Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqovun Bakıda keçirilmiş dünya çempionatının yekunları ilə əlaqədar “Report”a müsahibəsi
– Dünya çempionatının təşkilatçılığı barədə nə deyə bilərsiniz?
– Özünüz çempionatın gedişatın izlədiniz. Çox ağır yarış idi. 124 ölkədən 755 cüdoçu mübarizə apardı. Bu isə mundialın nə dərəcədə önəmli və həyəcanlı olduğunu göstərdi. Demək olar ki, dünyanın ən güclü idmançıları Bakıya gəlmişdi. Dünya çempionatı bizim üçün böyük təcrübə oldu. Təşkilati baxımdan hər şey qaydasında idi. Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer, bir sıra xarici media qurumları bizim tədbirlərdə iştirak etdilər. Onlar belə gözəl yarış təşkil etdiyimiz üçün bizə minnətdarlıqlarını bildirdilər. Neçə gün ərzində heç bir problemin olmadığını vurğuladılar. Hər şey çox yüksək səviyyədə oldu.
– Bəs Azərbaycan cüdoçularının çıxışı sizi razı saldı?
– Əsas fikrimiz bir dəst medal idi. Biz isə bir gümüş və bir bürünc medal qazandıq. Bu baxımdan, nəticələr bizi qane etmədi. Elə iştirakçilar oldu ki, ümidləri doğrultmadılar. Biz onlardan çox şey gözləyirdik. Hidayət Heydərov gənc olmasına rəğmən, bürünc medal əldə etdi. 73 kq çəki dərəcəsində Rüstəm Orucovdan da çox şey gözləyirdik. 100 kq-dan yuxarı çəkidə iki idmançımız – Elmar Qasımov və Zelim Kotsoyev iştirak edirdi. İkisi də reytinqdə yüksək yerlərdə idi. Onların zəif çıxış edəcəyini gözləmirdik. Bu məsələlər bir neçə gündən sonra federasiyamızda müzakirə olunacaq. Görəcəyimiz tədbirləri yarış bitdikdən dərhal sonra açıqlamaq düzgün deyil. Ətraflı müzakirələrdən sonra qərar nə olacaqsa, onu mətbuata açıqlayacağıq.
– 4 medalın əldə olunduğu ötənilki dünya çempionatı ilə müqayisədə bu dəfə nəticələrin belə alınmasını nə ilə izah edərdiniz?
– Keçənilki dünya çempionatında 2 gümüş, 2 bürünc medal qazanmış, qızıl medal əldə edə bilməmişdik. Dünya çempionatının doğma meydanda keçirilməsinin yaxşı xüsusiyyəti də var. Amma digər tərəfdən, idmançıların məsuliyyəti bəzən onlara sıxıntı verə bilər. Heç də hamı buna hazır ola bilmir. Bəlkə də, 100 kq-da yarışan idmançılar azarkeş xofundan qorxdular, məsuliyyətli olmaq onları sıxıntıya saldı. Amma bunların hamısı söz-söhbətlərdir. İdmançılarımız yenidən güclü təlim-məşq toplanışı keçib, hazırlaşmalıdırlar. 2019-cu ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək dünya çempionatı çox çətin olacaq. Yaponiya Bakıdakı mundiala güclü heyətlə gəlmişdi. Ən çox qızıl medalı onlar qazandılar. Qarışıq komanda yarışında da birinci oldular. Qarşıdakı yarışlara və 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına ciddi hazırlaşacağıq. Növbəti olimpiada da bizim üçün çox çətin keçəcək. O həddi keçmək üçün idmançılarımız gecə-gündüz işləməli, məşq proseslərinə düzgün yanaşmalıdırlar. Çalışacağıq ki, səhvləri düzəldək. Ona görə də biz Tokioda çətinliyin öhdəsindən gəlib, öz sözümüzü deməliyik. Dünya çempionatı və olimpiadada öz sözümüzü deməliyik.
– 100 kq çəkidəki uğursuzluqları gördükdən sonra Elxan Məmmədovun bu çəkidə iştirak etməsindən təəssüf hissi keçirmədiniz?
-Yox, qətiyyən təəssüf hissi keçirmədim. Elxan Məmmədov tanınmış, intellektual səviyyəsi yüksək olan idmançıdır. Biz də onu baş məşqçinin köməkçisi təyin etmişik. Üç aydır ki, bu vəzifədə çalışır. Elxan idmançılarımızla çox yaxşı məşqul oldu, öz təcrübələrini onlarla bölüşdü. İnanıram ki, bundan sonra da bizimlə bir yerdə olacaq və məşqçi kimi öz fəaliyyətini davam etdirəcək.
– Uşanqi Kokaurinin nəticəsi sizin üçün sürpriz olmadı?
– Çox böyük sürpriz oldu.
– Sizcə, bu, nəyin nəticəsidir?
– Bir idmançının çəkisində öz gücünə uyğun rəqib olmasa, həmin idmançı özünə arxayınlaşar. Azərbaycan çempionatında Şahin Qəhrəmanova məğlubiyyəti onun dünya çempionatına daha yaxşı hazırlaşmasına təsir etdi. Kokauri təlim-məşq toplanışlarında daha yaxşı, daha həvəslə, var gücü ilə çalışmağa başladı.
– Hazırda yaponiyalı cüdoçular çox güclüdür. Hətta belə deyə bilərik ki, cüdoda yaponiyalı idmançılar və digərləri var. Bu isə dünya çempionatına olan marağa mənfi təsir göstərməyə bilməz. Bu baxımdan, cüdo qaydalarında dəyişiklik təklifləri mümkündür?
– Qaydalarda bir neçə dəfə dəyişiklik baş verib. Bundan sonra da yaponiyalı idmançılar demək olar ki, bütün qızıl medalları qazanıblar. Düşünürəm ki, əvvəlki qaydalar tətbiq olunsa, şanslarımız daha çox olacaq. Çünki ayaqdan edilən fəndlər öz idmançılarımızda çox yaxşı alınırdı. Amma istənilən halda, Yaponiyanın cüdoda çox güclü və bir nömrə olduğunu bütün dünya bilir.
– Medal qazanan cüdoçulardan Kokauri “Qəbələ”, Heydərov “Neftçi” klubunun üzvüdür. Digər klubların da qarşısına güclü idmançı yetişdirmək tələbi qoyula bilərmi?
– “Qəbələ” təkcə cüdoda deyil, başqa idman növlərində də öz idmançıları ilə tanınır. Bu gün onlar cüdoya çox böyük dəstək verirlər. Bu, “Qəbələ”nin ACF ilə qarşılıqlı əməkdaşlığı əsasında baş verir. Əvvəllər klublarımızın sayı 22 idi. Son statistikaya görə, artıq lisenziya əldə etmiş 97 klub var. Sumqayıtda da yeni təlim-məşq bazası istifadəyə verildi. Orada da potensiallı idmançılar var. Qəbələ, Zaqatala, Balakəndə, Quba-Qusar zonasında regional təlim-məşq bazaları açmışıq. Bundan başqa bu gün ən böyük klublardan biri “Judo 2012”dir. Onların çox yaxşı maddi-texniki bazaları var. Ümid edirik ki, gələcəkdə digər klublarımızın idmançıları da nəticə əldə edəcək, onlar da yaxşı idmançılar yetişdirib, bizə dəstək olacaqlar. Nəzərə alsaq ki, cüdoya olan maraq artıb, uşaqlar bu idman növünə çox maraq göstərirlər. Düşünürəm ki, gələcəkdə Azərbaycan cüdoda uğurlar əldə edəcək. Əsas məsələ maddi-texniki bazadır ki, bu məsələdə də cənab Vizer milli komandamızın məşq etdiyi bazaya baxdı, həmçinin, Sumqayıtda açılan yeni təlim-məşq bazası ilə tanış oldu. Həm də regionlardakı bazalarımızın və idman komplekslərimizin fotolarını ona göstərdik. Vizer özü də heyranlığını bildirdi və belə yaxşı təlim-məşq bazası görmədiyini söylədi.
– Dünya çempionatındakı azarkeş sayı sizi qane etdimi?
– Bu, IJF-in təşkil etdiyi yarışdır. Arenada 5 min yer var idisə, bunun bir hissəsi beynəlxalq qurumun dəvət etdikləri idi. Xarici qonaqlar, jurnalistlər, cüdoçular və onların məşqçiləri, ailələri üçün ayrılmış yerlərə biletlər satılmırdı. Satış üçün bizə 3 minədək yer qalmışdı. Azarkeşlər də bu yerlərdə otururdular. Qonaqlar onlar üçün ayrılan yerlərdə vaxtında otursaydılar, arenadakı boşluq hiss olunmazdı. Məsələn, Hidayətin görüşü zamanı arena tam dolu idi. Dünya çempionatının 8 gün davam etdiyini nəzərə alsaq, azarkeş marağının yüksək olduğunu demək olar.