Tarixə “Əsrin müqaviləsi” adı ilə daxil olan ilk neft müqavilələrinin imzalanmasından 25 il ötür. Bu məqsədlə sentyabrın 19-da Sumqayıt Dövlət Universitetinin Böyük Akt zalında “Heydər Əliyev Əsrin Müqaviləsinin memarıdır” mövzusunda məşğələ keçirildi.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse – prezidenti, akademik Xoşbəxt Yusifzadə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri İmran Arzumanzadə və universitetin professor-müəllim, tələbə heyəti iştirak etdilər.
Əvvəlcə qonaqlar universitetin foyesində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər. Sonra Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin bütün dövrlərini, o cümlədən müstəqil Azərbaycanın Prezidenti kimi xarici ölkələrə səfərlərini, nüfuzlu dövlət xadimləri ilə görüşlərini əks etdirən fotoşəkillərə, ulu öndərə həsr olunmuş kitablara baxış keçirdilər, akademik Xoşbəxt Yusifzadə xatirə kitabında ürək sözlərini qeyd etdi.
Tədbiri giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq tarixi hadisənin şahidlərindən və iştirakçılarından biri – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse – prezidenti, akademik Xoşbəxt Yusifzadəni, Azərikimya” İB-nin Müşahidə Şurasının sədri İmran Arzumanzadənı salamladı, onları universitetdə görməkdən məmnunluğunu ifadə etdi. Rektor əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən enerji strategiyasının ölkəmizə qazandırdığı uğurlardan, “Əsrin müqaviləsi”nin imzalanmasından ötən müddət ərzində görülən işlərdən söz açdı, bu müqavilənin ölkəmizin sosial-iqtisadi həyatındakı əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, Azərbaycan dünyanın zəngin təbii sərvətlərinə malik olan ölkələrindən biridir. Ancaq etiraf etməliyik ki, xalqımız bu sərvətdən yalnız XX əsrin sonlarında – müstəqillik qazandıqdan sonra tam bəhrələnmək imkanı əldə etdi. Bu imkanı reallığa çevirən isə ulu öndər Heydər Əliyev dühasının məhsulu olan yeni neft strategiyamız və həmin strategiyanın reallaşdırılması üçün hazırlanmış neft diplomatiyası oldu. Rektor onu da qeyd etdi ki,Ulu öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı respublikamızın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoymaqla yanaşı, neft müqaviləsi üzrə müzakirələrə, danışıqlara faktiki olaraq yenidən başlanmasını reallaşdırdı və nəhayət, çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi. Dahi rəhbərin işləyib hazırladığı yeni neft strategiyasının reallaşdırılmasında ən böyük silahdaşı məhz o zamanlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olan cənab İlham Əliyev idi. Həmin dövrdə Vaşinqton, Nyu-York, Hyuston, Dallas, İstanbul və digər şəhərlərdə iri neft şirkətlərinin rəhbərləri ilə səmərəli görüşlər keçirən və danışıqlar aparan cənab İlham Əliyev xalqımızın milli maraqlarını tam təmin edən müqavilə şərtlərinin əldə edilməsi üçün gərgin əmək sərf etdi. XX əsrin ən böyük iqtisadi layihələrindən olan “Əsrin müqaviləsi” Azərbaycanın bir dövlət kimi siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunmasına, dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə əlverişli şərait yaratdı. Rektor “Əsrin müqaviləsi”nin bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən ugurla davam etdirildiyini vurğuladı, qeyd etdi ki, müqavilənin 2050-ci ilədək uzadılması da onu göstərir ki, neft ölkəmizin iqtisadiyyatının inkişafında bundan sonra da mühüm rol oynayacaq.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə “Heydər Əliyev və Azərbaycanda neft sənayesinin inkişafı” mövzusunda məruzə ilə çıxış edərək ölkə iqtisadiyyatının inkişafında müstəsna rol oynamış enerji strategiyasının banisi Ulu öndər Heydər Əliyevin “Əsrin müqaviləsi”nin imzalanmasında əvəzsiz xidmətlərindən danışdı. Bildirdi ki,Ulu öndər Heydər Əliyevin müstəqilliyimizin ilk illərində işləyib hazırladığı neft və qaz strategiyasında xüsusi yeri olan “Əsrin müqaviləsi” həm siyasi, həm də iqtisadi cəhətdən Azərbaycana böyük fayda verdi. Bu kontrakt onu göstərdi ki, Azərbaycan müstəqil dövlət və etibarlı tərəfdaşdır, burada işləmək, bu ölkəyə sərmayə qoymaq dünyanın aparıcı dövlət və şirkətləri üçün olduqca sərfəli idi. “Əsrin müqaviləsi” ulu öndər Heydər Əliyevin birinci şah əsəri idisə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ümummilli liderin ikinci şah əsəri oldu. “Şahdəniz” layihəsi isə ümummilli liderimiz Heydər Əliyevin üçüncü şah əsəridir. Bu layihə çərçivəsində hasil olunacaq qazın uzunmüddətli sazişlər əsasında Avropa Birliyi ölkələrinə ixrac edilməsi üçün mühüm addımlar atılmışdır. Əgər “Əsrin müqaviləsi” Azərbaycanı dünyaya yenidən neft ölkəsi kimi tanıtdısa, “Şahdəniz” qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycanı dünyaya böyük miqdarda qaz ixrac edən ölkə kimi tanıtdırdı.“Əsrin müqaviləsi” imzalandıqdan sonra növbəti mərhələdəki işlər uğurla davam etdirildi. Ötən 25 il ərzində Azərbaycanın milli maraqları tam şəkildə təmin olunmuşdur. Azərbaycan Respublikası bu kontraktın icrası nəticəsində böyük və uğurlu yol keçmişdir. Göründüyü kimi, güclü, qüdrətli Azərbaycan quruculuğu yolunda davam etdirilən qlobal neft-qaz və nəqliyyat layihələri, Dövlət proqramları da ən ümdə məqsədə – ölkəmizin iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun artmasına xidmət edir.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri İmran Arzumanzadə Azərbaycanın neft tarixindən, ölkəmizin taleyində neftin yeri və təsirindən, Ulu Öndər Heydər Əliyevin ölkənin hərtərəfli inkişafı, o cümlədən neft sənayesinin inkişafında əvəzsiz rolu haqqında ətraflı danışdı. Bildirdi ki, Ulu Öndərin neft strategiyasını uğurla davam etdirən Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti bu gün ölkəmiz, xalqımız və bütöv region üçün böyük faydalar verir. Neft-qaz resurslarımız ölkə iqtisadiyyatını gücləndirir, eyni zamanda beynəlxalq mövqelərimizi daha da möhkəmləndirir.
Sonda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse – prezidenti, akademik Xoşbəxt Yusifzadə tələbələrin suallarını cavablandırdı.
Xoşbəxt Yusifzadə Sumqayıt Dövlət Universitetində – FOTOLAR
•
1479