xeyirləri ilə tanış etmək istəyirəm: Hər gün ən qısa müddətdə belə, velosiped sürmək ürək xəstəliklərinin əmələ gəlmə riskini xeyli azaldır. İngiltərə mətbuatının verdiyi məlumata görə, bunu britaniyalı alimlər müəyyənləşdirib. Tədqiqat göstərib ki, həftədə velosipedlə 30 kilometr yol qət etməklə ürək xəstəliklərinin yaranma riskini düz 50% azaltmaq mümkündür. Velosiped sürmək ürək-damar sisteminin durumunu xeyli yaxşılaşdırır. Bu gəzinti zamanı müxtəlif qrup əzələlər işləyir və bu, yalnız ürəyə deyil, digər orqanların fəaliyyətinə də müsbət təsir göstərir. Velosiped sürməklə artıq çəkidən də asanlıqla xilas olmaq mümkündür. 1 saat velosiped sürən şəxs təxminən 300 kilokalori atır. Hər gün yarım saat velosiped sürmək 11 kiloqram piyi əritməyə imkan verir.
Düşünürəm ki, həm sağlamlğımıza xeyri olan, həm də ekologiyanı qorumaq üçün ən yaxşı yollardan biri olan maşın əvəzinə velosipeddən istifadə olunmalıdır. Sonda sizin fikirləriniz bilmək maraqlıdır: Siz necə baxırsız velosiped sürənlərə? Velosiped yollarının olması vacibdir sizcə? Bunu necə əldə edə bilərik?