Xəqani Abdullayev: “Şəffaflıq biznesi də leqal fəaliyyətə sövq edir”

397

Oxu.Az Vergilər nazirinin müşaviri Xəqani Abdullayevlə müsahibəni təqdim edir:

– Azərbaycanda yeni iqtisadi siyasətdə müşahidə olunan meyillər və onun vergi siyasətinə təsirləri barədə məlumat verməyinizi istərdik.

– Son illər istər regionda, istərsə də qlobal iqtisadiyyatda gedən proseslər və mürəkkəb xarici iqtisadi mühitin yaratdığı təsirlərə baxmayaraq, Azərbaycanda aparılan uğurlu iqtisadi siyasət və davamlı islahatların nəticəsi olaraq milli iqtisadiyyatın dayanıqlıq səviyyəsi yüksəlib, onun difersifikasiyası, qeyri-neft sektorunun və bütövlükdə regionların tarazlı inkişafı sürətlənib, ölkəmizdə əlverişli biznes və investisiya mühiti formalaşıb.

Qlobal çağırışlara cavab verən Azərbaycan investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafı ilə dünya iqtisadiyyatında öz mövqelərini gücləndirməyə çalışır. Təsadüfi deyil ki, Azərbaycanda davamlı iqtisadi inkişafın əsas strateji hədəfləri iqtisadiyyatın rəqabət qabiliyyətliliyini, inklüzivliyini və sosial rifahın daha da artırılmasını təmin etməkdir.

2019-cu il ölkəmiz üçün yeni iqtisadi çağırışlarla başlayıb. Yeni iqtisadi artım siyasətinin mühüm komponenti onun sosial yönümlü olmasıdır. Ölkə Prezidenti İlham Əliyev öz çıxışlarında dəfələrlə bəyan edib ki, iqtisadi sahədə uğurlarımız vətəndaşlarımızın həyat səviyyəsində, dövlətin apardığı sosial dəstək siyasətində öz əksini tapır.

2019-cu il xüsusilə bu dəstəyin nümunələri ilə zəngindir. İlin əvvəlindən başlayaraq bir neçə mühüm sosial dəstək paketi qüvvəyə minib. Əhalinin banklara olan borclarının tənzimlənməsi, sosial müavinatların və bir çox sahələrdə əmək haqlarının əsaslı artımı, minimum əməkhaqqının bir neçə ayın içərisində əhəmiyyətli şəkildə artırılması və s. özlüyündə böyük maliyyə yükü daşıyan qərarlar olub.

Çox mühüm məsələdir ki, bütün bu layihələrin maliyyə yükü neft gəlirlərinin və ya Neft Fondunun vəsaitləri hesabına deyil, iqtisadi sahədə əldə edilmiş artımın, fiskal tədbirlərin nəticəsi kimi dövlət büdcə gəlirlərinin hesabına həll edilib.

2019-cu il dövlət büdcəsinin gəlirlərində, o cümlədən, büdcəyə vergi daxilomalarında stabil artım qeydə alınıb. Yanvar-may aylarında dövlət büdcəsinə Vergilər Nazirliyi tərəfindən 2 milyard 852,1 milyon manat vergi səfərbər edilib.

Bu, nəzərdə tutulandan 10,1 faiz çoxdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə, vergi daxilolmaları 239,9 milyon manat çoxdur. Bunun bir səbəbi ölkədə iqtisadi artım templəri ilə bağlıdırsa, digər tərəfdən, fiskal intizamın gücləndirilməsi, yaradılmış əlverişli biznes mühiti nəticəsində biznesin tədricən öz fəaliyyətini leqallaşdırmaya başlaması müsbət nəticələrini verir.

Bütövlükdə vergi sisteminin iqtisadi tənzimləmədə rolu əhəmiyyətli şəkildə yüksəlib. Vergilər artıq sadəcə bir fiskal siyasət aləti deyildir, iqtisadiyyatın və biznesin inkişafına münbit şərait yaradan, əsas iqtisadi idarəetmə vasitələrindən biridir.

Təsadüfi deyil ki, ölkə Prezidenti dövlət-biznes münasibətlərində və o cümlədən, vergi sistemində şəffaflığın təmin edilməsini prioritet vəzifə olaraq müəyyən edib. Çünki biznes mühitinin əlverişliliyi vergi sisteminin fəaliyyəti ilə bilavasitə bağlıdır.

2018 və 2019-cu illər ərzində vergi sistemində aparılan islahatlar, vergi ödəyiciləri ilə aydın və şəffaf münasibətlərin qurulması istiqamətində sərgilənən yeni yanaşmalar işgüzar mühitə müsbət təsir edib. Vergi Məcəlləsinə bu ildən etibarən çox ciddi dəyişikliklər edilib.

Daha liberal, praktiki, ünvanlı, sahibkarlığa, xüsusilə kiçik və orta biznesə dəstək verən qanunvericilik formalaşdırılıb. Bu dəyişikliklərin əsas istiqamətləri sahibkarlığın dəstəklənməsi, vergidən yayınmanın və “kölgə iqtisadiyyatı”nın miqyaslarının azaldılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, mövcud və yeni veriləcək vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsi olub.

– İqtisadi sahədə şəffaflıq nədir? Şəffaflığın təmin olunmasının büdcə-vergi sahəsinə, o cümlədən, sosial siyasətin həyata keçirilməsinə hansı təsirləri var?

– Şəffaflıq iqtisadiyyatın davamlı inkişafı, əlverişli biznes mühitinin yaradılması, xarici sərmayələrin cəlb edilməsi üçün əsas şərtlərdəndir. Şəffaflıq dövlət orqanlarının fəaliyyətinin təkmilləşməsinə, onların fəaliyyətinin daha səmərəli təhlil edilməsinə və qiymətləndirilməsinə xidmət edir.

Şəffaflıq təmin edildiyi təqdirdə ictimaiyyət dövlət orqanlarının qəbul edəcəyi qərarlar haqqında daha çox məlumata malik olur, ictimai müzakirəyə şərait yaranır, dövlət orqanlarına ictimai etimad güclənir və bu orqanların hesabatlılığı və məsuliyyəti daha da artır.

Bu gün Azərbaycan öz inkişafının yeni mərhələsini yaşayır. Davamlı islahatlar, şəffaflığın maksimum təmin olunması dövlətin iqtisadi siyasətinin başlıca prinsipləridir. İqtisadi sahədə şəffaflığın təmin olunması iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəlməsinə, əhalinin həyat səviyyəsinin davamlı olaraq yaxşılaşdırılmasına səbəb olur.

Şəffaflıq biznesi də leqal fəaliyyətə sövq edir. Bu, əslində, olduqca yüksək sərmayədir. Çünki şəffaflıq öz səmərəsini göstərir və hər iki tərəf, istər biznes, istərsə də dövlət bu prosesdən faydalarını götürürlər.

Şübhəsiz ki, bu kontekstdə dövlət-biznes münasibətlərinin şəffaflaşdırılması, rəqabətqabiliyyətli iqtisadi sistemə adekvat vergi siyasətinin həyata keçirilməsi, vergi sistemində şəffaflığın artırılması, vergi ödəyiciləri və vergi orqanları arasında qarşılıqlı etimadın gücləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergitutma obyektlərinin uçotunda sahibkarlıq subyektlərinin məsuliyyətlərinin yüksəldilməsi mühüm əhəmiyyətə malikdir.

Vergi xidməti bizneslə münasibətlərdə üfiqi əməkdaşlıq mühitinin yaradılmasına çalışır. 2018-ci ildə bəyan edilmiş və 2019-cu ildən tətbiqinə başladığımız əsas yanaşma bundan ibarətdir ki, vergi orqanları sahibkarlarla münasibətlərini yeni, təmiz səhifədən başlayıb.

Şəffaflığı təmin etmədən vergidən yayınmanın qarşısını almaq, digər məsələlərlə məşğul olmaq çətindir. Şəffaflıq bütün sahələrə, birinci növbədə uçot və qeydiyyat məsələlərinə sirayət etməlidir. Yəni vergilərin hesablanması üçün istehsalın həcmini, ticarətin dövriyyəsini dəqiq bilmək lazımdır.

Bütün bunlar vəsaitlərin birbaşa dövlət büdcəsinə yönəldilməsinə xidmət edir. Dövlət büdcəsindən yayındırılmış vəsait vətəndaşların sosial rifahına bilavasitə təsir edir. Bu baxımdan iqtisadi sahədə şəffaflığın təmin olunması sosial siyasətin həyata keçirilməsi ilə birbaşa bağlıdır.

Vergi xidməti münasibətlərin aydın və şəffaf qurulmasının tərəfdarıdır. Ötən müddət ərzində aparılan işlər, biznesin öz fəaliyyətini tədricən “kölgə iqtisadiyyatı”ndan çıxararaq şəffaflaşdırmağa başlaması deməyə əsas verir ki, bütövlükdə, işgüzar cəmiyyət, biznes dairələri yeni münasibətlər kontekstinə müsbət yanaşır.

– Şəffaflığın təmin olunması ilə neft kapitalının insan kapitalına çevrilməsi arasında bağlılıq varmı?

– Bu gün insan kapitalının dəyərinin artırılması problemi bütün inkişaf etməkdə olan ölkələrin həllini gözləyən ən vacib məsələlərindən biridir. Əgər əvvəllər dövlətlərin əsas həll etmək istədiyi məsələlər yoxsulluğun miqyaslarının azaldılması, vətəndaşların gəlirlərinin artırılması, onların təhsil, səhiyyə, kommunal xidmətlərdən istifadə imkanlarının artırılması idisə, bu gün ön sıraya çıxan əsas məsələlərdən biri insan kapitalının dəyərinin artırılması məsələsidir.

Dünya böyük transformasiya dövrünə keçib, texnologiyalar, rəqəmsal iqtisadiyyat hər tərəfdən böyük təzyiq yaratmaqdadır. Biznes sürətlə yeni texnoloji menecmentə uyğunlaşır, şirkətlər istehsalın və ticarətin yeni modellərini tətbiq edir, rəqəmsal texnologiyaların satış prosesində payı ənənəvi ticarət üsullarını dəfələrlə geridə qoyur. Bir sözlə, iqtisadiyyat, cəmiyyət, biznes, iş tələbləri – hamısı təkamül edir. Bu isə insan kapitalına olan tələbləri dəyişir.

İndi dövlətlər yüksək keyfiyyətə və dəyərə malik işçi kapitalının formalaşdırılmasına diqqət ayırmağa məcburdur. Yeni çağırışlar inkişaf etməkdə olan ölkələr üçün yeni ehtiyaclar yaradır. Fundamental biliklər və bacarıqların inkişaf etdirilməsi, işçi qüvvəsinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün dövlətin üzərinə böyük öhdəliklər düşür.

Qlobal biliklər iqtisadiyyatı Azərbaycan üçün önəm qazandıqca, insan kapitalına investisiyaların yatırılması və digər ölkələrlə əməkdaşlıq və rəqabətin aparılması da ölkə üçün vacib amilə çevrilir. Azərbaycan zəngin karbohidrogen ehtiyatlarına malik bir ölkədir. Lakin hər birimiz bilirik ki, müasir dövrdə təbii sərvətlərin bolluğu dövlətin əsas güc göstəricisi sayılmır.

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, aparıcı ölkələrdə milli sərvətinin 70 faizindən çoxu insan kapitalının, 20 faizdən yuxarı hissəsi istehsalın, yalnız kiçik bir hissəsi təbii resursların payına düşür.

Ölkə Prezidenti cənab İlham Əliyevin bu baxımdan səsləndirdiyi bir fikri xatırlatmaq istərdim:

“Neft həm fayda gətirə bilər, həm də problem, başağrısı yarada bilər. Baxır neftdən necə istifadə edirsən. Biz Azərbaycanda çalışırdıq və hesab edirəm buna nail olduq ki, “qara qızıl”ı insan kapitalına çevirək”.

Təsadüfi deyil ki, Azərbaycan dövlətinin hazırda əsas prioritet siyasəti neft kapitalını insan kapitalına çevirməkdən ibarətdir. Bunun üçün böyük resurslar ayrılır. Büdcəmizin mühüm bir payı təhsilin inkişafına yönəldilib.

Azərbaycan dövləti gənc kadrlarının xaricdə təhsil prosesini maliyyələşdirir. Son bir neçə ildə Xaricdə təhsil üzrə Dövlət proqramı ilə 3500-dən çox tələbə dünyanın aparıcı Universitetlərində təhsil alıb. Bu sahədə müasir təcrübə toplayırıq.

Neft kapitalının insan kapitalına çevrilməsi üçün şəffaflığın təmin olunması əsas şərtlərdəndir. Neft gəlirlərinin səmərəli şəkildə xərclənməsi və lazımi sahələrə yönəldilməsi əhəmiyyətli amildir.

Azərbaycan yeni texnologiyaların tətbiqinə böyük sərmayələr qoyur. Ölkəmiz nadir biliklər tələb edən kosmik sənayeyə malikdir, nəhəng regional loqistik layihələr icra edir. Bütün bunlar yerli biznesin cəlb olunması ilə aparılır. Əlbəttə ki, bu bizə böyük dividentlər gətirir. Təkcə neft-qaz resursları layihələrinin idarə olunması sahəsində yüzlərlə dünya səviyyəli mütəxəssislər yetişib.

Etiraf etmək lazımdır ki, iqtisadi layihələrə investiyalarla müqayisə etsək, bəlkə də insan kapitalına sərmayələr öz effektivliyini zaman baxımından bir qədər gec göstərir. Bu baxımdan, bəzən bu sahəyə zəruri olduğundan daha az sərmayələr cəlb edilir. Dövlətdən fərqli olaraq, biznes bu prosesə o qədər də maraq göstərmir.

Bu məsələdə vergi siyasətinin də rolunu xüsusilə qeyd etmək istərdim. İlk baxışdan vergilərin insan kapitalının inkişafına verəcəyi töhfənin miqyası böyük görünməyə bilər. Lakin əslində, həyata keçirilən vergi siyasətinin bilavasitə prosesə verə biləcəyi dəstək ən vacib məsələnin həllinə kömək edir. Vergi siyasəti insan kapitalına sərmayə yatırımlarını stimullaşdıran mexanizmləri dəstəkləməklə bu məsələdə hökumətlərə yardımçı rolunda çıxış edir.

Azərbaycan dövləti insan kapitalının inkişafını dəstəkləməkdən ötrü məhz belə bir mexanizmdən istifadə edir. Vergi qanunvericiliyinə apardığımız son dəyişikliklərdə də bu məsələyə xüsusi diqqət yetirilib.

2019-cu ildən başlayaraq, özəl biznesin təhsil, səhiyyə, idman və mədəniyyət sahəsinə ayırdığı vəsaitlər bəlli hədlər çərçivəsində 10 il müddətinə vergidən azad edilib. Bununla da, sərmayələri vergidən azad etməklə özəl sektorun insan kapitalına investisiyalarını stimullaşdırılmasına çalışılıb. Ümidvarıq ki, bu proses gələcəkdə ölkəmizdə insan kapitalının dərəyinin artırılması prosesinə öz töhfələrini verəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər