Hər kəsin virtual toxunulmazlıq hüququ vardır. Müasir dövrün konstitusiyaları bu müddəa ilə başlamalı. Axı biz XXI əsrdə yaşayırıq, internet əsrində doğulmuşuq, virtual dünyadayıq. Hərdən mənə elə gəlir ki, virtual aləm bəşər övladının kor-koranə və acizanə şəkildə inandığı “o dünya”dır, buranın cənnəti də cəhənnəmi də var.
Mələk cildinə girmiş şeytanları da var virtual dünyanın. Bunlar “Ayka”lardır – saxta profillər. Baş prokuror Azərbaycanda internet informasiya ehtiyatında saxta istifadəçi ad və ya hesablardan istifadə edərək böhtan və təhqirlərə yol verməyin cinayət məsuliyyəti sayılması təşəbbüsü ilə çıxış edib. Baş Prokurorluqdan Milli Məclisə daxil olan layihədə Cinayət Məcəlləsinə 148-1 (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ay təhqir etmə) maddəsinin əlavə edilməsi təklif olunur. Parlamentarilər bu təklifə hə desələr, bundan sonra internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə 1000 manatdan 1500 manata qədər cərimə və ya 360 saatdan 480 saata qədər ictimai işlər, yaxud 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Maddənin qeydi də olacaq: bu maddədə “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür.
Nəyi pisdir ki?! Bundan sonra canımız “Ayka”lardan qurtaracaq. Sosial şəbəkələrdə olub saxta profillərin qəsdlərinə məruz qalmayan çox az adam tapılar. Bəzən öz dostumuz belə açıq-aşkar yaza bilmədiyi komenti saxta profildən yazır.
Bu ifadə azadlığıdırmı? İfadə azadlığıdır. Hər kəsin öz adından başqa uydurma addan – təxəllüsdən istifadə etmək, həqiqi adını və kimliyini gizli saxlamaq hüququ varmı? Var.
Elə isə, saxta profillərlə mübarizə aparılmalıdırmı? Aparılmalıdır. Nədən sorusunun bir klassik cavabı var. Çünki, sənin hüquqların o yerə qədərdir ki, ordan mənim hüquqlarım başlayır.
Mənim şəxsi məlumatlarımı oğurlayan, məndən icazəsiz onu yayan şəxslə mənim maaş kartımdan pul oğurlayanın heç bir fərqi yoxdur. Hər ikisi oğrudur. Oğru türmədə oturmalıdır. Saxta profillər hər kəsin şəxsi həyatına hörmət hüququnu təhdid edir. İstər həqiqi, istərsə də saxta profildən yazılanlar təhqir və böhtan deyilsə, cinayət məsuliyyəti yaratmır.
Təklif olunan əlavədə hər hansı bir şəxsin saxta profil yaratmasına, əldə etməsinə, daşımasına, gəzdirməsinə, satmasına görə deyil, məhz saxta profil vasitəsilə böhtan atmasına və təhqir etməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Bu isə, ifadə azadlığına müdaxilə deyil.
Ümumiyyətlə, ifadə azadlığı məhdudlaşdırılması qadağan olunan mütləq hüquq deyil, məhdudlaşdırıla bilən hüquqlar kateqoriyasına aiddir. “Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radio-yayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, konfidensial şəkildə əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmi tələblərə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər”.
İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasının 10-cu maddəsi belə deyir. Türklər demiş, altını çizərək söyləyirəm: digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün ifadə azadlığı hüququ məhdudlaşdırıla bilər.
Anar Qasımlı, xüsusi olaraq “sumqayitxeber.com” üçün
Müzakirə qapadılmışdır.