Vətənə sevgi, dövlətə vergi!

7373

Gözlərimə inana bilmirəm. Nə vaxtsa mənə desəydilər ki, Avropanın ən gözəl ölkələrindən biri, ardıcıl Avropa və Dünya çempionu olmuş, “Barselona” və “Real” kimi məhşur klubların vətəni İspaniyadan futbolçu iqtisadi böhranı əsas gətirib, Azərbaycana can atacaq, inanmazadım. “Bakı”ı ilə müqavilə bağlamağa hazırlaşan ispaniyalı Mario Martines qəzetimizə verdiyi müsahibəsində ölkəsini tərk edib, uzaq Azərbaycana gəlməsinin səbəblərini izah edərkən bu məqamı önə çəkib: “Azərbaycanda çıxış etmiş və edən ispan futbolçulardan məlumat aldım. Onlar ölkənizi ağızdolusu təriflədilər. Hazırda bütün dünya İspaniyanın maliyyə böhranında olduğunu çox yaxşı bilir. Bu məqam məni İspaniyadan kənara çıxmağa sövq edirdi ”. Görəsən, Martines bizim premyer-liqada oynayan hansı ispan futbolçuları nəzərdə tutur? Əgər, söhbət bir neçə ay bundan öncə elə həmin “Bakı”dan qaçan Kokedən gedirsə, heç inanmağım gəlmir. Ölkəmizdə hər şey Kokeni qane edirdisə, niyə futbolçu başını aşağa salıb topunu dığırlatmadı? Vətəni haqqında bu cür ifadələr işlədən Martines işdi “zolaqlılar”la anlaşsa, çox keçmədən burdan qaçmaq üçün bəhanələr uyduracağına şübhə etmirəm. Futbolçunun müsahibəsindəkə fikirlərin əksəriyyəti onun xarakterində problemlərin olmasından xəbər verir. Vay həmin gün bizim halımıza ki, Martines İspaniya mətbuatına haqqımızda verəcəyı müsahibəsində bu yaxınlarda Azərbaycandakı analoqu olmayan inkişafı yerlə bir edən Barmettlerin dediklərini təkrarlıya. Hətta qorxuram ki, bu dəfə “İnter”in sabiq futbolçusunun ölənlərinə rəhmət oxumalı olacayıq. Martinesin karyerasının tək önəmli məqam beş il bundan əvvəl Qvardiolanın “Barselona”da siftəsini korlayıb, Valdesin qoruduğu qapıya qol vurmasıdır. Niyə bu “möhtəşəm uğurdan” sonra Madrid “Real”ı onu öz sıralarına qatmayıb?! Səhv eləmirəmsə, futbolçu indiyə qədər cəmisi bir dəfə legioner həyatı yaşayıb ki, onda da Cənubi Kipr komandasıyla müqaviləni yarıda pozmalı olub. Kaş ki, baxışdan keçib, bəyəniləcəyi halda onun “Bakı”dakı karyerası uğurlu alınaydı. İspanın müsahibəsindən Azərbaycana seçməsində “Bakı”nın əcnəbilərin ayağının altına “səpdiyi” pulların parıltısı böyük rol oynaması aydınlaşır. Arzu edək ki, Martines Kokenin, Parksın, Mantsiozun davamçısı olmasın. Klublarımızın adının meydanda qazanılan uğurlardan daha çox sağa-sola səpələdikləri milyonlarla xarici idman mətbuatının gündəminə gəlməsi o qədər də yaxşı hal deyil. Sonra da dünyaya etiraz edirik ki, niyə avropalılar bizi ərəblərlə qarışdırırlar. Axı, bizdən əvvəl ərəblər bu xüsusiyyətlərinə görə məhşurlaşıblar. Belarusiyanın “Neman” klubunun çalışdırıcısı Sergey Solodovnikovun bu yaxınlarda “Xəzər Lənkəran”da baxışda olan İvan Deniseviçin transferi haqqında söylədiklərinə diqqət edin: “Azərbaycanda İvana burda qazandığından 3-4 dəfə çox pul təklif ediblər. Bizdəki standartlara görə bu inanılmaz bir məbləğdir”. Təəccüblüdü ki, ötən mövsüm ölkəsinin qol və məhsuldar ötürmə göstəricilərinə görə ən yaxşısi olan Denisoviç “Xəzər Lənkəran”da “bəyənilməyərək” geri göndərilib. Amma futbolçuya böyük məbləğdə müqavilə təklif olunması faktdır. Görünür, anlaşmanın baş tutmamasına kənar amillər səbəb olub. Sirr deyil ki, bizim futbol səviyyəsinə görə nə klub, nə də milli səviyyəsində belarus futboluyla müqayisə oluna bilməz. Solodovnikovun açıqlamaları isə klublarımızın xərclədikləri pullar futbolumuzun səviyyəsinə adekvat olmamasını bir daha sübut edir. Başqalarının pulunu saymağa həvəsim yoxdur. Onsuz da legionerlərə vermədiklərini gətirib xalqa paylamayacaqlar. Lakin, pullarının qədrini bilməyən klublarımızın dövlətə vergi verməkdən yayınmasını anlamaq olmur. Fanat.az saytına müsahibə verən polşalı futbolçu Pavel Hayduçek etiraf edir ki, “Simurq” onunla iki müqavilə imzalayıb: “Klub prezidenti Anar Bəkirovla görüşüb iki müqavilə bağladım. Notarial qaydada imzaladığım anlaşmada maaşımın məbləği aylıq 300 manat civarında idi. Əlbəttə, vergilərdən yayınmaq üçün… Ancaq digər müqaviləyə əsasən 80 min dollar verməliydilər”. Kiçik sahibkarlıqla məşğul olanlar xırda bir vergidən yayınmaya görə adamın başına hansı oyunlar açıldığını yaxşı bilir. Görəsən, Vergilər Nazirliyi bu boyda həngaməyə niyə reaksiya göstərmir? İndiyə qədər dəfələrlə bu mövzuda yazılıb, klubların futbolçularla ikili müqavilələr bağladığı yuxarıda oturanların diqqətinə çatdırılın. Ancaq heç kim reaksiya göstərmir. İndiyə qədər hansısa klubun vergidən yayınmaya görə cəzalandığını eşitməmişik. Qəribəsi odu ki, Zaqatala klubunun rəsmiləri də Hayduçeik dediklərini təkzib etməyə həvəs göstərmirlər. Yoxsa, dövlətə ödənməli olan verginin kimlərinsə ciblərinə axmasına görə onlar məsuliyyət daşımır?! Vergilər nazirliyinin reklam çarxlarında tez-tez “vətənə sevgi, dövlətə vergi” şüarına rast gəlirdik. Belə çıxır ki, bizim bəzi klub rəhbərlərinin vətənə sevgisi hay-küy kampaniyasından, Antalyadakı oteldən ermənilərin qovulmasına çalışmaqdan ibarətdir.

 

Amal Abuşov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər