Xeyli vaxtdır qış aylarını yaşayırıq. Yanvarın əvvəli olmasına baxmayaraq, hələ də Bakıya qar yağmayıb. Üstəlik, şaxtalı hava şəraiti də müşahidə edilmir.
Paytaxt sakinləri builki qış fəslinin mülayim keçdiyini əsas gətirərək, qar görməyəcəklərini güman edirlər.
Milli.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova modern.az-a açıqlamasında xatırladıb ki, yanvar və fevral ayları qış fəslinin ən soyuq ayları kimi xarakterizə olunur. Onun sözlərinə görə, artıq ETSN yanvarın ilk günləri ilə bağlı hava şəraitini açıqlayıb:
“Bu il qış fəslində temperatur iqlim normasından 0,5 – 1 dərəcə yüksək olacaq. Bu il də qışın mülayim keçəcəyi gözlənilir, amma şaxtalı və qarlı günlərin müşahidə olunacağı da istisna deyil. Cari ayın ilk ongünlüyündə paytaxtda və regionlarda hava şəraitində ciddi dəyişiklik proqnozlaşdırılmayıb. Paytaxtda mülayim cənub-qərb küləyi arabir güclənəcək, temperatur 8-12 dərəcə arasında dəyişəcək. Regionlarda isə yanvarın ilk günlərində hava şərait normal keçəcək, müəyyən yerlərdə duman olacaq. Temperatur iqlim normasına yaxın, bəzi günlərdə normadan artıq ola bilər”.
Gülşad Məmmədova xüsusi vurğulayıb ki, hələlik yanvar ayı üçün qar deyil, arabir çiskinli yağış proqnozlaşdırılır:
“Amma yanvarın sonları ilə bağlı proqnozları dəqiqləşdirdikdən sonra mətbuata açıqlayacağıq.
Xatırlatmaq istəyirəm ki, ötən ilin də bu vaxtları paytaxt ərazisində hava mülayim keçib. Lakin dağlıq və dağətəyi rayonlarda şaxtalı hava müşahidə olunub.
Hazırda da bəzi bölgələrimizdə havanın minimal temperaturu mənfi 10 dərəcəyə qədər enib. Qeyd etdiyim kimi, paytaxtda, Mərkəzi Aran bölgəsində şaxta müşahidə olunmur”.
AMEA-nın Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov isə söyləyib ki, Bakı üçün qışın ən soyuq məqamı yanvar ayının sonu və fevralın ilk günləridir. Ona görə, bu il də Bakıya qar yağmayacağını əminliklə demək olmaz:
“Qar örtüyünün rayonlarımıza yağdığı qədər çox olacağını düşünmürəm. Amma ehtimal oluna bilər ki, az da olsa, Bakıya da qar yağacaq. Qarın yağmamasını tamamilə iqlim dəyişmələri ilə izah etmək də düzgün deyil. Çünki rayonlarımızda qar da, şaxtalı hava şəraiti də müşahidə olunur. Bu il payız aylarında və qış fəslinin başlanğıcında Bakıda yağışların miqdarı bir qədər yüksək, intensivliyi artıq oldu. Əgər temperatur nisbətən aşağı düşsə, yağış buludları qara çevriləcək”.