Analitik Qrupun rəhbəri Sumqayıt şəhərindəki favoritlərin adlarını açıqladı
Budur, bu da son. Seçki marafonu sona çatır. Namizədlərin seçki kampaniyası isə artıq bitib…
Marafonun gedişində şəhərimizdən iki media qurumunun aktivliyi xüsusi olaraq diqqət çəkirdi. Bunlardan biri “sumqayitxeber.com” saytı, digəri isə “168 saat” qəzeti idi. Seçki dövrünü bu qəzet xüsusi olaraq yaradılmış Analitik Qrupu ilə izləyirdi. Seçki ilə bağlı informasiyalarla yanaşı şəhərimizdəki dairələri, namizədlərin şanslarını əhatə edən təhlil materialları təqdim olunurdu. Saytımıza müsahibəsində bu qrupun rəhbəri, “168 saat” qəzetinin baş redaktoru Vüsal Məmmədov marafondan kimin necə yararlandığı, təbliğat-təşviqat işlərinin necə qurulduğu və nəhayət, favorit və autsayderlərin kimliyi məsələlərinə aydınlıq gətirdi.
– Sizcə, bu seçkilərədən yeni nə gözləmək olar? Ümumiyyətlə, cəmiyyət radikal dəyişiklik istəyirmi?
– Hesab edirəm ki, budəfəki seçki prosesi ölkənin ictimai-siyasi panoramına yeni heç bir rəng əlavə etməyəcək. Əgər bu, 2003 və 2005-ci illərdə olmayıbsa, bu dəfə belə bir dəyişiklik proqnozlaşdırmaq yəqin ki, sadəlövlük olardı. Bu, hər şeydən əvvəl ondan irəli gəlir ki, cəmiyyət ciddi dəyişikliklərə hazır deyil və ümumiyyətlə, hansısa kardinal dəyişiklik arzusu hiss olunmur. Narıncı inqilablar zəncirinə ümid edən yerli müxalifətin 2010-cu ildə artıq inqilab ehtirasından əsər-əlamət belə yoxdur. Niyə? Çünki buna sosial sifariş yoxdur.
– Bəs tutaq ki, beş il öncə belə bir sosial sifaiş var idi?
– Xeyr, onda da kütlədə belə bir sifariş yox idi. Sadəcə, siyasi dairələrdə Ukrayna, Gürcüstan və Qırğızıstan inqilablarının Azərbaycan modelinə ümid var idi. Ancaq zaman göstərdi ki, inqilab üçün daxili resurslar başlıca rol oynayır. Xarici resurslar isə yalnız stimullşdırıcı xarakter daşıya bilər. Hansı ki, Azərbaycan müxalifəti üçün xarici dəstək o zaman da sona qədər gəlmədi. Çünki ABŞ və Avropa strateqləri o qədər sadəlövh deyildilər ki, hazırladıqları geopalitik dəyişikliklə modelinə Azərbaycanı da daxil etsinlər. Təbii ki, ilkin proqramlaşdırmada və ya hanısasa dairələrin “reform paketi”ndə belə bir plan ola bilərdi, ancaq onun sonadək həllini təqdim etmədən bu paketin empiriklik qazanacağını gözləmək olmazdı və belə də oldu. Başqa sözlə, xarici strateqlər də uğursuz müdaxilədən sığortalanmaq üçün daxili resurslarla hesablaşmaq zorunda qaldılar.
– 2010-cu il, parlament seçkiləri. Bəs indi kim daha şanslı görünür?
Əsas mübarizənin hakim partiya ilə AXCP-Müsavat bloku arasında gedəcəyi şübhə doğurmur. Ancaq YAP-ın favoritlyi də gün kimi aydındır. Bu, hər şeydən əvvəl özünü qeydə alınmış namizədlərin sayında göstərir. Məsələ burasındadır ki, hakim partiya marofona 135 namizədlə çıxıdğı halda, onun əsas rəqibi olan blokun qeydə alınmış namizədlərinin sayı 41-dən artıq deyil. Bu, o deməkdir ki, müxalifətin əsas qolu favoritə qarşı ən azı 3 dəfə azlıqda “oynamalıdır”. Hakim partiya bundan əvvəlki parlament seçkiləri ilə müqayisədə daha artıq iddialı görünür – bunu namizədlərin artan sayı da deməyə əsas verir. Belə ki, birinci çağırış seçkilərdə YAP Milli Məclisdə 53 deputatla, ikinci çağırış seçkilərdə 79, üçüncü çağırış seçkilərdə isə 63 deputat yerini əldə etmişdi. Elektorat nisbəti də müxalif düşərgənin xeyrinə deyil. Deməli, bu seçki parlamentin tərkibinə siyasi mənsubiyyət baxımından ciddi şəkildə əl gəzdirməyəcək. Ehtimal etmək olar ki, YAP-ın parlamentdəki təmsilçilərinin sayı ən azı 6 rəqəmi ilə başlayacaq.
– 2005-ci ilin təcrübəsi isə göstərib ki, Sumqayıtda gərgin mübarizə qaçılmazdır. Sizcə, bu dəfə də belə bir mübarizəyə şahidlik edəcəyikmi?
– Bəli, 2005-ci ildə Sumqayıt siyasi partiyalar üçün futbol dili ilə desək, “ölüm qrupu” idi. Nəticələr də sübut etmişdi ki, Sumqayıtda asanlıqla qalib gəlmək mümükün deyil. Bilirsiniz, bu, niyə belədir? Çünki Sumqayıt kiçik Azərbaycandır – hərə bir regiondan gəlmədir, odur ki, burda elektorat qazanmaq çətin məsələdir. Üstəgəl, sumqayıtlılar yerli olmayan, yəni Sumqayıtda yaşamayan namizədlərə səs verməkdə xəsislik edirlər. Üçüncü bir tərəfdən, Sumqayıt paytaxta yaxın olduğundan paytaxtın siyasi atmosferi bura da ciddi şəkildə təsir edə bilir. Elə bu dəfə də şəhərimizdə çox ciddi mübarizə gözləməyə dəyər.
– Sizin dairələr və namizədlər üzrə araşdırma, dəyərləndirmə aparan Analitik Qrupunuz fəaliyyət göstərirdi. Bu qrupun yekun proqnozları nədən ibarət oldu?
– “168 saat” qəzetində son beş həftədə seçkilərlə bağlı materiallar dərc olundu. Təhlil istiqamətlərimizdən birini də dairələr və namizədlər üzrə analizlər təşkil edirdi.
41-ci seçki dairəsi üzrə əsas mübarizənin hakim partiya ilə AXCP-Müsavat blokunun namizədi arasında gedəcəyi şübhə doğurmur. Söhbət Leyla Abdullayeva ilə İkram İsrafildən gedir. 18 saylı orta məktəbin direktoru olan Abdullayeva son iki ildə şəhərin təhsil sektorunda tanınmış simaya çevrilib, ötən il şəhər bələdiyyəsinin üzvü seçilib və yenə ötən il “Tərəqqi” medalına layiq görülüb. İkram İsrafil isə son beş ildə şəhərimizin parlamentdəki təmsilçisi olub və insafən şəhərin digər millət vəkilləri müqayisədə sumqayıtlılar üçün az-çox tər töküb və beləliklə də o da şəhərdə az tanınmır. Biz dairələrdə namizədləri favoritlərə, nisbətən az şanslılara və autsayderlərə bölmüşük. Bu dairənin favoritləri elə məhz bu iki nəfərdir.
42-ci dairənin favoritləri isə tarixçi alim Musa Qasımlı və AXCP-Müsavat blokunun dəstəklədiyi KXCP-çi Mirmahmud Mirəlioğludur. Onların şansları təxminən bərabər qiymətləndirilə bilər. Baxmayaraq ki, YAP öz elektoradı etibarilə daha çox şanslıdır, amma seçkinin taleyini seçinin təkcə partiyalara yox, simalara münasibəti də həll edir. Bu baxımdan M.Mirəlioğlu hakim partiya təmsilçisi üçün əmməlicə başağrısı olacaq. Xatırlayırsınızsa, 2000-ci ildə M.Mirəlioğlu Şirvan şəhərindən deputat seçilsə də, mandatdan imtina etmişdi. 2005-ci ildə isə KXCP-çi namizəd elə bu dairədə seçkiyə kifayət qədər kapital yatırmış “Azərikimya” prezidenti Məcid Kərimova əzələ nümayiş etdirib. Bu dairədə iş adamı Oqtay Ağayarovun da şanslarını qeyd etmək lazımdır. O, əlbəttə, favoritlərlə çətin ki, başabaş mübarizə apara bilsin, ancaq hər halda, kifayət qədər səs parçalayacağı şübhə doğurmur.
43-cü dairədə isə mənzərə digər dairələrlə müqayisədə daha aydındır. Bu dairənin aşkar favoriti “Azərikimya”nın rəhbəri Muxtar Babayevdir. O, Sumqayıtda yeni olsa da, onun “Azərikimya”ya rəhbər təyin edilməsindən dərhal sonra İstehsal Birliyinin müəssiələrində hiss olunan kardinal dəyişikliklər ona yetərincə reputasiya qazandırıb. Onun əsas rəqibi Müsavatın başqan müavini Sülhəddin Əkbərdir. O, müxalifət dairələrində nüfuzlu biri olsa da, onun M.Babayev üçün ciddi baryerə çevrilə biləcəyi inandırıcı görünmür. Xatırlamaq yerinə düşər ki, S.Əkbər 2005-ci ildə heç Bakıda – öz yaşadığı ərazidə belə seçilə bilməyib, o ki qaldı, “yadellilərə” səs verməkdə xəsislik edən sumqayıtlıların şəhərində.
44-cü dairədə isə bir qədər boşluqdur. Və namizədlər iki əsas gücün – YAP və AXCP-Müsavat blokunun namizədlərinin bu dairədə elektoradlarının o qədər də yüksək olmaması digər namizədləri bu boşluqdan yararlanmaq üçün stimullaşdırır. Bu mənada, millət vəkili Baba Tağıyevin və Hacı Salayevin aktivliklərini və beləliklə də şanslarını yüksək qiymətləndirmək olar. Hakim partiya ilə AXCP-Müsavat blokun namizədlərinə gəldikdə isə YAP-ın namizədi Məharət Xasıyev nəinki dairənin bir hissəsini əhatə edən Abşeronda, heç işlədiyi və yaşadığı Sumqayıtda da yetərincə tanınmış sima deyil. Bu sözləri müxalifət blokunun dəstəklədiyi Rəis Rəsulzadə haqda da demək olar. İctimai fikirdə repuatsiyasını yeganə faktor onun Məhəmməd Əmin Rəsulzadənin nəvəsi olmasıdır. Ancaq bu dairə üzrə son vəziyyət deməyə əsas verir ki, Hacı Salayev favoritliyi ələ alıb.
– Əgər hər dairədən bir namizədin adını çəkməli olsaydınız, hansı adları seçərdiniz?
– 41-ci dairədə Leyla Abdullayev, 42-ci dairədə Musa Qasımlı, 43-cü dairədə Muxtar Babayev, 44-cü dairədə Hacı Salayev.
Söhbətləşdi: Eyvaz Qocayev
bize sadece alqislamaq qalir. texminlerinizin 4u de tutdu.