Tanınmış aparıcı Vüsalə Kərimovanın Oxu.Az-a müsahibəsi:
– 22 ildir media sahəsindəsiniz, müxtəlif sahələrdə, xüsusilə, siyasət sahəsində çalışmısınız. Ancaq insanların böyük bir qismi sizi şou xarakterli verilişlər aparandan sonra tanıdı. Bu, sizi narahat etmir ki?
– Əslində, cəmiyyət bir neçə təbəqəyə ayrılır. Bu, cəmiyyətin bir təbəqəsi idi. Hansı ki, ancaq şou-biznesi izləyirlər. Ancaq dövlət rəsmiləri, nazirliklərin çalışanları, idarə işçiləri isə məni əvvəldən tanıyırdı. Təbəqələr müxtəlif olduğuna görə mənim kimi adamda narahatlıq yarada bilməz. Bu, nəyə bənzəyir? – Bayağı musiqi və klassik əsər.
Bayağı musiqini hamı bəyənə bilmir, həmçinin də klassik əsərləri. Zövqlər müxtəlifdir. Bu cür tərəziyə qoysaq, əminəm ki, məni başa düşərsiniz.
– Bəs siz bu tərəzinin hansı tərəfini daha çox sevirsiniz?
– Ağır gələn tərəfini daha çox sevirəm (gülür).
– Ağır gələn hansı tərəfdir?
– Siyasi tərəfidir. Orada daha çox olmuşam, siyasəti daha güclü bilirəm. Şou-bizneslə bağlı biliyim isə ölkənin xarici və daxili siyasəti barədə olan məlumatlarımdan daha azdır. Həmişə özümü orada görmüşəm. Şou-biznes hissəsi mənim pul qazandığım sahədir. Baxmayaraq ki, uzun müddətdir siyasətdən uzağam, ancaq yenilikləri hər zaman izləyirəm. Kiminsə həyat tərzi, kimin kiminlə sevgili olması mənə maraqlı deyil. Hər kəs özü bilər.
– Bildiyim qədərilə, prezident müxbiri olaraq da çalışmısınız…
– Bəli, xəbərlərdə çalışdığım vaxtlarda prezident İlham Əliyevlə və Heydər Əliyevlə siyasi görüşlərə mən də getmişəm. Azərbaycanda prezident səviyyəsində keçirilən görüşlərdə də müxbir kimi iştirak etmişəm. 14 il xəbərlər bölməsində işləmişəm və prezident müxbiri olaraq çalışmışam.
– Şouya keçid necə oldu?
– Xəbərlərdən ayrılandan bir müddət sonra “Araz” radiosuna direktor təyin olundum. Radioya keçiddən sonra avtomatik şou-biznesin içərisində olursan. Radionun 70 faizi musiqidən, qalanı isə digər şeylərdən ibarətdir. Bu sahəni öyrənməyə məcbur idim. Başladım müğənniləri tanımağa, onları öyrənməyə. Oraya gələndə Xalq artistləri, Əməkdar artistlərdən başqa müğənniləri tanımırdım. Bu da onların sərəncamlarını oxuyarkən, haqlarında məlumatım olmuşdu.
Onları belə tanıyırdım. Radiodan sonra “Muz” TV-yə direktor getdim. Orada da rəhbər idim, musiqi sahəsi idi. “Muz” TV-də siyasət və şou tandem idi. Çünki hər hansı ölkənin siyasətini bilməsən, efirə buraxdığın musiqi hansısa siyasi səhvə səbəb ola bilər. İki sahəni də mükəmməlləşdirdim. Siyasi sahədə daha peşəkaram, şou-biznesi də kifayət qədər bilirəm.
– Tək qadın olmaq, çiyinlərində yük daşımaq bir müddət sonra insanı yorur. Siz necə, yorulmusunuz?
– Bu, bir az çətin sualdır. İnsan bəzən çox yorulur. Ətrafından, insanlardan, doğmalarından belə yorulur. Tək qadın olmağın yükü ağırdır. Tək qadınsansa, bir işin arxasınca qaçırsan və o işin arxasında sənə başqa gözlə baxırlar. Görürsən ki, onların baxdığı gözlə işinə yanaşsan, işin irəli gedəcək.
O zaman sən sınırsan, düşünürsən ki, niyə axı belə? Məgər hamı pozğun olmalıdır? Niyə kişilərimiz qadını ancaq pozğun görmək istəyirlər? Niyə mərd görə, mərdi-mərdanə yardımçı ola bilmirsən? Niyə cənnəti sağlığında qazanmırsan? Bu suallar adamı yorur və ətrafından yorulursan, bezirsən.
Məndə belə bir şey də var ki, depressiyaya düşürəm və özümü çıxarıram. Haçan büdrəyirəmsə, o zaman daha yaxşı ayağa qalxıram. Özümə stimul verməyi bacarıram. İnsanlara, paxıllara baxıram. Mənə ən böyük stimul verən paxıllardır. İnsan niyə paxıl olsun ki? Bu, mənə çatmır.
Heç vaxt kiməsə həsəd aparmamışam. İstər bacarığına, gözəlliyinə, qabiliyyətinə və s. Əksinə, gözəl insan görəndə ona tamaşa etmək mənə ləzzət edib. Deməmişəm ki, bu, niyə belə gözəldir, amma mən deyiləm?
Paxıl o insandır ki, gecə yorğanını başına çəkəndə fikirləşir ki, Vüsalə filan şey etmişdi. Özü qalıb kənarda, ancaq Vüsaləni düşünür. Biri də var ki, gecə yatanda özünə hesabat verirsən ki, mən bu gün neylədim və sabah neyləyəcəyəm?
Günlə yaşamağı sevirəm, xəyalpərəst deyiləm. Nə zaman xəyal qurmuşamsa, uçurama getmişəm. Reallıqla yaşayıram.
– Bayaq həsəd aparmaq dediniz. Hansısa jurnalistlə eyni mövzunu yazanda baxıram ki, o, məndən daha yaxşı yazıb və mövzunu işləyib. Daha gözəl sözlərdən istifadə edib. Deyirəm ki, mən niyə belə yazmamışam. İçimdə ayırd edə bilmirəm ki, bu, paxıllıqdır, yoxsa yox?
– Bu, peşə rəqibliyidir. Olub ki, xəbərlərdə işlədiyim dönəmlərdə bir jurnalist iki reportaj hazırlayıb. Öz-özümə demişəm ki, mənim nəyim ondan əskikdir? Niyə bir reportaj hazırlamalıyam? Səhəri gün üç reportaj hazırlamışam. Bu, artıq sağlam rəqabətdir. Səndə də həmçinin. Sabah sənin yazdığın isə ondan daha gözəl olur. Bu, nə həsəd, nə də paxıllıqdır. Harada sağlam rəqabət var, orada iş var.
Oğlum orta məktəbdə qiymət alanda gəlirdi, deyirdim ki, əla, amma sən daha gözəl qiymət ala bilərsən. Bu, oğlum 3 alanda da belə idi, 5 alanda da. Sonra o daha gözəl nəticə ilə gəlirdi.
Hesab edirəm ki, stimulla insan daha çox irəli gedir. Bu, yaradıcı insanlarda daha çox işə yarayır. Belə valideynlər çox görmüşəm ki, uşaqları yaxşı nəticə göstərib, amma onu tənqid ediblər. Demişəm ki, niyə belə edirsiniz? Deyirlər ki, qoy, daha yaxşı oxusun. Axı, sən onun qol-qanadını sındırdın, gələn dəfə belə olmayacaq. Uşaq həvəsdən düşəcək.
Stimul özümdə olub deyə, onu uşağıma da keçirmişəm.
– Elə valideynlər var ki, həyatdan bəzi qorxuları olur. Düşünürlər ki, bu qorxuları gələcəkdə onların övladlarının üzərində gerçəkləşə bilər…
– Heç vaxt elə qorxu yaşamamışam, oğlumu sərbəst böyütmüşəm. Mən ona “olmaz” deməmişəm, “olmaz”ı aşılamışam. Özü-özünə “olmaz” deyib. Mənə də heç kim sərhəd qoymayıb. Özümü inkişaf etdirib, üzərimdə senzuralarımı müəyyənləşdirmişəm. Eləcə də, oğlum. İnsanlara sərbəstlik verəndə, o, öz sərhədlərini müəyyənləşdirir.
Bəzən valideyn elə hesab edir ki, uşaq onun əmlakıdır. Necə istəyir, elə də idarə edə bilər. Bunun əlehinəyəm. Valideyn, sadəcə, uşağın dünyaya gəlməsinə bir vasitədir. Sadəcə, yol göstərə, düzgün istiqamətləndirə bilərsən ki, sabah sənin istədiyin kimi bir vətəndaş olsun.
Təməlini düzgün qoymursan, uşaq böyüyəndə də deyirsən ki, mən deyən olmalıdır. Neyləsəndə olmayacaq. O, artıq formalaşıb. Formalaşmamışdan öncə sərbəstliyi vermək lazımdır ki, ayaq üstdə durmağı bacarsın. Qərar versin, fikrini yürütsün. Uşaq ağzını açır, ağzının üstündən birini vururlar ki, sən sus, balacasan, danışma. Belə olanda övlad çətin böyüyür.
– Oğlunuz Türkiyədə təhsil alır, ayrı qalmaq çətin deyil ki?
– Əslində, çox çətindir. Onun xaricdə oxumasını mən istəyirdim. İnsanlar mənə irad tuturdu ki, bir oğlun var, niyə xaricə göndərirsən?! Başa sala bilmirdim ki, təklikdən darıxacağam deyə, övladım yaxşı təhsil almasın? Onun gələcəyi gözəl olmalıdır. Heç peşman deyiləm. Bizim universitetlərdə təhsil alan qohumlarım var. Onların təhsil almasında, qiymətlərinin yazılmasında birbaşa yardımçı olduğum üçün bilirəm ki, hansı zülmlə oxuyurlar. Uşaqlar dərsə getmir, müəyyən bir məbləğə imtahan qiymətlərini yazdırırlar.
Mən oğlumun nə dərsinə, nə imtahanına pul verirəm. İmtahan vermək üçün yaxşı oxumalıdır. Mənə də bu lazım idi ki, oğlum gözəl bir kadr kimi yetişsin. Düzdür, o da ölkədən kənarda yaşaya bilmir. Bakını çox sevir. Onsuz da təhsilini bitirəndən sonra Bakıda yaşayacaq. Nəyi pisdir ki? Ölkəyə gözəl kadr yetişdirirəm (gülür).
– Kiminsə sizdən istifadə etdiyini görəndə necə davranırsınız?
– Gülməyim gəlir. Qarşımdakı adam özünü ağıllı hesab edir, amma bilmir ki, mən ondan daha ağıllıyam. Bilirəm ki, məndən istifadə edir. İstifadə etməyə çalışır. Özümü gic kimi göstərirəm, amma həmin an nə qədər zövq alıram. Bir də qarşımdakı insanın mənə yalan danışdığını bilirəm.
Gözlərinin içinə baxıram, yalanı elə gözəl danışır ki, ondan zövq alıram. Peşəkar aktyor olmaq başqa şeydir, bunu yaşamaq başqa. Axı mən bilirəm, sən yalan danışırsan, niyə edirsən, ay bədbəxt? Düzünü de, ən gözəl biclik düzlükdür. Düzgün olmağı sevirəm. Ən pis hərəkəti etsəm belə, gəlib deyərəm ki, bu hərəkəti etmişəm. Yesən də budur, yeməsən də (gülür).
– Nəyə şükür edirsiniz?
– Şükür etməyi sevirəm, çox şükür ki, dilimdə şükür var.
– Bəs nədən qorxursunuz?
– Yaxınlarımı, dəyər verdiyim insanları itirməkdən. Çalışıram, o tərəfini düşünməyim. O an düşünməkdən vazkeçirəm. Görün, mən hissdən nə dərəcədə qorxuram.
– Nə vaxtsa, atanızı (Əməkdar artist Vaqif Kərimov – red.) bağışlamaq fikriniz var?
– Mən yeddi il öncə “heç vaxt, heç vaxt” deməkdən vazkeçmişəm.
– Səbəb nə idi?
– Çünki “heç vaxt, heç vaxt” dediyim bir söz var idi, amma oldu. Vazkeçdim, başımdan böyük danışmadım. Amma yenə də “heç vaxt” demirəm. “Allah bağışlayandır, bəndələr nə karədir?”, – deyə düşünürəm. Amma o hissi Allah insanın içərisinə salmalıdır. Bu gün belə bir fikrim yoxdur. Gələcəkdə nə baş verəcək, bunu deyə bilmərəm.
– Atanız işdən çıxarılıb. Bundan xəbəriniz var?
– Yox, onun işdən çıxarıldığını səndən eşidirəm. Heç xəbərim yox idi. Düzü, maraqlanmıram. Yəni, olmayan şeyi var etmək istəyirlər, bu hiss məndə yoxdur. Bu hissi yaşamamışam.
– Ata həsrəti çəkməmisiniz?
– Axı, insan onun nə olduğunu bilməlidir ki, həsrətini də çəksin. Əgər mən bir şeyin dadını bilmirəmsə, onu necə arzulaya bilərəm?
– Sizi tərk edəndə neçə yaşınız var idi?
– Ümumiyyətlə, anamın atasının evində doğulmuşam. Məni bəzən qınayırlar. Nə qədər üstümə gələn, özünü çoxbilmiş hesab edən oldu. Amma o adamlara başa sala bilmirəm ki, mən bu konfeti yeməmişəm. Dadını bilmirəm, necə arzulaya bilərəm? Bunun nə olduğunu da bilmirəm. İnsan dadı damağında qalan bir şeyi arzulaya bilər.
Atanı görmüsən, onunla yaşamısan. O rəhmətə gedəndə anırsan, acı yaşayırsan, onun yolunda ağlayırsan. Niyə? İnsanın içi yanmasa, gözündən yaş çıxar? Kimə görə yaş tökürsən? Sevdiyin insana görə. Axı, mən bu insanı yaşamadım, necə sevim? Görmədim, duymadım, hiss etmədim, varlığını bilmədim. Necə sevim? Sevgi verim? Məni düzgün başa düş. Qonşunun atasını sevməklə öz atamı sevmək mənim üçün eyni şeydir. Yaşamadığım hissdir. Ünsiyyətdə olmadığım, görmədiyim, nələri sevib-sevmədiyini bilmədiyim birini necə sevə bilərəm? Amma qınamaq çox asandır.
– Bu illər ərzində sizə qarşı addım atmayıb?
– Mən 9 ya da 10-cu sinifdə oxuyurdum, o vaxtadək şəklini belə görməmişdim. Bəlkə də, tamaşalarını izləyirdim, amma bilmirdim kimi izləyirəm. Heç kim mənə deməyib ki, filankəs sənin atandır. Burada təkcə atamı qınamıram, anamı da qınayıram. İnsanlar bir-birilə uyğun gəlməyə bilər, ancaq ortada bir övlad varsa, onun günahı yoxdur. Biz axı belə şeyləri sevirik. Münasibətlər yaxşı deyilsə, bu hikkəsindən uşağını ona göstərmir, həmçinin o da buna. Sonda da qınanan uşaq olur. Niyə?
Mən də yoldaşımdan ayrılmışam. Amma gəlin, görün, övladım atası haqda nə deyəcək? Mənim yoldaşım haqda fikrim necədir? Nə olsun ayrılmışıq? O, oğlumun atasıdır. Əgər yaxşı adam olmasaydı, oğlumun atası olmazdı. Üstəlik, mən boşanmışam, oğluma nə?
Ata olmaq asandır, ancaq atalıq etmək çətindir. İnsanlar özlərində günah axtarmalıdır. Bu gün əgər əziyyət verən tərəfəmsə, deməli, onların günahının səbəbiyəm.Yeri gələndə anamda da günah var ki, mən heyif çıxmaq üçün vasitə olmalı deyildim. Nəticə bu gün çox acınacaqlıdır. Mən atamı sevmirəm.
Pərviz Hüseyn
www.oxu.az