Xəbərdarlıq: Hava şəraiti kəskin dəyişəcək, yağış, sulu qar, qar yağacaq

335

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra yanvarın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi gözlənilir. Qısamüddətli güclü şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin saniyədə 18-23, arabir 25-28 metr olacağı, gecə yarımadanın bəzi yerlərində arabir 30-33 metrədək güclənəcəyi proqnozlaşdırılır. Gündüz küləyin sürəti tədricən zəifləyəcək.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Məlumata görə, əsasən axşam saatlarında havanın arabir yağıntılı olacağı, bəzi şəhərətrafı ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° enərək, gecə və gündüz saatlarında 5°-dək isti olacağı ehtimal edilir.

Yanvarın 10-u dağlıq ərazilərdən başlayaraq Azərbaycanın rayonlarında hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, yanvarın 12-dək arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə – Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusarda yağıntıların intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, sürəti 15-20 metr/saniyə olacaq, əsasən dağlıq və dağətəyi rayonlarda arabir 25-30 metr/saniyəyədək güclənəcək. Havanın temperaturunun ötən günlərlə müqayisədə 5-10° enərək, Aran rayonlarında gecə 0-5°, gündüz 6-11° isti, dağlıq rayonlarda gecə 6-11°, gündüz 0-5° şaxta olacağı bildirilir.

Yanvarın 11-də gecə bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər