Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunan Günay Seyfullayevanın barəsində cinayət işi başlanıb.
Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Günay Seyfullayevanın barəsində araşdırma aparılıb.
Məlum olub ki, Günay Seyfullayevanın əməllərindən idarəyə bir neçə qadın müraciət edib. Zərərçəkmiş qadınların müraciəti araşdırılıb, onun törətdiyi əməllər təsdiq olunub.
Bildirilir ki, Günay Seyfullayeva Azərbaycan vətəndaşı olan qadınları Türkiyəyə aparıb, orada onları kişi müştərilərlə görüşdürüb, gəlir əldə edib.
Məlum olub ki, Günay Seyfullayeva maddi imkanı zəif olan azərbaycanlı qadınları Türkiyədə xadimə işinə düzəltmək adı ilə aldadıb.
O, həmin qadınları Türkiyəyə aparıb və orada rəsmi sənədlərini əllərindən alıb. Həmin qadınların rəsmi sənədlərini cıraraq məhv ediblər.
Sonra həmin qadınları mütəşəkkil dəstənin digər üzvlərinə verib.
Mütəşəkkil dəstənin digər üzvləri həmin qadınları zorla müxtəlif ünvanlarda kişi müştərilərlə pul müqabilində görüşdürüblər.
Bu səbəbdən Günay Seyfullayevaya qarşı Cinayət Məcəlləsinin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək), 144-3.4-cü (insan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə) və 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə insan alveri törətmək) maddələri ilə ittiham elan edilib.
Günay Seyfullayevanın barəsində həbs qətimkan tədbiri seçilməsi üçün müstəntiq tərəfindən Nərimanov rayon Məhkəməsinə vəsatət verilib.
Hakim Rəşad Abdulovun sədrliyi ilə baş tutan qapalı iclasda müstəntiqin vəsatəti qismən təmin edilib.
Məhkəmənin qərarı ilə Günay Seyfullayevanın barəsində polis nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.
Hazırda İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində istintaq hərəkətləri davam edir. Teleqraf.com