Yanacağın yandırdığı ümidlər…

3741

Dünən axşam çağı idi. Artıq iş saatı bitmişdi. Məmur dostlarımızdan biri ilə birgə idik. Yoldakı tıxaclardan, insanların sosial vəziyyətindən, gündəlik benzin sərfiyyatından, əlavə xərclərdən danışdığımız anda ona zəng gəldi. Dostumuzun “birinci şad xəbəri de” deməsindən başa düşdüm ki, zəng edənin iki xəbəri var, biri şad, digəri də bəd xəbər. Dostumuz “şad xəbər olasan, sənə bir qonaqlıq məndən” deyib telefonu qapatdı, bilmədim zəng edən macal tapıb bəd xəbərini də deyə bildi, ya yox.

Amma dostumuz dərindən nəfəs aldı. Hiss olunurdu ki, sevinir. Çünki məmur olsa da uzun müddət idi   ki, digər kateqoriyadan olanların məvacibləri az da olsa artsa da, onlar çoxdan məvaciblərinin      artmasını gözləyirdilər.

O da digər dostuna, iş yoldaşlarına zəng edib şad xəbəri çatdırdı.

Saytlara baxdım, bu xəbəri saytlardan biri paylaşmışdı.

Soruşdu ki, necə saytdır, səncə düz yazar? Dedim hər halda düz olar, yazıblarsa, yəqin ki, qaldırarlar…

Yol boyu dostumuz düşünürdü. Çox güman ki, 30, 40 manatlıq artımın həyatına necə təsir edəcəyini, nəyə çatacağını, hansı işinə yarayacağını götür-qoy edirdi…

Ümid edirdilər ki, saat 8-də rəsmi internet səhifələrində bu barədə məlumat verərlər.

Dostumuzla ayrılanda hələ də rəsmi bir məlumat yox idi, ancaq ümid etdik ki, bu xəbər doğru olar. Sağillaşıb ayrıldıq.

Gecə saat 12 radələrində məlumat yayıldı ki, benzinin qiyməti qalxıb. İstədim dostumuza zəng edib bu barədə məlumat verim, düşündüm ki, yatmış olar, heç olmasa bir gecə rahat yatsın.

Səhər-səhər qarşılaşdıqda artıq bu barədə məlumatlı idi…Ancaq maaşlarının arması barədə yayılan xəbər təsdiqini tapmamışdı. Soruşdum ki, nə oldu, maaşlarınızın qalxması xəbəri deyəsən düz çıxmadı? Dedi bundan sonra qalxsa, nə olacaq, qalxmasa, nə olacaq?!…

***

Bu gün səhər-səhər Bakıya getmək üçün həmişəki kimi dayanacaqda “1 manatlıq” taksiləri gözləyirdim. Bir maşın saxladı, neçəyə aparacağını soruşmadan əyləşdik. Orta yaşlı bir kişi maşına yaxınlaşaraq soruşdu?

Neçəyə aparırsınız?

Sürücü “1 manata – əyləşin” dedi.

Bir müddət sonra maşında əyləşənlər benzinin qalxmasını müzakirə etməyə başladı. Sürücü qeyri ixtiyari şəkildə maşını saxlayaraq soruşdu:

Benzinin qiyməti qalxıb kiii??

Taksidə əyləşənlər bir ağızdan təsdiqlədilər.

Sürücü yoluna davam etdi, ancaq yol boyu bir kəlmə də kəsmədi… Kim bilir, bəlkə də 2 manata aparmadığı üçün öz içində özünü tənbeh edirdi, bəlkə də gələcək yaşayışını planlayırdı.

Amma yol boyu dərin düşüncələrdən bir anlıq da olsun ayrılmadı…

Taksiyə sonuncu minən orta yaşlı kişi isə heç olmasa bir gün də olsa 1 manatdan getdiyi üçün sanki sevinirdi…

Amma yox, inanmıram ki, qiymətlərin qalxmasına kimsə sevinsin…

Qiymət artımının mənfi təsirini hər kəs öz həyatında hiss edəcək. Cüzi maaşla gününü keçirən məmurlar da, kiçik sahibkarlar da, sadə vətəndaşlar da…

P.s Azərbaycanda orta aylıq əmək haqqına (415 manat) 519 litr A95 benzini almaq olar, Norveçdə 2161, Qazaxıstanda isə 646…

Eyvaz Qocayev

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər