Xan Novruz, həm də Can, Novruz

862

Ədalət Əsədov – Əməkdar müəllim.

Turana qılıncdan daha kəskin ulu qüvvət,
Mədəniyyət, mədəniyyət, yalnız mədəniyyət

H.Cavid

Milləti millət edən, onu tanıdan birləşdirən onun yaratdığı mədəniyyətidir. Minillik tarixi olan, tarixin əski çağlarından güc alan mədəni-mənəvi sərvətlərimizdən biri də mədəniyyətimizin ali nümunələrindən biri olan Novruzdur.
Novruzun tarixi qədimdir. Onunla bağlı çox fikirlər söylənilmiş, çox yazılmışdır. Aparıcı fikir budur ki, Novruz təbiət bayramıdır, kainat və planetlə bağlıdır. Onu yalnız əkin-biçinlə məhdudlaşdırmaq doğru yanaşma deyildir.
Novruz sistemi bütövlükdə 365 günü əhatə edərək, 4 çərşənbəni başa vurduqdan sonra tamamlanır. Novruz sisteminin bir ildə dörd bərabərlik məqamı var:
1) Yaz bərabərliyi 21-22 mart,
2) Yay gündönümü 21-22 iyun,
3) Payız gecə-gündüz tarazlığı 21-22 sentyabr
4) Qış gündönümü 21-22 dekabr
Demək, Novruz sistemi dünya modeli 4-lük və əksliklər əsasında qurulmuşdur. Əminliklə söyləyə bilərəm ki, Novruz ulu əcdadlarımızın əski bayramlarından olmuş, insana həyat verən 4 ünsürün: suyun, odun, yelin (havanın), torpağın isinməsi “dirilməsi” ilə bağlı yaranmışdır.
Novruz süni bayram olmadığı üçün, təbii bayram olduğu üçün, mənəvi dəyərlər bol olduğu üçün bir zamanlar onu “Avesta” ilə bağlamışlar. Halbuki “Avesta”da Novruzdan faydalanma var. Novruzu islam dini ilə bağlayan, Həzrət Əlinin taxta çıxması ilə əlaqələndirənlər də olmuşdur. Ancaq Novruz çox qədimiliklə – Şumerlə bağlıdır. “Tarix Şumerdən başlayır” deyənlər çox haqlıdır. Novruz o qədər müqəddəsdir ki, onu “özününkü” edənlər bu cəhətə görə sahib çıxmaq istəmişlər.
Azərbaycan müstəqillik qazandıqdan sonra Novruzun da üzü gülmüş, bəxti gətirmişdir. Bir faktı fəxarətlə yazıram ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ syahısına daxil edilib. Bu, gerçəkdən ürəyi dağa döndərir, çox qürürvericidir.
Yazımı H.Cavidlə başlamışam, istəyirəm, Aşıq Ələsgərin bir bəndi ilə tamamlayıram.
Novruzda bahara deyərlər bəli,
Gah kamala yetər, gah olar dəli
Gün vuranda güneylərdən sel gəlir
Quzey istər zimistana can desin.
Novruz- barış, insanlıq bayramıdır. Qoy ulu yaradan dünyamıza sülh gətirsin, işğaldan azad olunmuş torpaqlarımızda Novruz tonqalları yandırılsın və tezliklə yurdumuza qayıdış başlansın.
Gəl, Novruzum, Azərbaycanımıza can gətir!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər