Yaşıl enerjiyə keçid Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirəcək – Tahir Mirkişili

1003

Başa vurmaqda olduğumuz 2023-cü il Azərbaycan üçün həlledici il oldu. Belə ki, “Heydər Əliyev İli”ndə ölkəmiz bir sıra uğurlara imza atdı. Suverenliyimizin təmin edilməsi, bayrağımızın Xankəndi, Ağdərə, Xocavənd, Əsgəran və Xocalıda dalğalanması uğurlarımızın təntənəsi idi. Biz 2024-cü ilə yeni şüarla gedirik. Növbəti ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamı iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədi daşıyır. Bununla bağlı hazırda tədbirlər planının hazırlanması üzərində iş gedir. Əminliklə söyləmək olar ki, Azərbaycan “Yaşıl dünya naminə həmrəylik ili”ndə qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə öz töhfəsini verəcək.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili söyləyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü olan Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım”dır. “BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi Azərbaycana böyük hörmət və etimadın bariz nümunəsidir. COP29-un Bakıda keçirilməsi Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurlarından biri kimi xarakterizə olunur. Ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası, su ehtiyatları və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində əhatəli işlər aparılır. Xüsusilə də istilik effekti yaradan qazların emissiyalarının 2030-cu ilə qədər 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılması hədəfi ölkəmizin ekoloji sağlamlıq strategiyasına nə qədər önəm verdiyinin təsdiqidir. Düşmən tapdağından azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan edilib. Azad edilmiş ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir. Yaşıl enerji istehsalı və əldə ediləcək məhsulların dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətində mühüm yer tutur. 2030-cu ilə qədər bərpaolunan enerji mənbələrindən əldə olunacaq elektrik enerjisinin ümumi payı 30 faizə çatdırılacaq”, – deyə Milli Məclisin deputatı bildirib.

T.Mirkişili qeyd edib ki, Azərbaycanda bərpaolunan enerjiyə diqqət, bu mövzuda müzakirələr getdikcə artır: “Yaşıl enerjiyə keçid strategiyası qlobal iqlim dəyişmələrinin qarşısını almaq və sağlam həyat şəraitini təmin etmək məqsədi daşıyır. Dünyada neft, qaz, elektrik enerjisi ixracatçısı kimi tanınan Azərbaycan Avropanın enerji təminatında vacib rol oynayır. Amma ölkə rəhbərliyi dünyada cərəyan edən prosesləri, trendləri yaxından izləyir və ölkəmiz ənənəvi enerji resursları ilə yanaşı, bərpaolunan enerji istehsalı sahəsində də özünəməxsus yer tutmaq istəyir. Karbon emissiyası üzrə ölkəmizin üzərinə götürdüyü öhdəliklərin icrası istiqamətində işlər görülür. Bu mənada 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışını xüsusi qeyd etmək lazımdır.

Prezident İlham Əliyev çıxışı zamanı bu elektrik stansiyasının regionumuzda ən böyük günəş elektrik stansiyası olduğunu qeyd edərək Birləşmiş Ərəb Əmirlikləri ilə birgə həyata keçirilmiş layihənin üstünlüklərindən danışdı. Gələcəkdə 1 qiqavat həcmində bərpaolunan enerji istehsalına yol açacaq üç investisiya sazişinin imzalanması Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin parlaq nümunəsidir. Bu əməkdaşlıq həm Azərbaycanın iqtisadi gəlirlərini artıracaq, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə öz töhfəsini verəcək. Dördüncüsü Sənaye İnqilabı adlandırılan yeni dövrün əsasını təşkil edən yaşıl enerji ənənəvi enerji mənbələrini – daş kömür, neft-qaz kimi sahələri geridə qoyacaq. Yeni istehsal olunan mühərriklər, maşınlar hidrogen, qaz və elektrik enerjiləri ilə işləyirlər. Dövlətimizin başçısının də qeyd etdiyi kimi, növbəti illərdə biz hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac edəcəyik. Bu məqsədlə biz bu potensialı yaratmaq üçün tərəfdaşlarımızla, dünyanın müxtəlif ölkələrindən olan şirkətlərlə çox yaxından işləyirik. Bizim bərpaolunan enerji gündəliyimiz günəş, külək elektrik stansiyaları ilə məhdudlaşmayacq. Hazırda biz Qarabağ və Şərqi Zəngəzurda hidroenerji potensialımızı inkişaf etdiririk”.

Deputat əlavə edib ki, Azərbaycanın alternativ enerji mənbələrinə çıxış yollarını genişləndirməsi onun iqtisadi və siyasi gücünü də artıracaq: “Enerji təhlükəsizliyinin təmin edilməsi, enerji mənbələrinin şaxələndirilməsi o deməkdir ki, Azərbaycan regiondakı liderliyini hələ uzun müddət qoruyub saxlayacaq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər