“Xarıbülbül” festivalı Azərbaycan xalqının multikultural dəyərlərini dünyaya təqdim etdi

1569

44 günlük Vətən müharibəsində Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etdi və ərazi bütövlüyümüz bərpa olundu. Hazırda işğaldan azad olunan ərazilərdə böyük quruculuq işləri həyata keçirilir. Azad olunan ərazilərdə infrastrukturla yanaşı, bu ərazilərdə illərdir keçirilməyən mədəni tədbirlərimiz də bərpa olunur.

Bu gün işğaldan azad olunan torpaqlarımız mənən də dirçəlir. 12-13 may tarixlərində Şuşa şəhərinin məşhur məkanında- Cıdır düzündə keçirilən “Xarıbülbül” Musiqi Festivalı bunun təsdiqidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin Mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” Musiqi Festivalı Azərbaycan xalqının qüruru, illər boyu arzuladığı, xəyalını qurduğu hadisədir.

Ölkə başçısının Şuşa şəhərini ölkənin Mədəniyyət paytaxtı elan etməsi, “Xarı bülbül” festivalını və Vaqif Poeziya günləri bərpa etməsi ölkəmizin tarixində əlamətdar və mühüm hadisələrdən biridir.

Məlumat üçün bildirək ki, “Xarı bülbül” Beynəlxalq Festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. Gözəl mənzərəsi və təbiəti ilə seçilən Cıdır düzündə 1992-ci ilədək hər il may ayında “Xarı bülbül” mahnı festivalı keçirilirdi. Həmin dövrdə bu festival nəinki Azərbaycanda, bütün keçmiş sovet məkanında, hətta dünya miqyasında önəmli mədəniyyət tədbirlərindən biri sayılırdı. “Xarı bülbül” Beynəlxalq Festivalının yenidən öz doğma torpağımızda keçirilməsi bizim milli mədəniyyətimizi, musiqi ruhumuzu yenidən özümüzə qaytaran əlamətdar hadisə oldu. Eyni zamanda “Xarıbülbül” festivalı Azərbaycan xalqının multikultural dəyərlərini dünyaya təqdim etdi. Azərbaycanın müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların nümayəndələrinin musiqi və mədəniyyət nümunələrini festivalda təqdim etməsi ölkəmizdə multikultiralizmin ən yüksək səviyyədə olmasının növbəti dəfə dünyaya nümayişi idi.

Festivalın keçirilməsi və Yuxarı Gövhər ağa məscidində bayram namazı qılınması böyük rəmzi məna daşıyır, Azərbaycan mədəniyyəti üçün də tarixi anlama malikdir. Bu festival bir daha Şuşanın Azərbaycan tarixi, mədəniyyəti üçün müstəsna əhəmiyyətə malik olduğunun göstəricisidir.

Festival hər birimizin qəlbində 44 günlük müharibə günlərində olduğu kimi, eyni duyğular oyatdı. Sanki, hər kəs yenidən möhtəşəm qələbə sevincini, Şuşanın azad olunması xəbərinin yaşatdığı duyğulu anları yaşayırdı.

İşğaldan azad olunmuş Şuşa şəhərində 29 ildən sonra ilk dəfə Ramazan bayramı namazının qılınması da xalqımızda sevinc hissi oyatdı.

Prezident İlham Əliyevin Şuşada keçirilən “Xarıbülbül” festivalındakı çıxışı hər birimizin qəlbində qürur, fərəh, iftixar hissi oyatdı. Əminik ki, bu möhtəşəm festival və ölkə başçısının çıxışı düşmənə güclü mənəvi zərbə oldu.

Prezident İlham Əliyev festivaldakı çıxışı zamanı bəyan etdi ki, bu gün Azərbaycan mədəniyyəti, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri Şuşaya qayıdıblar və bu qayıdış reallıqdır, bu reallıqla hər kəs hesablaşmalıdır.

İllər sonra igid oğullarımızın canı və qanı bahasına azad olunmuş Şuşa şəhərində keçirilən “Xarıbülbül” musiqi festivalının şəhidlərimizin əziz xatirəsinə həsr olunması isə xüsusi əhəmiyyətə malikdir. Bu festival 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbənin mədəniyyət sahəsində davamı idi. Çox sevindirici haldır ki, artıq hər il Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək. Gələn il isə Şuşa şəhərinin 270 illik yubileyi qeyd olunacaq.

Prezident İlham Əliyev bir daha bəyan etdi ki, biz əbədi qayıtmışıq, burada əbədi yaşayacağıq: “Bu gün Ramazan bayramı ərəfəsində Şuşada yeni möhtəşəm məscidin təməli qoyuldu. Ermənilər tərəfindən qurudulmuş “Xan qızı Natəvan” bulağından bu gün su gəldi. Bütün bunlar böyük rəmzi məna daşıyır. Bax, bizim qayıdışımız budur. Biz Şuşanı quracağıq, bərpa edəcəyik”

Bəli, hər bir azərbaycanlı üçün müqəddəs olan bir məkanda musiqimizin səslənməsi bütün dünyaya qayıdışımızı göstərdi. Bir daha bizə bu sevinci, və qürur hissini yaşadan, bizi doğma Şuşamıza qaytaran şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Nazxanım Cəfərova, Tərəqqi medallı, Sumqayıt şəhər Mərkəzi Kitabxananın baş biblioqrafı.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər