“Bu ilin ilk 4 ayında sosial sığorta haqları üzrə daxilolmalarda ötən ilin eyni dövrü ilə müqayisədə 17% artım olub”.
“Report” xəbər verir ki, bunu vergilər nazirinin müşaviri Xəqani Abdullayev Bakıda keçirilən “III Milli Mühasiblər Forumu”nda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu sahədə proqnoz 113% icra olunub.
“O cümlədən qeyri-büdcə təşkilatlarının sosial sığorta ödəmələri 18% artıb, proqnoz 115% icra olunub. İşsizlikdən sığorta üzrə daxilolmalar isə 65% artıb, qeyri-büdcə təşkilatları üzrə artım tempi 90%-dən çox olub, proqnoz isə 118% icra olunub. Gəlir vergisi üzrə güzəştlərin tətbiqi yüksək səmərə verməkdədir”, – X.Abdullayev əlavə edib.
“Biz daim vergi islahatlarının monitorinqini aparırıq. Şəffaflaşmanın əsas göstəriciləri müxtəlif sahələrdə elektron qaimə faktura ilə rəsmiləşən dövriyyələrin artımıdır”.
“Bu ilin ilk 4 ayında qeyri-neft sektoru üzrə dövriyyələrin ən yüksək artım templəri kənd təsərrüfatında (51%), pərakəndə ticarətdə (25%), ictimai iaşədə (20%), topdan-satış ticarətdə (17%) qeydə alınıb. Bundan başqa, ƏDV-yə cəlb olunan topdansatış ticarət üzrə dövriyyə 25%-, pərakəndə ticarət üzrə dövriyyə isə 38% artıb.
Dörd ay ərzində qeyri-neft sektorunda elektron qaimə faktura ilə rəsmiləşən dövriyyənin xüsusi çəkisi isə 59%-dən 65%-ə yüksəlib. O cümlədən topdansatış ticarətdə bu göstərici 69%-dən 84%-ə, istehsalda isə 65%-dən 75%-ə qalxıb. Bütövlükdə topdansatış ticarətdə elektron qaimə ilə rəsmiləşən dövriyyədə 43%, istehsalda isə 30% artım müşahidə etmişik”, – X.Abdullayev deyib.
Nazir müşaviri onu da vurğulayıb ki, elektron qaimə ilə rəsmiləşən dövriyyələrdə ən yüksək artım tempi kənd təsərrüfatında (2 dəfə), ticarətdə (42%), bank və sığortada (26%), sənayedə (19%), olub.
“Bu onu göstərir ki, əqdlərin sənədləşməsi və rəsmiləşməsi səviyyəsi yüksəlməkdədir”