Xeyriyyəçilik ənənələri Azərbaycanda dövlət siyasətinin mühüm bir parçasıdır

831

Yanvarın 18-də Bakı şəhərinin mərkəzində böyük xeyriyyəçi, ictimai xadim, həyatının böyük bir hissəsini xalqının maarifləndirilməsinə, Vətəninin tərəqqisinə həsr etmiş Hacı Zeynabdin Tağıyevin abidəsinin açılışı baş tutdu. Açılışda Azərbaycan  Respublikasının prezidenti cənab İlham Əliyev iştirak etmişdir.  Bu hadisə ölkəmizin mədəni,  ictimai həyatında böyük  əhəmiyyət kəsb edir. Belə ki, abidə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 2020-ci il 11 mart sərəncamına əsasən ucaldılmışdır. Bu sərəncamdan irəli gələrək Heydər Əliyev Fondu, Azərbaycan respublikası Mədəniyyət Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti heykəlin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan etmişdir. Müsabiqəyə 26 lahiyə təqdim edilmiş, təqdim olunan lahiyələr Heydər Əliyev Mərkəzində nümayiş olunmuşdur. Münsiflər heyətinin qərarına əsasən müsabiqədə Xalq rəssamı, məhşur heykəltəraş Xanlar Əhmədovun işi qalib gəlmişdir.

Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin xeyriyyəçilik fəaliyyətindən danışmış, Azərbaycan xalqı üçün göstərdiyi misilsiz xidmətlərini qeyd etmişdir. Abidə Bakı şəhərinin öz qədimliyi ilə seçilən, şəhər sakinlərinin, eləcə də Bakıya gələn qonaqların sevimli məkanlarından biri olan İçərişəhərdə – tarixi Qala divarlarının yaxınlığında ucaldılmışdır. Bu möhtəşəm heykəltəraşlıq əsərinin məhz burada yerləşməsi təsadüfi deyildir. Prezidentin çıxışında da qeyd etdiyi kimi, abidənin burada ucaldılmasının böyük rəmzi mənası var. Belə ki, həyatının böyük hissəsini xeyriyyəçilik fəaliyyətinə həsr etmiş H.Z.Tağıyev Bakı şəhərinin mədəni, ictimai, iqtisadi inkişafında da böyük işlər görmüşdür. Buna görə də Prezident İlham Əliyevin təşəbbüsü və seçimi nəticəsində abidə məhz İçərişəhərdə ucaldılmışdır.

İçərişəhərdə kasıb bir başmaqçı ailəsində dünyaya gəlmiş Tağıyev öz sərvətini ağlı, zəhməti hesabına qazanmışdır. Məhz buna görə  də zəhmətinin bəhrəsi olan nemətləri ehtiyacı olan insanlarla bölüşməyə çalışmış, sadə xalqın bir nümayəndəsi olduğu üçün həmişə öz millətinin mənəvi və maddi dayağıda durmuş, xeyirxah, nəcib bir insan şöhrət qazanmışdır.

Ölkə başçısı öz çıxışında Tağıyevin çoxşaxəli xeyriyəçilik fəaliyyətini xüsusi qeyd eymişdir.  Azərbaycanda onun xeyriyyəçilik fəaliyyətinin əhatə etmədiyi sahə demək olar ki,  yoxdur.  Bu gün də Bakı və Sumqayıt əhalisinin  bir qisminin içməli su tələbatını ödəyən Şollar su kəməri məhz onun təşəbbüsü ilə çəkilmiş, Azərbaycanda incəsənətin inkişafına böyük təkan vermiş Bakıda ilk teatr binası 1883-cü ildə məhz onun  vəsaiti hesabına  tikilmiş, onu səyi nəticəsində Bakının abadlaşdırılması üçün böyük işlər görülmüşdür.

Prezident İlham Əliyev çıxışında Hacı Zeynalabdin Tağıyevin Azərbaycanda elmin və maarifçiliyin inkişafında göstərdiyi xidmətləri xüsusilə vurğulamışdır.  Xalqı üçün böyük işlər görən Tağıyev anlayırdı ki, bir millətin inkişafına gedən yol savadlı, bilikli insanların çoxalmasından keçir.  Tağıyevin Azərbaycandakı maarifçilik fəaliyyətinin ən uca və parlaq zirvəsi Bakıda 1901 –ci ildə açdığı ilk müsəlman qız məktəbi olmuşdur. Bundan başqa onun maliyyə dəstəyi ilə 1896-cı ildə Gəncədə və Naxçıvanda, 1897-ci ildə Şamaxıda, 1906-cı ildə Tiflisdə da məktəblər açılmışdır.

Prezident çıxışında xüsusi diqqəti onun təhsil xərclərini öz üzərinə götürməklə xaricə oxumağa göndərdiyi  tələbələrə yönəltmişdir.  O, vurğulamışdır ki, Tağıyevin bu fəaliyyəti gələcəyə yönəlmiş böyük bir addım olmuşdur. Həmin tələbələr arasında sonralar görkəmli ictimai və dövlət xadimləri, alimlər, həkimlər, mühəndislər – Əziz Əliyev , Həsən bəy Ağayev, Nəriman Nərimanov, Məşədi Əzizbəyov, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, , Ağa Axundov, Qara Axundov, Qarabəy Qarabəyov, Xudadad bəy Məlik-Aslanov, Şahbaz Rüstəmbəyov və bir çox başqaları var idi. Ölkə başçısı bir faktı xüsusilə qeyd edərək demişdir “Hər kəs bilir ki, o, yüzlərlə tələbəni Rusiyaya və Avropaya göndərməklə onların təhsil xərcini öz üzərinə götürmüşdür və bu da gələcəyə yönəlmiş bir addım idi, gələcəyi düşünürdü. Mən artıq bunu bir dəfə demişəm, bir daha demək istəyirəm ki, o tələbələrin arasında mənim babam Əziz Əliyev də olmuşdur”.

Əziz Əliyev qədim Azərbaycan torpağı olan İrəvan quberniyasında anadan olmuşdur. Gələcəyin görkəmli alimi uşaqlıq illərindən həkim olmaq istəyi ilə yaşamış, lakin kasıb ailədə doğulduğundan arzusuna çatmaq üçün maliyyə köməyi baxımından  Hacı Zeynalabdin Tağıyevə müraciət etmişdir. Tağıyev onun təhsilə olan böyük marağını görmüş və ona maliyyə dəstəyi göstərmişdir.  Məhz bunun nəticəsində professor Əziz Əliyev 1917-ci ildə Sankt – Peterburqa getmiş , orada dünyanın ən məşhur tibb ocaqlarından olan Hərbi Tibb Akademiyasına daxil olmuşdur.   Əziz Əliyev yalnız böyük alim və səhiyyə işçisi olmamışdır. O həm də görkəmli dövlət xadimi olmuş, şərəfli ömrünün böyük bir hissəsini siyasi fəaliyyətlə keçirmişdir. Ölkə başçısı öz çıxışında da bu nüansa toxunmuş, qeyd etmişdir ki, o,  bir neçə il Dağıstanın rəhbəri vəzifəsində işləmişdir və dağıstanlıları sürgündən xilas etmişdir. Məhz buna görə dağıstanlılar onu hələ də hörmət və ehtiramla yad edirlər, bunun təzahürü olaraq da Mahaçqalada dağıstanlıların təşəbbüsü ilə orada Əziz Əliyevin abidəsi ucaldılmışdır.

Prezident İlham Əliyevin də çıxışında qeyd etdiyi kimi,  müqəddəs kitabımız olan “Qurani-Kərim” Azərbaycan dilinə ilk dəfə məhz  H.Z.Tağıyevin təşəbbüsü və dəstəyi ilə tərcümə olunmuşdur.  Tağıyev bununla kifayətlənməmiş öz vəsaiti hesabına Azərbaycanda bir sıra dini abidələri inşa etdirmiş, təmirə ehtiyacı olan qədim dini abidələri əsaslı təmir etdirmişdir.

Azərbaycanda xeyriyyəçilik ənənələrinin əsasını qoymuş. H.Z.Tağıyev 1924-cü ilin  sentyabrın 1-də dünyasını dəyişmiş, vəsiyyətinə görə Mərdəkanın “Pirhəsən” pirində dəfn olunmuşdur.  Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə 2000-ci illərin əvvəllərində Tağıyevin dəfn edildiyi Pir Həsən ziyarətgahı abadlaşdırılmışdır. Prezidentin birbaşa göstərişlərinə əsasən onun evi –  hazırkı Tarix Muzeyinin binası əsaslı təmir edilmişdir.

Böyük xeyriyyəçinin Azərbaycanda qoyduğu ənənələr bu gün də davam edir.  Bu sahədə hazırda öz genişmiqyaslı fəliyyəti ilə seçilən Heydər Əliyev Fondunun həyata keçirdiyi lahiyələr danılmazdır. Fond fəaliyyətə başladığı 2004-cü il may ayının 10-dan nəinki  ölkəmizin,  eləcə də bütün Cənubi Qafqazın ictimai-mədəni həyatında müstəsna rol oynamaqdadır.  Qurumun fəaliyyətinin əsas  istiqamətləri Azərbaycan xalqının maraqlarına xidmət etmək, ölkə daxilində  sosial, mədəni, iqtisadi  təşəbbüsləri dəstəkləmək, elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə çalışmaqdır.Bununla yanaşı Heydər Əliyev Fondunun ölkə xaricində göstərdiyi fəaliyyətin Azərbaycanın multikultural, müasir dövlət kimi dünyada tanıdılmasında böyük rolu vardır. Ölkə başçısının çıxışında da qeyd etdiyi kimi , bu amil bizə İkinci Qarabağ müharibəsi dövründə böyük kömək göstərdi. Belə ki, ermənilər və onların havadarları Azərbaycan haqqında yalan informasiyaları müxtəlif media vasitələrində yaymaqla ölkəmiz haqqında dünya ölkələri qarşısında yalnış fikir formalaşdırmağa çalışmışlar. Lakin Heydər Əliyev Fondunun  müxtəlif ölkələrdə göstərdiyi genişmiqyaslı xeyriyyəçilik fəaliyyəti onların bu planlarını alt-üst etmiş, Azərbaycan humanist dəyərlərə söykənən,çağdaş bir dövlət kimi  tanıdılmasında   böyük rol oynamışdır.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfərinin ardından, bu günkü gündə Heydər Əliyev Fondunun qarşısında yeni vəzifələr durur. Belə ki Fond işğaldan azad edilmiş torpaqlarda artıq genişmiqyaslı fəaliyyətə başlamışdır. Qısa müddət ərzində Fondun təşəbbüsü ilə erməni vandalları tərəfindən dağıdılmış Şuşa şəhərində yerləşən Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidlərinin, Ağdam şəhər məscidinin,  Zəngilan şəhər məscidinin əsaslı bərpası işlərinə artıq start  verilmişdir.Bununla yanaşı Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisinə başlanılması da  Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinə göstərdiyi diqqət və qayğısının təzahürüdür.

Azərbaycan xeyriyyəçilik fəaliyyətinin geniş vüsət almasının bariz nümunəsi kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış və qısa zamanda bu sahədə böyük nailiyyətlər əldə etmiş Qarabağ Dirçəliş Fondu və “YAŞAT” Fondunun fəaliyyətini də qeyd etmək mütləqdir. Belə ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulmasına,burada ərazilərində əhalinin məskunlaşması üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması məqsədilə yaradılmış Qarabağ Dirçəliş Fondu və   Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “YAŞAT” Fondu qısa zamanda xalqın böyük rəğbətini qazanmışdır. Azərbaycan vətəndaşları, eyni zamanda, şirkətlər könüllü olaraq həm Qarabağ Dirçəliş Fonduna, həm YAŞAT Fonduna vəsait təqdim edirlər və bu vəsait hesabına bu gün yüzlərlə qazi həm Azərbaycanda, həm xüsusilə xaricdə müalicə alır, həyata qayıdır, öz sağlamlığını bərpa edir.

Bütün bunlar onu göstərir ki, xeyriyyəçilk Azərbaycan xalqının mənəvi simasını ortaya qoyan  humanist keyfiyyətlərdəndir. Bu sosial fəaliyyət növü dövlət başçısı tərəfindən dəstəkləndikdə və dövlət siyasətinin mühüm bir qolu kimi həyata keçirildikdə, Azərbaycanda xeyriyyəçilik fəaliyyəti daha geniş vüsət alır, yeni humanist ənənənlərin əsası qoyulur.

Bahar Əhmədova, Sumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi kitabxananın İnformasiya-resurs şöbəsinin müdiri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər