Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycanın cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimi başlayıb.
Bu barədə “Qafqazinfo”ya Müdafiə Nazirliyindən daxil olan məlumatda bildirilir.
Məlumatda bildirilir ki, Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi ilə keçirilən təlimin planına əsasən hərbi hissələr “Həyəcan” siqnalı ilə qaldırılıb. Daimi dislokasiya məntəqələrini tərk edən xüsusi təyinatlılar əməliyyat rayonlarına çıxarıldıqdan sonra komandirlərin məruzələri dinlənilib və tapşırıqlar dəqiqləşdirilib. Hərbi Hava Qüvvələrinin, Raket və Artilleriya Qoşunlarının təlimə cəlb olunan hissə və bölmələri müvafiq olaraq təyin edilmiş aerodromlara və rayonlara cəmləşdirilib.
Qeyd edək ki, təlim çərçivəsində xüsusi təyinatlı bölmələrin müəyyən xüsusi hazırlıqları üzrə ayrıca yoxlamalar keçirilir.