Xəzəryanı ölkələr arasındakı münasibətlərin inkişafı regionda sülh və təhlükəsizliyin təminatı deməkdir

592

İyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib. Dövlətimizin başçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Toplantısında iştirak edib.

Prezident İlham Əliyev Zirvə Toplantısındak çıxışı zamanı Xəzərdə fəaliyyətin prinsipləri, görülmüş və nəzərdə tutulan addımlar haqqında ətraflı çıxış edərək bildirdi ki, Azərbaycan Xəzərdə qarşılıqlı fəaliyyətə böyük əhəmiyyət verir. Tarixi əhəmiyyət kəsb edən və çoxillik iş nəticəsində 2018-ci ildə Xəzər dənizinin hüquqi statusuna dair Aktauda imzalanmış Konvensiya Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi çoxsahəli və qarşılıqlı münasibətlər üçün möhkəm hüquqi zəmin yaradacaq.

Xəzəryanı dövlətlər arasında müxtəlif sahələr üzrə sazişlər imzalanıb və qüvvəyə minib. Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər  bağlanıb. Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amili BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıqdır.

Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycan Respublikasının digər Xəzəryanı dövlətlərlə münasibətlərinin  əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Xəzər dənizi bizim regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır. Nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətidir. Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır.

Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biri olaraq Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanının tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir mühüm töhfəsi olub. 2022-ci ildə Azərbaycanda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin koordinasiya şurasının VIII görüşünün keçirilməsi planlaşdırılır ki, bu da xalqımızın rifahı üçün atılacaq növbəti addım olacaq.

Zəngəzur dəhlizi isə artıq reallığa çevrilir. Azərbaycan Vətən müharibəsində Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb. Avtomobil və dəmir yolları çəkilir, yeni hava limanları tikilir. Bütün bunlar beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı işlərin tərkib hissəsidir.

Prezident Ilham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Cənab Prezident çıxışında Xəzər dənizinin ekoloji problemlərinə də diqqət ayırdı. 2022-ci ilin sonunda Bakıda “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının tərəflərinin VI konfransının keçirilməsi nəzərdə tutulub.

İyunun 29-da Aşqabadda baş tutan Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısını Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin davamı hesab edə bilərik. Zirvə Toplantısı region ölkələri arasındakı münasibətlərin yaxınlaşması, qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi baxımından mühüm bir platformadır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Zirvə Toplantısı Xəzəryanı dövlətlərin qarşısında duran mühüm ümumi məsələlərin həllinə yönəlmiş səylərin birləşdirilməsinə şərait yaradacaq. Eyni zamanda Xəzəryanı ölkələr arasındakı münasibətlərin inkişafı regionda sülh və təhlükəsizliyin təminatı deməkdir.

Akif Kazımov, Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin tarix müəllimi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər