İki il əvvəl alınmaz qala sayılan Şuşanı erməni işğalından azad edən Azərbaycan silahlı qüvvələri şanlı tarix yazdı. Azərbaycan xalqı və gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər.
Ali Baş Komandan, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə çıxış edərək tarixi missiyamızı yerinə yetirmək üçün 44 günlük Vətən Müharibəsinə qədər ölkəmizdə həyata keçirilən layihələr, görülmüş işlər haqqında məlumat verdi, Qələbəmizi şərtləndirən amillərə diqqət çəkdi və postmüharibə dövrünün reallıqları haqqında danışdı. Ölkə başçısı bir sıra mühüm məqamlara toxundu, önəmli açıqlamalar verdi. Dövlətimizin başçısı çıxışında Ermənistan və onun havadarlarına sərt mesajlar ünvanladı.
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi. Müharibəyə gedən yol bir çox istiqamətlərdən keçmişdir. İlk növbədə, biz özümüz ordumuzu lazımi silahlar və texnika ilə təchiz etməli idik. Bunun üçün də güclü iqtisadiyyat olmalı idi. Azərbaycan müstəqilliyi əldə edəndə bizim maliyyə, iqtisadi vəziyyətimiz çox ağır idi. Ona görə güclü iqtisadiyyatın yaradılması müharibədə qələbənin qazanılması işində önəmli amil kimi nəzərə alınırdı və biz bunu etdik.
Vətən Müharibəsinə kimi həyata keçirilən ideoloji işə diqqət çəkən ölkə başçısı bildirdi ki, bizim vətənpərvərlik məsələləri ilə bağlı çox fəal siyasətimiz olmuşdur. Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Gənclərimiz vətənpərvərdir, Vətənə bağlıdır və İkinci Qarabağ müharibəsi bunu göstərdi.
Vətən müharibəsində qələbəmizi şərtləndirən amillər sırasında ən mühümü sözsüz ki, Prezident İlham Əliyevin 2003-2020=ci illərdə güclü dövlət konsepsiyasını uğurla həyata keçirməsi olmuşdur. Beynəlxalq müstəvidə də çox böyük işlər görülmüşdür. Dövlətimizin başçısı beynəlxalq müstəvidə görülmüş işlərə nəzər salaraq qeyd etdi ki, aparıcı beynəlxalq təşkilatlar – BMT, ATƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası bizim mövqeyimizi dəstəkləyən, yəni, haqq-ədaləti ifadə edən qərar və qətnamələr qəbul etmişdir. Bu, Qələbəmiz üçün çox önəmli beynəlxalq hüquqi zəmin idi.
Paralel olaraq, bir çox ölkələrlə ikitərəfli formatda sıx əməkdaşlıq əlaqələri yaratmışıq, həm yerləşdiyimiz bölgədə, həm də digər qitələrdə. Təkcə Avropa İttifaqına üzv ölkələrin doqquzu, digər ölkələr Azərbaycanla strateji tərəfdaşlıq bəyannamələri imzalayıb. Bu da Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsidir. Yəni, bu beynəlxalq əlaqələr və Azərbaycanın beynəlxalq nüfuzu bizə imkan verdi ki, daha çox dostlar qazanaq, eyni zamanda, Qarabağ həqiqətlərini, erməni işğalı ilə bağlı həqiqətləri dünya birliyinə çatdıraq və çatdırdıq.
İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi, ölkəmizi gücləndirdi. Ali Baş Komandanımız çıxışında vurğuladı ki, Azərbaycanda yaşayan bütün xalqlar bir böyük ailənin üzvləridir. Yaxşı günlərdə, ağır günlərdə bir yerdəyik və bu birlik dünya miqyasında nadir dəyərdir. Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda ölümə gedirdilər. Bu, bizim böyük dəyərimizdir.
Azərbaycan cəmiyyətində milli birlik və həmrəylik mühitinin gücləndirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən olmuşdur. Dövlətimizin başçısı Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdəki çıxışı zamanı bir daha bəyan etdi ki, daxili sabitlik, milli birlik, milli həmrəylik, xalq-iqtidar birliyi. Bunlar ölkəmizdə aparılan dövlət siyasətinin böyük nəticəsidir.
Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Ölkə başçısının ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi. Əlbəttə, bundan sonra da belə olacaq. Vətən müharibəsində xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə milli həmrəyliyin ən mükəmməl nümunəsini yaratdı. Heç bir qüvvə bu sarsılmaz birliyi poza bilməz.
Tayfun Hacılı, Sumqayıt Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri
Müzakirə qapadılmışdır.