Xocalı soyqırımı-qan yaddaşımız

394

Öz amansızlığına, vəhşiliyinə, kütləviliyinə və törədilən cinayətlərin ağırlığına görə Xocalı faciəsi insanlığın tarixində qara ləkə kimi qalacaqdır….

Ümummilli lider Heydər Əliyev

Xocalı faciəsi XX əsrin ən dəhşətli faciələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə insan simasını itirmiş, gözləri qanla dolmuş erməni faşistləri öz havadarlarının gücünə, hərbi dəstəyinə arxalanaraq Xocalını hədəf tutdular. O gecə heç nədən xəbəri olmayan, şirin yuxusunu yatan Xocalılar partlayışların, atəşlərin gurultulu səsinə, insanların vahiməli harayına oyandılar. Şəhərin minlərlə sakinlərindən möcüzə olaraq sağ qalanlarını, bircə canlarını baş götürüb qaçanları da pusquya salıb, qətlə yetirdilər. Bu sözün əsil mənasında qətliam idi. Bir gecədə 106-sı qadın, 63-ü uşaq, 70-i ahıl, qoca olmaqla 613 nəfər soydaşımız qətlə yetirildi, yüzlərlə insan ağır yaralar aldı, 1275 nəfər girov götürüldü, 8 ailə bütövlüklə məhv edildi, 150-dən çox uşaq bir və ya hər iki valideynsiz qaldı. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü.
İşğalın nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, 3 mədəniyyət evi və bir tarix- diyarşünaslıq muzeyi dağıdılıb. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb.
XX əsrin faciəsi olan Xocalı soyqrımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir. Bu faciə yalnız Holokost soyqrımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. Bu təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı qırğını Azərbaycan xalqının yırtıcı düşmən qarşısındakı dözümünü, mərdliyini, Vətənə, torpağa bağlılığını dünya ictimaiyyəti qarşısında sübut edən solmaz bir lövhə-tablodur, xalqımızın ləyaqətli, mərd, vətənpərvər övladlarının yaddaşında əbədi həkk olunmuş tarixi bir faktdır.
Hələ 1946-cı il dekabrın 11-də BMT-nin Baş Assambleyası öz qətnaməsi ilə bəyan etmişdir ki, genosid insanlığa qarşı törədilən ən ağır cinayətlərdəndir. Bu növ cinayətin əlamətləri 9 dekabr 1948-cı il tarixli “Genosid cinayətlərinin qarşısının alınması və onun cəzalandırılması haqqında” Konvensiyada müəyyən edilmiş və bütün dövlətlər tərəfindən qəbul olunmuşdur. Xocalı soyqrımında bu əlamətlər aşkar görünür : bu qabaqcadan düşünülmüş qaydada, milli əlamətlərə görə insanların kütləvi şəkildə məhv edilməsi niyyəti ilə törədilmiş bir cinayətdir. Bu gözlə görünən fakt olsa da, üstündən 31 il keçsə belə, hələ də beynəlxalq aləmdə öz hüquqi-siyasi qiymətini almamışdır.
“Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”- deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Ulu Öndərin daha bir 25 fevral 1997-ci il tarixli sərəncamı ilə Xocalı soyqrımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il fevral ayının 26-sı saat 17:00 da Azərbaycan Respublikası ərazisində Xocalı soyqrımı qurbanlarını xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.
Xocalı faciəsinin bütün dəhşətləri ilə dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin xidməti əvəzsizdir. Cəsur telejurnalist ölüm risqinə baxmayaraq öz kamerası ilə Xocalı və Naxçıvanik ətrafındakı meşəliklərdə bir gün əvvəl bas vermiş qəddarlıqları, soyqırımını lentə aldı. Meyitləri pilotlarla birlikdə vertolyota qaldırdı. Sonra uzun müddət şahidi olduğu müsibətdən özünə gələ bilmədi. Çingiz Mustafayev bu gün aramızda olmasa da xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.
Azərbaycana Xocalı hadisəsi ilə bağlı onlarla ölkədən bəlkə yüzdən çox jurnalist gəlmiş, topladıqları faktlara əsaslanan məlumatları dünya kütləvi informasiya vasitələri ilə yaymışlar. Nə bunlar, nə də gecikmiş də olsa çəkilişlər kifayət etmədi. Dünya sanki lal-kar oldu, səs-səmiri çıxmadı.
Heydər Əliyev Fondunun vitse-prezdenti Leyla Əliyevanın təşəbbüsü ilə bir çox ölkələrdə həyata keçirilən “Xocalıya Ədalət!“ beynəlxalq təbliğat kampaniyası Xocalı qətliamının dünyada soyqırım aktı kimi tanınmasında mühüm rol oynayır, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqrım bir çox ölkələrdə pislənilir. “Xocalıya Ədalət!!” əslində “Azərbaycana Ədalət!” deməkdir. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqrımı tanıyan ilk beynəlxalq təşkilatdır.
Artıq Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya, Cibuti və Paraqvay parlamentləri Xocalı soyqrımını beynəlxalq hüquq normaları müstəvisində tanımışlar. Habelə ABŞ-n 22 ştatının qanunverici orqanlarında da müvafiq qətnamələr qəbul olunmuşdur. Ölkə Prezdenti cənab İlham Əliyev başda olmaqla soyqırım günü ərəfəsində ümumxalq hərəkatına çevrilmiş bu faciənin qurbanlarının abidəsinə xalqımızın birliyinin rəmzi olan yürüşlər özünə həm ölkədə, həm də başqa ölkələrdə xüsusi diqqət çəkmiş və əhəmiyyətli olmuşdur.
2020-ci il Vətən müharibəsində Azərbaycan ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı. Şəhidlərimizin qanı yerdə qalmadı.
O müdhiş gecə, əzizlərini itirmiş Xocalıların hər birinin ürəyində silinməz iz qoyub. Eyni zamanda, bu gün onların gözlərində inam, arzu, ümid hisslərini oxumaq olar: “Biz Xocalıya qayıcağıq və əcdadlarımızın məzarlarını ziyarət edəcəyik. Hökümətimiz viran qalmış evlərimizi, zəruri infrastrukturu bərpa edəcək. Bu torpaqlar yenə canlanmış həyat məkanına çevriləcək”.

Zemfira Mirzəyeva, S.Vurğun adına Mərkəzi Kitabxananın Abonement bölməsinin müdiri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər