“Azərbaycan ordusunun qələbəsi ilə bitən aprel döyüşlərindən altı il ötür. 2016-cı ildə baş vermiş dördgünlük müharibədə qəhrəman əsgər, gizir və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad ediblər”.
Bu fikirləri YAP Gənclər Birliyinin sədr müavini Sevinc Qasımova deyib. Gənc fəal bildirib ki, həmin il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində təxribatları, Azərbaycan ordusuna hücumu nəticəsində ciddi döyüş başlayıb:
“Dördgünlük müharibə zamanı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən “Lələ təpə” adlandırılan yüksəkliyə nəzarəti ələ keçiriblər. Döyüşlər nəticəsində, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin edib.
Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, 320 döyüşçüsü öldürülüb və 500-dən artıq döyüşçüsü yaralanıb.
Şiddətli döyüşlərdən sonra aprelin 3-də Azərbaycan Silahlı Qüvvələrinin düşmənə qarşı əks-həmlə əməliyyatının və cavab tədbirlərinin dayandırılmasına baxmayaraq, Ermənistan tərəfi vəziyyəti gərginləşdirməkdə davam edib. Düşmən tərəfi itirilmiş mövqelərinin geri qaytarılması məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə hücum edib və təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutub. Aprelin 3 və 4-nə keçən gecə ərzində aparılan döyüşlərdə ermənilər canlı qüvvə və hərbi texnika sarıdan çoxsaylı itkilərə məruz qalıb. Düşmənlə döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu şəhid olub.
Aprelin 4-də axşam saatlarında və aprelin 5-nə keçən gecə ərzində bütün cəbhə boyu vəziyyət gərgin olaraq qalıb. Cəbhə xəttinin Xocavənd-Füzuli və Ağdərə-Tərtər istiqamətlərində itirilmiş mövqelərinin geri alınması üçün Ermənistan tərəfi qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmaqda davam edib. Lakin Azərbaycan ordusunun dəqiq zərbələri nəticəsində düşmən məğlub edilib. Aprelin 5-də hərbi əməliyyatlar dayandırılıb.
Ötən müddət ərzində işğaldan azad olunan ərazilərdə, o cümlədən aprel qələbəsi ilə düşmən təhlükəsinin uzaqlaşdırıldığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təmir-bərpa işləri aparılıb, orada yeni qəsəbə salınıb, ata-baba yurdlarından didərgin salınan insanlar geri dönüblər”.
Sevinc Qasımova qeyd edib ki, media və ekspertlərin dəyərləndirməsində bəzən 6 il əvvəlki 4 günlük müharibə “44 günlük müharibənin məşqi” adlandırılır:
“Həqiqətən də, ordumuzun bu qədər qısa müddətdə qazandığı nailiyyət Ermənistanın ərazilərimizdə qurmağa çalışdığı “keçilməz sədd”in darmadağın edilməsi və düşmən tapdağındakı ərazilərimizin azad olunması baxımından strateji əhəmiyyətli qələbə idi. Ona görə, döyüşlərdən sonra Ermənistanın hərbi-siyasi rəhbərliyi sülh vədləri ilə çıxış etməyə başladı, danışıqlar sürətləndi. Lakin bütün proseslərdə olduğu kimi Ermənistan yenə də ikiüzlü addımlar və bəyanatlarla qeyri-konstruktiv mövqeyinə qayıtdı. Amma aprel döyüşlərindən sonra hərbi-psixoloji üstünlük Azərbaycana keçdi, döyüş meydanında nəyə qadir olduğunu göstərən Azərbaycan ordusu Ermənistan və havadarlarına psixoloji zərbə vura bildi.
Dördgünlük müharibə xalqımızı böyük zəfərə aparan qalibiyyət idi. Azərbaycan xalqının səbr və iradəsi, Azərbaycan ordusunun rəşadəti nəticəsində 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımız azad edildi. Məhz bu gün tarixi Qələbə qazanmış xalq olaraq aprel şəhidlərini və Vətən uğrunda canından keçən bütün oğullarımızı ehtiramla yad edirik”.
Sədr müavini onu da vurğulayıb ki, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza atmaqla nəyi nə zaman etməyi bildiyini bir daha işğalçıya və bütün dünyaya göstərdi:
“Vətən müharibəsi zamanı 44 gün ərzində Azərbaycanın 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın yaşayış məntəqəsi, xeyli sayda strateji yüksəkliklər işğaldan azad edildi.
Şanlı Qələbəmizin nəticəsidir ki, xalqımız aprel döyüşlərinin də 6-cı ilini Zəfərin qüruru ilə qeyd edir. Bu gün Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış hazırlığı aparılır, quruculuq, abadlıq davam etdirilir, azad edilmiş ərazilərimiz öz tarixi gözəlliyini qaytarır. Cocuq Mərcanlı Qarabağa qayıdışın ilk addımı, torpaqlarımızıncanlanmasının başlanğıcı idi.
Biz şəhidlərimizin qanını yerdə qoymadıq və bu gün başımızı uca edən oğullarımızı başı dik, fəxrlə yad edirik! Azərbaycan xalqına ancaq Zəfər yaraşır!”