Vətənə sevgi və humanizm ideyalarının daşıyıcısı

630

Dövlətçiliyi , daxili və xarici siyasəti ilə daim öz imkanlarına arxlanan Azərbaycan, yenilikçi, öndəgedən ideyalara və yeni əsrin inovasiyalarına geniş imkanlar yaratmaqla öz tarixi ənənələrinə sadiq qalmağı bacarıb. Bunu ölkəmizdə gedən inkişafın hər sahəsində müşahidə etmək olar. Bu baxımdan 2016-cı il sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü əsasında Konstitusiya islahatları ilə bağlı referendum keçirildi. Referendumun nəticələrinə görə ölkədə Birinci vitse-prezidentlik institutu yaradılıb. Dövlət idarəçilik sistemi üçün təqdirəlayiq bir hal kimi qiymətləndirilən bu addım Prezident İlham Əliyevin islahatlar kursunun növbəti təzahürü oldu. Azərbaycan dövlət idarəçiliyi üçün göstərici rolunu oynayan Birinci vitse-prezidentlik institutunun yaradılması dövlətimizin müasir demokratik simasının yeni və mütərəqqi əlaməti kimi dəyərləndirildi. 2016-cı ildən bu yana əldə olunmuş müsbət nəticələr nəzərə alınarsa əminliklə deyə bilərik ki, Birinci vitse-prezidentlik institutu idarəetmənin səmərəlilik və çevikliyini artırıb. Bu cür əsaslı bir institutun təsis edilməsi demokratik dəyişikliklərdə hüquqi əsaslar yaradılmasını özündə ehtiva etməklə siyasi islahatların tərkib hissəsini təşkil edir.

Ölkə başçısı İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı Sərəncama əsasən Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olundu. Təhlükəsizlik Şurasının iclasında Mehriban Əliyevanın Birinci vitse-prezident kimi təqdim edən zaman Prezident İlham Əliyev Mehriban xanım Əliyevanın uzun zamandır ki, ölkəmizin ictimai-siyasi və mədəni həyatında mühüm və fəal rol oynadığını söyləmiş və fikrini müxtəlif yönlərdən əsaslandırmışdır.
2017-ci il 21 fevral tarixində Təhlükəsizlik Şurasının iclasında Mehriban xanım Əliyeva ölkənin Birinci vitse-prezidenti kimi ilk çıxışını edərkən son illər ölkəmizdə baş verən müsbət dəyişikliklərdə, inkişafda və Azərbaycanın beynəlxalq arenada nüfuzunun çoxalmasında çox təvazökarlıqla kiçik də olsa öz töhvəsinin olduğunu, vəzifədən asılı olmayaraq, insanın öz peşəsini seçəndə öz işinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyaraq bu məqsədlərə nail olmağı üstün bilib, işlərinə bütöv yanaşmalı olduğunu bildirmişdir. Daha sonra gələcəkdə ona verilən bu məsuliyyətli vəzifəni icra edərkən məhz bu prinsipləri əsas tutmağa çalışacağını söyləyərək, dövlətimizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağını, Azərbaycana layiqincə xidmət etməyə çalışacağını əminliklə əlavə etmişdir.

Mehriban xanım Əliyeva öz fəaliyyətində mütəmadi olaraq cəmiyyətin həssas təbəqələrinin problemlərini həll etməyə, xüsusilə nəvazişə ehtiyac duyan uşaqları sevindirməyə, zəngin və çoxşaxəli mədəniyyətimizi təbliğ etməyə, müxtəlif istiqamətlərdə yeni uğurlu layihələri reallaşdırmağa böyük səy göstərib. Xüsusilə qeyd olunmalıdır ki, Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi öz ilk müşavirəsini məhz məcburi köçkün soydaşlarımızın problemlərinin həllinə yönəltmişdir.

Mehriban xanım Əliyeva vitse-prezident kimi dövlət idarəetməsində çeviklik və effektivlik naminə bütün potensialın səfərbər olunmasını, eyni zamanda uğurlu beynəlxalq təcrübə nümunələrindən istifadəni geniş təmin edir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkə əhalisinin bərabər və keyfiyyətli təhsillə təmin edilməsi istiqamətində reallaşan çoxşaxəli layihələr təhsildə demokratik prinsipin qorunmasını təmin edir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkə əhalisinin sağlamlığının qorunması işinə də prioritet kimi yanaşır,  bu baxımdan daim müxtəlif təşəbbüslərlə çıxış edir və sosial baxımdan həssas əhali qruplarının problemlərinin həllini qabartmaqla bu istiqamətdə mühüm işlər görür.

Başqa bir əsas istiqamət kimi, Azərbaycan xalqının yaratdığı milli mədəniyyət və incəsənət nümunələrinin dünyada tanıdılması işlərini ön plana çəkən Mehriban xanım Əliyeva çoxistiqamətli  layihələr reallaşdırır.  Gənc nəslin inkişafına və intelektinə xüsusi diqqət göstərən Mehriban xanım Əliyeva ölkədə idman hərəkatının davamlılığını təmin etmənin önəmini də unutmur. Onun çoxşaxəli fəaliyyətində ekoloji problemlərin nəzarətdə saxlanılması və həlli də xüsusi yer alır.

Günümüzün ən önəmli və prioritet məsələlərindən biri İşğaldan azad olunan torpaqların bərpasıdır. Bu işlərlə bağlı öz humanitar missiyasını həyata keçirən Birinci vitse-prezident Qarabağda həyata keçirilən yenidənqurma və bərpa işlərini nəzarətdə saxlamaqla tez-tez bu yerlərdə olur və işin sürətlə yekunlaşmasına, verilən tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsinə  xüsusi səy göstərir.

Qeyd edək ki, Birinci vitse-prezidentlik Mehriban xanım Əliyevaya həvalə edilən ilk məsuliyyətli vəzifə deyildir. O, buna qədər Yeni Azərbaycan Partiyasının sədrinin birinci müavini, 2005-ci ildən 2017-ci ilə qədər Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və ISESCO-nun Xoşməramlı səfiri kimi fəaliyyət göstərərkən də öz vəzifəsinin öhdəsindən layiqincə gəlməyi bacarmışdır. Üstün təşkilatçılıq, peşəkar qərarların qəbulu və çeviklik Mehriban xanım Əliyevanın uğurlu fəaliyyətini şərtləndirən əsas amillərdəndir.

Mehriban xanım Əliyevanın fəaliyyət istiqamətlərindən danışarkən onun rəhbərliyi ilə hazırlanıb Azərbaycanda keçirilmiş beynəlxalq tədbirlərdən söz açmasaq olmaz. Bunun sayəsində ölkəmiz dünya miqyasında da çox tanındı və belə tədbirlər Azərbaycanın güclü dövlət olduğunu bir daha nümayiş etdirdi. Çox uzaq olmayan tarixdə, 2017-ci ildə Azərbaycan və dünya ictimaiyyəti Bakının ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları zamanı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq qabiliyyətinin təzahürünə bir daha şahid oldu. Buna başqa bir misal, Mehriban xanım Əliyevanın 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsinə təşəbbüs kimi irəli sürməsi və buna nail olması tarixi hadisədir. Azərbaycan cəmiyyəti istər Heydər Əliyev Fondunun prezidenti, istərsə də ölkəmizin yüksək səviyyədə ev sahibliyi etdiyi müxtəlif beynəlxalq tədbirlərin təşkilat komitələrinin rəhbəri kimi fəaliyyətində Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığının, uğurlu fəaliyyət istiqamıtinin və ortaya çıxan sanballı nəticələrin dəfələrlə şahidi olub.
Mehriban xanım Əliyevanın fəaliyyəti bir az məcaz qatmış olsaq ölkənin “Yumşaq güc” siyasətinin təcəssümüdür deyə bilərik. Beynəlxalq münasibətlər sferasında Azərbaycanın dostu olan ölkələrin sayının artmasında Azərbaycanın Birinci vitse-prezidentinin xidmətləri xüsusi qeyd olunmalıdır.

Bütün bunlarla bərabər  Mehriban xanım Əliyevanın fəaliyyətinin humanizm istiqaməti kimi xeyriyyəçilik tədbirləri nəinki Azərbaycanı, bir çox ölkələri də əhatə edir.  Heydər Əliyev Fondunun prezidenti kimi uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsi kimi hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğedicisidir. Mehriban xanım Əliyevanın qlobal təşəbbüsləri sayəsində mədəniyyətlərarası dialoq, multikultural dəyərlərin təbliği Azərbaycanın beynəlxalq brendinə çevrilmiş  və artıq Azərbaycan dünyanın siyasi xəritəsində mədəniyyətlərarası dialoqun ünvanlarından biri sayılır.
Mehriban xanım Əliyevanın vacib missiyalarından biri də Azərbaycanın xarici siyasətindəki  ölkələrarası dostluq münasibətlərinin qurulması və qorunmasıdır. Bu baxından Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Fransa, İtaliya, Rusiya, Türkiyə, Ukrayna və başqa ölkələrin Birinci xanımları və ya dövlət idarəetməsində yüksək vəzifə tutan xanımları ilə keçirdiyi çoxsaylı görüşlər, əməkdaşlıq etdiyi müxtəlif platformalar xüsusi əhəmiyyətli rol oynayır.

Bütün bu sadalananlarla yanaşı onu da qeyd etməliyik ki, Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Partiyanın Sədri cənab İlham Əliyevin sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib. Sözügedən təyinat yüksək etimadın, Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiqliyin və Azərbaycanın dövlət siyasətində qadına göstərilən xüsusi diqqətin bariz təcəssümüdür. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı ortaya çıxır.

Mehriban xanım Əliyevanın fəaliyyəti dövlətimiz tərəfindən dəfələrlə qiymətləndirilmiş, Azərbaycanın ən ali dövlət mükafatlarına – “Heydər Əliyev” ordeninə və Heydər Əliyev Mükafatına layiq görülmüşdür. Bu mükafatlar sırasına xarici ölkələrin ali dövlət mükafatların xüsusi olaraq qeyd etmək olar. Bunlardan Fransanın “Şərəf Legionu”, Rusiyanın “Dostluq” və “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə”, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri, Vatikanın IX Piy Ordeninin Böyük Xaçı, Polşanın “Xidmətlərə görə” Böyük Komandor Xaçı, Pakistanın “Hilal-e Pakistan”, Serbiyanın “Sreten”, Macarıstanın “Xidmətlərə görə” Komandor Xaçı, Rus Pravoslav Kilsəsinin II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordenləri, UNESCO-nun “Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Qızıl medalı, Krans Montana Forumunun Qızıl medalı və “Prix de laFondation” mükafatı, Avropa Olimpiya Komitələrinin Ali Ordeni, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qızıl medalı, Küveyt Dövlətinin Fəxri diplomu, Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin mükafatı, “Qızıl ürək” beynəlxalq mükafatı, Beynəlxalq Olimpiya Akademiyasının “OlympicExcellence” xüsusi fəxri mükafatı, Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatın qeyd edə bilərik. Dünya ölkələrində dövlət nüfuzunun bir başqa göstəricisi kimi Mehriban xanım Əliyevanın  Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin fəxri doktoru seçilməsini göstərə bilərik.

Sonda qürur və fəxarət hissi ilə qeyd edə bilərik ki, danılmaz və çoxşahəli fəaliyyətinə görə Mehriban xanım Əliyevaya layıq görülmüş təltiflərin hər birinin arxasında bilik, ağıl və iradə, peşəkarlıq və təcrübə, prinsipiallıq və xeyirxahlıq, ən əsası xalqına, dövlətinə, insanlığa, bəşəriyyətə sevgi dayanır və ən önəmlisi bu,  beynəlxalq ictimaiyyət qarşısında Birinci vitse-prezident Mehriban xanım Əliyevanı dünyanın ən nüfuzlu qadın siyasətçilərindən biri kimi səciyyələndirir. Əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyeva uzun illər ərzində çoxsaylı nüfuzlu beynəlxalq mükafatlara layiq görülmüşdür, ancaq onun ən böyük mükafatı Azərbaycan xalqının öz Birinci xanımına bəslədiyi rəğbəti və sevgisidir.

Yeganə Əhmədova,Əməkdar Mədəniyyət işçisi, Sumqayıt şəhər sakini

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər