Xalqımızın həmrəyliyi qələbəmizi təmin etdi

837

Dünya Azərbaycanlılarının Həmrəylik günü

Həmrəylik müəyyən bir amal uğrunda insanların birləşməsi, həmfikir olması, yekdillik nümayiş etdirməsi deməkdir. Bu  həmfikirlilik azadlıq, bərabərlik uğrunda aparılan mücadilə prosesində, müəssisədaxili iş prosesində, ailədaxili münasibərlərdə də ola bilər. Bir sözlə, həmrəylik daxili bağlılıqdır, vəhdətdir.

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günüdür. Dahi öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı ən böyük xidmətlərindən biri olan bu günün qeyd edilməsi xalqın milli birliyinin, müxtəlif ölkələrdə yaşayan azəri soydaşlarımızın vahid bir məfkurə ətrafında sıx birləşməsinin nümayişidir.

Xalqımız əsrlər boyu öz tarixi, doğma Azərbaycan torpaqlarında yaşamışdır. Beş min illik dövlətçilik tarixinə malik olan Azərbaycan əsrlər boyu mücadilələr aparmış, torpağına göz dikən, azadlığını buxovlayan yadellilərlə ölüm-dirim savaşına qalxmış, saysız qurbanlar vermişdir. Bu qanlı-qadalı, dağıdıcı müharibələr, müxtəlif tarixi proseslər nəticəsində  Azərbaycanın parçalanması bir-birinə doğma olan insanların ayrı düşməsinə səbəb olmuşdur. Bundan başqa zaman-zaman deportasiyalara məruz qalaraq yurd-yuvasından didərgin salınanlar da az olmamışdır. Habelə təhsil almaq, iş tapmaq məqsədilə digər ölkələrə üz tutan  azərbaycanlılar da  hər zaman olduğu kimi, bu gün də vardır. Bir sözlə, artıq azərbaycanlılar öz tarixi torpaqlarından bütün dünyaya yayılaraq –  Avropada, Amerikada, Şərq ölkələrində,  Rusiyada, Baltikyanı ölkələrdə  iri Azərbaycan icmaları, diaspor təşkilatları yaradaraq fəaliyyət göstərirlər.

Qeyd edək ki, Dünya Azərbaycanlılarının Həmrəylik gününün əsası 1989-cu il dekabrın sonlarında Azərbaycan Xalq Cəbhəsinin təşkilatçılığı ilə Naxçıvanda SSRİ-İran sərhədlərinin dağıdılması zamanı qoyulmuşdur.  Sov. İKP-nın, Azərbaycan KP MK-nın, SSRİ sərhəd qoşunlarının rəhbərliyi bu hadisənin baş verməsinə mane olmaq üçün  siyasi və hərbi təsir vasitələrinə əl atsalar da “Sərhəd hərəkatı” adı ilə həyata keçirilən siyasi aksiyaların qarşısını ala bilmədilər. Genişlənən demokratik hərəkat nəticəsində SSRİ-nin dövlət sərhədi boyunca çəkilən sərhəd çəpərləri elliklə söküldü. İlk dəfə olaraq Arazın o tayında, bu tayında bir-birindən ayrı yaşamağa məhkum olan qohumların, həmvətənlərin ünsiyyət imkanları yarandı, sadələşdirilmiş keçid məntəqələri təşkil edildi. 1989-cu il dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik bayramına çevrildi. 1990-cı ilin dekabrında həmin günün ildönümü Naxçıvan Muxtar Respublikasında geniş qeyd edildi.

1991-ci il dekabrın 16-da dahi öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik günü elan etdi.  Elə həmin il Azərbaycan Milli Şurasının israrı ilə  Azərbaycan prezidenti Ayaz Mütəllibov 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik günü elan etmək məcburiyyətində qaldı.  Amma bu bayramın ilk dəfə dövlət səviyyəsində rəsmən qeyd olunması 1992-ci ildə Azərbaycan prezidenti Əbülfəz Elçibəyin göstərişi ilə baş tutdu. Xatırladaq ki, o, həm də Azərbaycan Xalq Cəbhəsinin sədri kimi SSRİ-İran sərhədlərinin dağıdılmasının təşəbbüskarı olmuşdur.

2001-ci il mayın 23-də Heydər Əliyevin imzaladığı sərəncamla dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların birlik və həmrəyliyinin təmin olunması məqsədilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Ulu öndər Heydər Əliyevin qurultayda  söylədiyi dərin məzmunlu nitqində dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsinin, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsinin, bu yolda qarşıya çıxan problemlərin həllinin vacibliyi vurğulandı. O cümlədən, ana dilimizin, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi və digər məsələlərə də toxunuldu.  Müdrik rəhbərin bu çıxışında söylədiyi “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – kəlamı hər bir həmvətənimiz üçün milli qürur rəmzidir.  Ümummilli liderin dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin təmin edilməsi ilə bağlı ideyaları bu gün də öz aktuallığını itirmir. Əslində, dahi öndərin diaspor quruculuğu ilə bağlı fəaliyyəti onun Azərbaycanda hakimiyyətinin ilk mərhələsinə, yəni 1969-1982-ci illərə gedib çıxır. Belə ki,  o illərdə azərbaycanlı gənclərin müxtəlif ölkələrdə təhsil almağa göndərilməsi heç də təsadüfi deyildi, dahi şəxsiyyətin hələ SSRİ dövründə həyata keçirdiyi uzaqgörən və məqsədyönlü siyasətinin  tərkib hissəsi idi. Yəni Heydər Əliyev çalışırdı ki,  azərbaycanlılar, xüsusən gənclər təkcə Azərbaycanda qalmasınlar, Sovet İttifaqının başqa şəhərlərində, respublikalarında da yaşasınlar, hər yerdə Azərbaycanın diasporu olsun, lobbisi formalaşsın.  Onun siyasi kursunu uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyev dünya azərbaycanlılarının milli həmrəyliyinin daha da gücləndirilməsi yönündə məqsədyönlü fəaliyyəti ilə hər zaman bu birliyin daha da möhkəmlənməsinə çalışmışdır.

Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Bakı şəhərində 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II,  2011-ci il iyulun 5-6-da III,  2016-cı il iyunun 3-4-də isə IV qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermiş, milli birlik və həmrəyliyin daha da möhkəmləndirilməsi işində yeni mərhələ açmışdır. Dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm tarixi əhəmiyyət kəsb edən bu qurultaylar dünya azərbaycanlılarının  həm Prezident İlham Əliyevin, həm də  Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyini bir daha təsdiqlədi.

Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşən soydaşlarımız son vaxtlarda dünyanın bir sıra iri şəhərlərində genişmiqyaslı aksiyalar, layihələr həyata keçirərək ölkəmizin milli maraqlarının, Qarabağ  həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasına səy göstərirlər.  Məhz onların aktiv fəaliyyətinin nəticəsidir ki, tarixi faktlara, ədalətə, humanizm prinsiplərinə əsaslanan Azərbaycan həqiqətləri getdikcə daha böyük auditoriyalarda rəğbət qazanır. 2020-ci il sentyabrın 27-də ərazi bütövlüyümüzün bərpası uğrunda başlanan  və noyabrın 10-dək davam edən Vətən müharibəsində tarix yazan ordumuzun qazandığı şanlı qələbə sayəsində Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu, ölkəmizin ərazi bütövlüyü tam təmin olundu. Bu qələbənin təmin olunmasını şərtləndirən amillərdən ən birincisi xalqımızın birliyi, ölkəmizdə və onun hüdudlarından kənarda olan soydaşlarımızın da nümayiş etdirdiyi həmrəylik və birlik oldu. Həmin günlərdə diaspor təşkilatlarımız güclü həmrəylik göstərərək erməni diasporunun təsir dairəsinin kifayət qədər güclü olduğu ölkələrin iri şəhərlərində –  Fransada, Almaniyada, ABŞ-da, habelə Gürcüstanda, Rusiya Federasiyasında  Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətlərin səsləndirildiyi çoxsaylı mitinqlərin, küçə yürüşlərinin  keçirilməsinə nail oldular.  Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, Ermənistanın təcavüzünün və erməni lobbisinin yalanlarının qarşısının alınmasında, azərbaycanlılara qarşı ermənilərin törətdikləri vəhşiliklər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında qətiyyət nümayiş etdirən həmvətənlərimiz bu gün də öz fəaliyyətlərini ardıcıl olaraq davam etdirirlər.

Artıq 30 ildir ki, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ölkəmizdə bayram edildiyi kimi, dünyanın 70-dən çox ölkəsində vətəndən uzaqlarda yaşayan  azərbaycanlılar  tərəfindən də fəxrlə, qürurla qeyd edilir.  Möhtərəm Prezidentimizin təbirincə desək:  “…Mənəvi birliyimizin rəmzinə çevrilmiş bu bayram soydaşlarımızın qəlbindəki Vətən sevgisi və milli təəssübkeşlik duyğularını təcəssüm etdirir…”.

Pərvanə Qasımova, Sumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi kitabxananın elmi katibi

.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər