Xalq artisti Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə təqsirli bilinən Asif Həmidovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə baxılıb.
Bu gün Nərimanov Rayon Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə baştutan prosesdə qərar elan edilib.
Qərara görə, Asif Həmidovun vəkili Fariz Namazlının vəsatəti təmin edilməyib.
Asfi Həmidovun vəkili Fariz Namazlı bildirib ki, müdafiə etdiyi şəxsin ona qarşı irəli sürülən ittihamlarla heç bir əlaqəsi yoxdur: “Nazpəri Dostəliyevanın evində oğurluq hadisəsi baş verən zaman Asif Həmidov orada olmayıb. O həmin vaxt Sumqayıtda olub. Onun bu işlərdən, oğurluq hadisəsindən xəbəri yoxdur və buna görə də müvəkkilimin kimlərləsə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyini, kiminsə evinə oğurluğa getməsini söyləmək əsaslı deyil”.
Fariz Namazlı əlavə edib ki, Nərimanov rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti veriləcək.
İttihama görə, 19 avqust 2017-ci il tarixində naməlum şəxs və ya şəxslər Bakı şəhəri Nərimanov rayonunda yaşayan Nazpəri Dostəliyevanın mənzilinə açarseçmə üsulu ilə qanunsuz daxil olaraq içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlayıblar. Polis əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət hadisəsinin Sumqayıt şəhər sakinləri əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Yunis Hüseynli və Asif Həmidov tərəfindən törədildiyi məlum olub.
Avqustun 28-də isə cinayətkar qruplaşmanın daha iki üzvü – Sumqayıt sakinləri, 1986-cı il təvəllüdlü Cavid Əliyev, 1990-cı il təvəllüdlü Natiq Fərəcov müəyyən ediliblər. Dəstə üzvləri seyfin içindən götürülən pulu və qızıl-zinət əşyaların satışından əldə olunan maddi vəsaiti öz aralarında bölüblər. Həmçinin müəyyən edilib ki, həmin şəxslər seyfi bir gün sonra Sumqayıt şəhəri ərazisindən keçən kanala atıblar. Baxış zamanı seyf qeyd edilən həmin kanaldan aşkar olunaraq götürülüb. Daha sonra Asif Həmidovun avtomobilindən, Yunis Hüseynli və Ruslan Verdiyevin yaşadıqları ünvanlardan narkotik heroin götürülüb.(Publika)
Xalq artistinin evindən oğurluqda ittiham olunan Sumqayıt sakini ilə bağlı məhkəmə QƏRAR VERDİ
•
752