YAP-ın VII qurultayı: qarşıya qoyulmuş yeni hədəflər və vəzifələr

1318

Yeni Azərbaycan Partiyasının bundan öncəki qurultayı ilə VII qurultay arasında 3 il keçməsinə baxmayaraq bu illər ərzində ölkəmiz çox böyük bir inkişaf yolu keçmişdir.
Son 3 il ərzində ölkəmizdə Prezident və parlament seçkiləri keçirildi və bununla da ölkəmizdə islahatların yeni bir dövrü başladı. Ən əsası, bu illər ərzində regionda həlledici, mühüm hadisələr baş verdi. Nəhayət ki, uzun illər həyata keçirilən düşünülmüş siyasət nəticəsində, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz 44 günlük Vətən Müharibəsi ilə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, Vətən müharibəsində parlaq Qələbə qazandı.

İkinci Qarabağ müharibəsi nəticə etibarı ilə ərazi bütövlüyümüzün bərpa olunması ilə yanaşı region üçün yeni reallıqlar, yeni əməkdaşlıq imkanları yaratdı. Azərbaycan beynəlxalq aləmdə imicini daha da möhkəmləndirdi.

Bu gün ölkəmizdə sosial-siyasi, iqtisadi, mədəni və digər istiqamətlərdə xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılır, bu halların aradan qaldırılması üçün qarşıya yeni hədəflər qoyulur.

Həyata keçirilən islahatların nəticəsi bu gün ölkənin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə öz əksini tapır. Sözsüz ki, bu yeniliklərin, yeni hədəflərin fonunda YAP-ın fəaliyyətinin tənzimlənməsi, çevik mexanizmlərin yaradılması üçün qurultayın keçirilməsi aktual idi, günün tələbi idi.

Ölkəmizdə qarşıya qoyulmuş yeni hədəflərə daha tez çatmaq, islahatları sürətlə həyata keçirmək üçün Yeni Azərbaycan Partiyasının strukturunun və fəaliyyət fəlsəfəsinin yeni çağrışlara uyğunlaşdırılması zəruri idi. Prezidentin Qurultaydakı çıxışı zamanı gələcəkdə reallaşdırılmalı olan proqramla bağlı səsləndirdiyi fikirlər, gənclərlə bağlı tövsiyələri yenilənmənin bundan sonra da davam edəcəyini göstərdi. Aydın oldu ki, Prezident İlham Əliyevin Partiya ilə bağlı gözləntisi var: Yeni Azərbaycan Partiyası daha aktiv və daha güclü partiyaya çevrilərək ölkəmizin regiondakı missiyasına öz töhfəsini verməlidir. Bundan sonrakı fəaliyyətdə YAP fəalları, hətta veteranlar da daha fəal olmalı, əhali ilə daha sıx təmasda olaraq iqtidara real dəstək verməlidir.

Eyni zamanda daha çevik qərarların qəbul olunması üçün Yeni Azərbaycan Partiyası struktur islahatlarına da getdi. Belə ki, hakim partiyada birinci müavin postu təsis olundu və bu post ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olundu. Daha mühüm bir qərar isə Siyasi Şuranın ləğv edilməsi ilə bağlı oldu. Bunun əvəzində ictimai-siyasi mühitdə, vətəndaş cəmiyyəti qurumlarında formalaşmış yeni simalar İdarə Heyətinə qəbul olundu. Bununla da İdarə Heyətinin tərkibi daha da genişləndirildi. Sözsüz ki, yeni adların, gənc siyasətçilərin partiya daxilində idarəçiliyə cəlb olunması gələcək fəaliyyətdə öz müsbət təsirini göstərmiş olacaq.

Prezident İlham Əliyevin qurultaydakı proqram xarakterli çıxışından o da aydın oldu ki, qarşıya qoyulmuş vəzifələrin reallaşdırılması üçün YAP bundan sonra da ölkəmizdə gedən proseslərin mərkəzində aktiv rol almalıdır, fəaliyyətini daha da aktivləşdirməlidir.

Qurultayda vurğulandı ki, xüsusilə gənc nəslin gələcək həyata hazırlanmasına, milli dəyərlər əsasında tərbiyə olunmasına diqqət yetirilməlidir.

Prezident İlham Əliyev gənc nəslin tərbiyə edilməsinin hər bir dövlət üçün xüsusi əhəmiyyət daşıyan məsələ olduğunu qeyd etdi:  “O ölkələrdə ki, bu məsələyə fikir verilmir, o ölkələr vaxt keçdikcə böyük problemlərlə üzləşə bilərlər. Çünki dünyada gedən proseslər deməyə əsas verir ki, bəzi yerlərdə bu proses kortəbii şəkildə aparılır. Belə olan halda, əlbəttə ki, gələcəkdə – 10 ildən, 20 ildən sonra çox ciddi problemlər yaşana bilər. Əgər gənc nəsil tərbiyə edilməsə, əgər gənc nəslə ümumbəşəri dəyərlər aşılanmasa, o zaman gələcəkdə problemlər qaçılmazdır”
Ölkə rəhbəri bəyan etdi ki, gənc nəslin tərbiyə edilməsi gündəlik fəaliyyət istiqamətlərindən biri olmalıdır: “Həm ali məktəblərdə, ilk növbədə, ailələrdə və eyni zamanda, siyasi partiyalarda buna fikir verilməlidir. Siyasi partiyalarda fəaliyyət göstərən gənc nəslə elə təlimat verilməlidir ki, onlar gələcək həyata hazırlıqlı olsunlar, onlar ölkəmizin müstəqilliyini hər şeydən üstün tutsunlar”.

Qurultayda yaddaqalan hadisələrdən biri də 6 siyasi partiyanın YAP-a qoşulması oldu. Hakim partiya bu qərarı dəstəkləməklə konstruktiv qüvvələr üçün qapıların açıq olduğunu bəyan etmiş oldu.  Bu addım bir daha göstərdi ki,  milli həmrəyliyin yeni inkişaf mərhələsi artıq başlayıb və xalq-iqtidar birliyi getdikcə daha da möhkəmlənəcəkdir.

Prezident İlham Əliyev siyasi partiyaların YAP-a qoşulması qərarını əlamətdar hadisə kimi dəyərləndirdi: “Bu da siyasi sistemimizin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır və eyni zamanda, göstərir ki, partiyamızın həm məramı, həm proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir. Əminəm ki, bir neçə partiyanın Yeni Azərbaycan Partiyası ilə birləşməsi partiyamızı gücləndirəcək”.

Sevinc Qasımova, Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin sədr müavini

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər