ABŞ-ın Nevada bölgəsində yerləşən “Black Rock” səhrasında hər il avqust və sentyabr aylarında doqquz gün çəkən “Burning Man” (Yanan adam) festivalı keçirilir.
Oxu.Az xəbər verir ki, ilk dəfə 1986-cı ildə keçirilən festivalın adı isə sonuncu gün yandırılan taxta heykəlin adı ilə bağlıdır.
Festival hər nə qədər əyləncəli və çılğın görünsə də, çətinliyi daha çoxdur.
Buraya qatılan şəxslər çadırda, yaxud furqonlarda qalmaq, furqonu təmizləmək və öz yeməyini hazırlamaq məcburiyyətindədir.
Furqondakı təmiz su və tualeti də çox diqqətli istifadə etmək lazımdır. Hava gündüz çox isti, gecə isə çox soyuq olur. Buna görə də gecələr hamı qalın geyinir. Günün 24 saatı hər yerdə fərqli əyləncələr var.
Dünyanın dörd bir tərəfindən gələn DJ-lər “Art Car” deyilən səhnədə çıxış edir. Buraya qatılanlar doqquz gün ərzində heç vaxt təmiz qala bilmir. Çünki hər tərəf tozdan və dumandan ibarət olur. Qum fırtınası olan zaman isə bu vəziyyət daha da ağırlaşır.
Builki “Burning Man” festivalından rəngli görüntüləri təqdim edirik: