“Nümunəvi qurumlar olaraq Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin, şəhər Mədəniyyət İdarəsinin, Təhsil Şöbəsinin adını çəkmək olar.”
“Sumqayıt Istilik Təchizat İdarəsi ilə, şəhər Telekommunikasiya Qovşağı ilə, Nəqliyyat Departamenti ilə işləmək isə çətindir.”
“168 saat” qəzetinin baş redaktoru Vüsal Məmmədovun PARİTET qəzetinə müsahibəsi
Söhbətləşdi: Günay BÜNYADZADƏ
Qəzetimizin ötən saylarında bəzi regionlarda mətbuatın rolundan, mövcud vəziyyətindən söz açmışdıq. Sumqayıtda yenicə fəaliyyətə başlamış ilk elektron medianın fəaliyyətini qeyd etmişdik. Bu dəfə Sumqayıtda uzun illər fəaliyyətini davam etdirən yazılı mətbuatı olan “168 saat” qəzeti haqqında danışmaq üçün qəzetin baş redaktoru, 2008-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin gənc jurnalisti” adına layiq görülmüş Vüsal Məmmədovla həmsöhbət olduq.-Fikrimcə, “168 saat” yarananda biz qələm tutmağı hələ öyrənməmişdik. Məhz bu baxımdan qəzet məndən 1 yaş böyükdür. “168 saat” 1991-ci ilin may ayının 14-də fəaliyyətə başlayıb. Sumqayıt Komsomolunun orqanı kimi təsis edilmiş bu qəzet ölkəmizin müstəqillik əldə etməsindən sonra müstəqil nəşr kimi fəaliyyət göstərməyə başlayıb. Ölkənin ilk müstəqil media orqanlarından biri olan “168 saat”ın bu illər ərzində tarixi yol keçdiyini desəm, yəqin məni qeyri-təvazökarlıqda qınamazsınız.“168 saat” müəyyən dövrdə özünü biznes layihə kimi də təsdiqləyib. Qəzetimiz dünya mediası və biznesini araşdıran beş beynəlxalq mükafata layiq görülüb. Səhv etmirəmsə, bu, ölkə üzrə yeganə bu cür faktdır. Bu qəzet artıq bir qəzetçilik məktəbi kimi özünü təsdiqləyib. Mətbuatdan, teleefirdən çox yaxşı tanıdığımız onlarla jurnalist adı çəkə bilərik ki, onlar məhz bu qəzetin şinelindən çıxanlardır. Bəzən hesab edirlər ki, intellektual mərkəzlər mərkəzdən regionlara doğru getdikcə zəifləyir, ancaq həmin peşəkar jurnalistlər məhz regiondan çıxmışdı.-Ən tanınmışlardan onlar arasında kimlər var?- Məsələn, Azərbaycan Televiziyasının Dövri Nəşrlər və Sosioloji Araşdırmalar Departamentinin rəisi Varis Yolçiyev, yenə həmin televiziyanın sədr müavini Faiq Hüsiyev, AzTV-nin Orta Asiya üzrə xüsusi müxbiri Aida Eyvazlı, “İç xəbər”də məşhurlaşmış Azər Məmmədov, “Lider” TV-də mənim adaşım – Vüsal Məmmədov kifayət qədər tanınmış və peşəkar jurnalistlərdir.Qəzetin fəliyyəti ilə bağlı bir məqamı da qeyd etmək istərdim – “168 saat”ın fəaliyyəti dövründə ayrı-ayrı səbəblərdən dövriliyini itirdiyi vaxtlar da olub, hətta tamamilə bağlandığı vaxtlar da. Ancaq unudulduğu vaxt olmayıb.– Bəs bu gün necə, qəzet özünü doğruldurmu?-Bu gün isə bildiyiniz kimi, qəzetimiz regionda – elə fəaliyyətə başladığı Sumqayıtda qərarlaşıb, hazırda ölkənin ən yüksək tirajlı və ən irihəcmli regional qəzetidir. Hesab edirəm ki, qəzet əyalətdəki informasiya boşluğunu ortadan qaldırmaq iqtidarındadır və bu işin öhdəsindən pis gəlmir. Təsadüfi deyil ki, sonuncu prezident seçkiləri dövründə ATƏT regionlarda medianın balansı necə qoruduğunu araşdırmaq üçün monitorinq aparırdı və həmin vaxt Sumqayıtdakı vəziyyəti öyrənmək üçün öz uzunmüddətli müşahidəçilərini bu regionda yalnız “168 saat”ın redaksiyasına göndərmişdi.
– Fikrinizcə, Sumqayıtda yerli mətbuat orqanlarının fəaliyyəti oxucuları qane edirmi? Ümumiyyətlə, burada kifayət qədər yazılı mətbu orqanları varmı?- Hər halda bu suala oxucuların əvəzinə cavab vermək çətindir. Ancaq indi ümumi tendensiya belədir ki, daha çox qəzetçilər oxuculardan narazıdır, xəsislikdənmi, pulsuzluqdanmı, yoxsa başqa bir səbəbdənmi oxucular qəzetdən üz çeviriblər. Ola bilər ki, sən qəzet olaraq yerli telekanaldan daha ciddi, daha obyektiv və qərəzsiz informasiya və araşdırmalar təqdim edirsən, ancaq biz həftədə bircə dəfə 30 qəpik verib qəzet almağı artıq xərc hesab edirik. Ancaq hər gün “Çiko”ya verdiyimiz, övladımızın hər gün internet klubda və çayxanada xəclədiyi manatları artıq xərc hesab etmirik. Hazırda Sumqayıtda 10-a yaxın qəzet dərc olunur, ancaq onların əksəriyyətinin dövriliyi əsasən maddi problemlər üzündən qaydasında deyil. Bu qəzetlərin regionda xəbərin çatdırılmasında, regionun ictimai-siyasi və sosial mənzərəsinin tərəfsiz təqdimindəki yeri isə artıq yəqin ki, başqa mövzunun söhbətidir.
-Az öncə qeyd etdiniz ki, qəzetiniz regiondakı informasiya boşluğunu aradan qaldıra bilir – hər halda bu işin öhdəsindən pis gəlmir. Bəs necə hesab edirsiniz, siz rəqabətdə yerli telekanala – artıq uzun illərdir ki, Sumqayıtda fəliyyət göstərən “Dünya” TV-yə uduzmursunuz ki?- Ümumiyyətlə, biz qəzetçilər bunu nə qədər qısqanclıqla qarşılasaq da, bu gün qəzet informasiyanın çatdırılmasında böyük hesabla televiziyaya uduzur. Ən azı texniki baxımdan qəzet operativlikdə televiziya ilə, elektron media ilə ayaqlaşa bilməz. Məsələn, “Paritet”in və ya “168 saat”ın, hətta lap hər hansı gündəlik qəzetin müxbiri hadisə barədə informasiyanı televizyonçu müxbirdən tez əldə edə bilər, amma axı onu oxucuya çatdırmaq üçün ən azı sabahı – qəzetin çıxmasını gözləmək lazımdır. Televiyada isə xəbərin çatdırılması üçün saniyələr bəs edir. Odur ki, qəzet artıq informasiya daşıyıcısı kimi gücünü itirməyə doğru gedir, daha çox faktın, problemin təhlilinə köklənir. İndi Avropada da bu meyllər var – oxucular həftəlik-analitik məcmuələrə xüsusilə üstünlük verirlər. Bizim qəzet də informasiya çatdırılmasını öz əsas missiyası hesab etmir, əsas məsələ informasiyanın analizi, ayrı-ayrı problemlər barədə araşdırmalar təqdim etməkdir. 16 səhifəlik buraxılışımızın ümumilikdə yalnız 2, maksimum 3 səhifəsini informasiya doldurur, bizim üçün prioritet informasiyanın dərk olunmasında, həzm olunmasında oxucumuza kömək etməkdir. Əgər sən faktı, informasiyanı təhlil edirsənsə, təhlilin özündə də bir informasiya var. Hesab etmirəm ki, biz yerli telekanalla rəqabət şəraitində işləyirik. Ola bilər ki, rəsmi xəbərlərin çatdırılmasında biz geri qalırıq, ancaq nəzərə almaq lazımdır ki, yerli televiziydan fərqli olaraq biz yalnız rəsmi xəbərlərlə kifayətlənmirik, şəhərin problemlərini də daim qabardırıq. Məncə, daha bir fərqimiz bizim analitik missiyamızdadır.-Ümumilikdə Sumqayıtda media orqanlarının fəaliyyəti nə dərəcədə qənaətbəxşdir və bu sahədə mövcud problemlər hansılardır?- Jurnalistikanın nəzəriyyəsi ilə məşğul olan əksər mütəxəssislər hesab edir ki, jurnalistikanı Amerika, Britaniya, Fransa, Rusiya və s. ölkə jurnalistikasına ayırmaq doğru deyil. Heç şübhəsiz ki, bir ölkə daxilində də bu cür qruplaşdırmalar aparmaq olmaz, eləcə də mətbuatın problemləri ilə bağlı. Bu gün ümumilikdə ölkə mətbuatı üçün hansı problemləri görürsünüzsə, onları region mətbuatına da aid edə bilərsiniz. Üstəgəl əyalətlərdə əlavə problemlər də var. Məsələn, paytaxtdakı məmur informasiya vermək baxımından regiondakından daha səxavətlidir. Çox tez-tez olur ki, telefon vasitəsilə informasiya almaq istəyən əməkdaşlarımızla məmurlar arasında problemlər yaşanır. Sumqayıtda mətbuatla işləyə bilən, yəni informasiya açıqlığını təmin edən deyərdim ki, nümunəvi qurumlar var – şəhər icra hakimiyyətinin saytı bugün ölkənin digər regionlarının icra aparatlarının elektron səhifələrindən dəfələrlə yaxşı səviyyədədir. Bu mənada Gənclər və İdman Baş İdarəsinin, şəhər Mədəniyyət İdarəsinin, Təhsil Şöbəsinin də adını çəkmək olar. İkinci qrup isə jurnalistə və diktofona qarşı allergiyası olan qurumlardır. Məsələn, bu baxımdan Sumqayıt İstilik Təchizat İdarəsi, şəhər Telekommunikasiya Qovşağı və Nəqliyyat Departamenti ilə işləmək çətindir. Biz çalışırıq ki, bir neçə mənbədən dəqiqləşdirilmiş informasiyalara üstünlük verək. Eləcə də araşdırmada balansın gözlənilməsini, faktla, problemlə bağlı bütün iştirakçı tərəflərin mövqeyini əks etdirilməsini vacib hesab edirik. Bəzi qəzetlər kimi səhifələrimizi “etibarlı mənbədən”, “adının çəkilməsini istəməyən mənbədən” “alınmış” informasiyalarla və bir tərəfin mövqeyini əks etdirən yazılarla doldurmuruq. İnformasiya nyusmeykerdən daxil olubsa və məlumatın mənbəyini qorumaq lazımdırsa da, axı bu informasiyanı leqallaşdırmağın metodları var. Eləcə də regionlarda mətbəə problemi var. “168 saat” çap olunmaq üçün Bakıdakı mətbəələrə üz tutmalı olur, bu isə əlavə vaxt və pul itkisidir.
Bu yaxınlarda KİV-ə Dövlət Dəstəyi Fondunun və Mətbuat Şurasının Lənkəranda keçirilən toplantılarından birində fikir səsləndirildi ki, gələcəkdə regional media qurumları da Fondun yardımlarından faydalana biləcək. Aydın deyil – nəyə görə bu məsələ gələcəyə saxlanır, özü də qeyri-müəyyən gələcəyə. Məgər, regional mətbuatın problemləri azdır, yoxsa onlar hələ gözləyə bilər? Əgər hədəf sağlam, peşəkar mətbuatın inkişafıdırsa, o zaman indi fondun etdiyi kimi qəzetin dövriliyinə riayət edib-etməməsinə baxmaq lazım deyil. Əgər qəzet dövriliyini qoruya bilmirsə, deməli, onun maddi problemləri var – yardım məhz bu cür problemləri olan mətbu orqanlara olmalıdır ki, onlar tarazlığını bərpa edə bilsin. Axı söhbət KİV-in inkişafına dəstəkdən gedir. Eləcə də regional nəşrlərin layihələrdə iştirakı nəinki təmin olunmalıdır, hesab edirəm ki, hətta müsabiqədə onlara müəyyən güzəştlər edilməlidir. -Ölkədə “Diffamasiya haqqında” qanunun qəbul olunma perspektivini necə qiymətləndirirsiniz?- Fikir vermisinizsə, heç vaxt heç kim müəllimə necə dərs keçməli olduğu, həkimə necə müalicə etməli olduğu barədə məsləhət verməyə can atmır, amma hamı jurnalistə necə yazmalı olduğu, hansı mövqedə durmalı olduğu barədə məsləhət verir. Bəlkə də bu, bir az qələm əhli üçün qıcıqlandırıcı ola bilər, ancaq görünür, bu, ondan irəli gəlir ki, jurnalistin sözü təkcə onun deyil, böyük bir kütlənin fikrinin ifadəsi kimi qəbul olunur. İstənilən halda jurnalist unutmamalıdır ki, o tirajlanan sözün müəllifidir və bunun məsuliyyəti dostları, yaxınları arasında danışdıqları ilə eyni çəkidə deyil. Mənə elə gəlir ki, hələ ki, bizdə nə KİV nümayəndələri, nə də məmurlar diffamasiya ilə bağlı qanunun qəbuluna hazır deyillər. Nədənsə biz jurnalistlər bir çox hallarda emosiyalarımıza qapılıb da fikir ifadə edirik, məmurlar isə bu fikirləri həzm etməkdə çətinlik çəkirlər. Yüksək jurnalist etikasının vacibliyini qızğın şəkildə müdafiə edənlər hesab edir ki, nəinki şər və böhtan yol verilməzdir və buna yol verən tərəf mütləq məsuliyyətə cəlb olunmalıdır, jurnalist hərəkətlərində ən xırda detallara da diqqət etməlidir – məsələn, reportyor diktafonunu qoşmazdan öncə mütləq həmsöhbətindən icazə almalıdır. Qəzetçilər arasında belə bir dialoq məşhurlaşıb: “Nazirlə milçəyin fərqi nədədir? – Nazirlə milçəyin heç bir fərqi yoxdur, onların hər ikisini qəzetlə öldürmək mümkündür”. Təəssüf ki, bizdə bəzən hesab edirlər ki, nazirlə milçəyin hər ikisini qəzetlə öldürmək nəinki mümkündür, hətta labüddür. Hərdən unuduruq ki, məmur da insandır, onun da övladı, yoldaşı, dostu var, axı insanı təhqir etmək istənilən halda yolverilməzdir. Xüsusilə köşə yazarları buna yol verirlər, məsələn, mən Zamin Hacı, Samir Sarı kimi yazarların nəyə lazım olduqlarını anlamıram. “168 saat”dakı İmran da həmin üslub da yazır, buyurun müqayisə edin – baxmayaraq ki, İmranı Zamindən və Samirdən xeyli az adam tanıyır, ancaq İmran daha dərin, daha dəyərli yazıların müəllifidir. Və yaxud “Ayna” qəzeti niyə özünü doğrultmadı, niyə “Yeni Müsavat”la rəqabətdə uduzur. Çünki “Ayna” daha ciddi jurnalistika ilə məşğuldur, şou ilə yox.– “168 saat” qəzetinin Sumqayıtın digər media orqanları ilə hər hansı bir əməkdaşlığı varmı?- Bəli, bu baxımdan müəyyən təşəbbüslərlə çıxış edirik, eyni zamanda həmkarlarımızdan gələn təkliflərə də konstruktiv yanaşırıq. Sumqayıtın digər media qurumları ilə birgə bir neçə dəfə dəyirmi masalarımız olub. Xüsusilə www.sumqayitxeber.com saytı ilə – Sumqayıtın ilk online qəzeti ilə çox yaxından əməkdaşlıq edirik. Hətta ötən il “168 saat”, sumqayitxeber.com və Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə “168 saat oxumasaq da 1 saat oxuyaq” adlı olduqca qeyri-adi qəzet oxuma aksiyası təşkil etmişdik. Aksiya şəhərdə böyük maraqla qarşılanmışdı, ölkə mediasında da geniş şəkildə işıqlandırılmışdı.
Hesab edirəm Vüsalin,bizdə jurnalistlərin və məmurlarin diffamasiya haqqinda qanunun qəbuluna hələ hazir olmamasi və “Ayna” qəzeti haqda fikirləri lap ‘doqquzluğa” dəyib.