“Yaşıl Sumqayıt” İlham Əliyevin quruculuq missiyasının təntənəsidir

732

Sumqayıt 75 illik yubileyini müasir və modern şəhər modelinin mükəmməl nümunəsi olaraq qeyd edir

Bu günlərdə Bakının evsahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası respublikamızın mühüm uğuruna çevrildi. Bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilməsi ölkəmizə göstərilən yüksək beynəlxalq etimadın və ehtiramın nümunəsi olmaqla yanaşı, respublikamızın “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq “yaşıl artım” ölkəsi kimi inkişafının qlobal səviyyədə qiymətləndirilməsinin göstəricisidir.

Azərbaycanın “yaşıl artım” ölkəsi kimi inkişafının ən mükəmməl nümunələrindən biri noyabrın 22-də şəhər statusu almasının 75-ci ili tamam olan Sumqayıtdır.

Kiçik qəsəbədən böyük şəhərə…

Sumqayıtda aylardır ki, yubiley ab-havası yaşanır, şəhərin bütün küçə və prospektləri, park və xiyabanları bayram libasına bürünüb. Üstəlik, Vətən müharibəsindəki Zəfərin növbəti ildönümü, COP29 kimi mötəbər bir tədbirin respublikamızda keçirilməsi kimi əlamətdar hadisələr yubiley atmosferini daha da yüksəltdi. Sumqayıtın şəhər statusu almasının 75-ci ildönümü sıradan bir yubiley deyil. Bu həm də bir vaxtlar Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı kimi keçmiş Sovet İttifaqının ən qabaqcıl sənaye mərkəzlərindən birinə çevrilən, bu gün isə yalnız sənaye deyil, həm də Azərbaycanın ən gözəl və abad ünvanlarından biri kimi fərqlənən şəhərin keçdiyi inkişaf yollarının, əldə etdiyi misilsiz uğurların təqdimatıdır.

Tək Azərbaycanın deyil, bütün Cənubi Qafqazın mühüm sənaye mərkəzi və ən gözəl ünvanlarından biri kimi şöhrətini gündən-günə artıran Sumqayıtın müasir tarixi XX əsrin 30-cu illərinin sonundan başlayır. Sovet hökumətinin Abşeron yarımadasında növbəti sənaye mərkəzi yaratmaq barədə qərarından irəli gələrək 1939-40-cı illərdə Sintetik Kauçuk, Boru yayma və Kimya zavodlarının bünövrəsi qoyulur. 1941-ci ildə istilik elektrik stansiyası işə düşür. 1945-ci ildə Kimya zavodu ilk məhsulunu verir.

1949-cu ildə isə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sumqayıta şəhər statusu verilir. Bununla da Sumqayıtın şəhər kimi yeni tarixi başlayır. Qəsəbə olaraq yaranan Sumqayıt tədricən sənaye mərkəzinə çevrilməyə başlayır. 1952-ci il Boruyayma zavodu ilk məhsulunu buraxır. Vaxtilə tikintisi dayanmış Sintetik Kauçuk zavodu da işə salınır və ilk dəfə neftdən etil spirti əldə edilir. 1955-ci ildə isə Alüminium zavodu işə düşür. Ötən əsrin 60-cı illərində Polimer tikinti materialları kombinatı, Superfosfat zavodu tikilərək istehsala başlayır. Bütün bunlara paralel olaraq elmi-tədqiqat institutları və mədəniyyət mərkəzləri tikilir, şəhər infra-strukturu inkişaf etdirilir.

Azərbaycanın inkişaf göstəricilərində Sumqayıtın rolu daha da yüksəldi

Sumqayıtın daha sürətli inkişafı isə Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlamasından sonrakı dövrə təsadüf edir.  Məlum olduğu kimi, 1969-cu ildə Heydər Əliyev Azərbaycana rəhbərliyə gələndə respublikamız ittifaq miqyasında çox geridə qalmışdı. Məhz Heydər Əliyevin yüksək təşkilatçılıq bacarığı, yorulmaz fəaliyyəti sayəsində iqtisadiyyatın bütün sahələrində vüsətli dəyişikliklər baş verdi və Azərbaycan Rusiya, Belarus və Ukraynadan sonra ittifaq büdcəsindən dotasiya almadan yaşayan iki respublikadan birinə çevrildi.

Təbii ki, bu inkişafda Sumqayıtın öz payı, öz yeri olmalı idi. Sumqayıtın sənaye potensialının böyük olduğunu nəzərə alan Heydər Əliyev şəhərin Azərbaycan iqtisadiyyatına verdiyi töhfələri daha da yüksəltməsi üçün diqqət və qayğısını əsirgəmədi. Beləliklə,  sovet illərində Heydər Əliyevin keçmiş ittifaqın qabaqcılları sırasına çıxardığı Azərbaycanın əldə etdiyi inkişaf göstəricilərində Sumqayıtın rolu daha da yüksəldi.

Qeyd etdiyimiz ki, ötən əsrin 60-cı illərinə qədər Sumqayıtda əsas etibarilə metallurgiya və kimya müəssisələri yaradılmışdı. Məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Sumqayıtda həm də yüngül sənaye müəssisələri yaradıldı,  sənayenin digər sahələri inkişaf etdirildi. Buna misal olaraq əhalinin məişət kimyası mallarına olan tələbatını maksimum ödəmək məqsədilə 1970-ci illərin əvvəllərində yaradılan Sumqayıt Məişət Kimyası Zavodunu göstərmək olar. Heydər Əliyevin sayəsində belə bir zavod ilk olaraq Sumqayıtda yaradıldı. Yaxud Superfosfat zavodunda yüksək texnologiya əsasında inşa edilən dənəvər superfosfat gübrəsi istehsalatının işə salınmasını göstərmək olar. 1970-73-cü illərdə Üzvi sintez zavodunda bir-birinin ardınca qliserin, benzol, izobutilen və poliizobutilen, həmçinin xlor və diafraqma üsulu ilə kaustik soda istehsalı sexlərinin fəaliyyətə başlaması, 1974-cü ildə Sintetik Kauçuk zavodunda yüksək markalı kauçuk istehsal edən sexin yenidən qurulması ilə onun istehsal gücünün xeyli artırılması, Kompressorlar zavodunun, Üst trikotaj və Xovlu İplik fabriklərinin, Süd və Yeyinti məhsulları kombinatlarının yaradılması məhz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə Sumqayıtda sənaye sahələrinin inkişafı ilə bağlı əldə olunmuş nailiyyətlərdir.

Sumqayıtın neft-kimya kompleksi üçün Almaniya və Cexoslovakiya istehsalı olan və ən yeni texnologiyalar əsasında yaradılmış EP-300 qurğusunun –  layihə gücü etilenə görə 300 min, propilenə görə isə 138 min ton olan nadir kompleksin alınması da Heydər Əliyevin sayəsində mümkün olmuşdu.

Bütün bunların nəticəsi kmi 1970-80-ci illərdə Sumqayıt öz iqtisadi potensialına görə keçmiş SSRİ məkanında və onun hüdudlarından kənarda tanınan bir şəhər idi. Sumqayıt müəssisələrində istehsal olunan məhsullar ittifaqın 700-dən çox şəhərinə və xarici dövlətlərə ixrac olunurdu.

Azərbaycana ilk rəhbərliyi dövründə Heydər Əliyev düz 16 dəfə Sumqayıta səfər edib ki, bu da onun şəhərimizə olan xüsusi diqqət və qayğısının göstəricisidir. 1974-cü ildə Sumqayıtın 25 illik yubiley tədbirində çıxış edən Heydər Əliyev kimyaçıların heç də asan olmayan, gərgin, fədakar əməyini, əldə olunmuş nailiyyətlərini yüksək qiymətləndirməklə yanaşı, kimya sənayesinin prioritet inkişaf istiqamətləri barədə fikirlərini söyləyərək, qarşıda duran vəzifələrlə bağlı kimyaçılara gələcək üçün fəaliyyət proqramı ola biləcək dəyərli tövsiyələrini də vermişdi.

O dövrdə sənayenin inkişafı ilə yanaşı, Sumqayıt bir şəhər kimi də böyümüş, mikrorayonların sayı artmışdı. Hər il şəhərdə orta hesabla  80 min kvadratmetr mənzil sahəsi tikilib istifadəyə verilirdi. Sumqayıtın bir çox məşhur ünvanının da təməli məhz o illərdə qoyulmuş və inşa edilmişdir.

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə də əvvəlki kimi Sumqayıta daim diqqət və qayğı göstərirdi. Bu qayğının nəticəsində Sumqayıt yenidən özünün dirçəliş dövrünə qədəm qoydu. 1993-cü il dekabrın 18-də Heydər Əliyev müstəqil Azərbaycanın Prezidenti kimi ilk dəfə Sumqayıta gəlmiş, şəhərdə quraşdırılmış yeni telefon stansiyasının açılışında iştirak etmiş, Tarix muzeyində olmuş, “Şəhidlər xiyabanı” kompleksini ziyarət etmiş, şəhər icra hakimiyyətinin işçiləri ilə görüşərək tapşırıq və tövsiyələrini çatdırmışdı. Ulu Öndərin uzaqgörən siyasəti,  tövsiyə və tapşırıqları şəhərin sosial-iqtisadi inkişafına böyük təkan vermişdi. Müstəqillik illərində Heydər Əliyev 6 dəfə Sumqayıtda olmuş, müxtəlif tədbirlərdə iştirak etmiş, şəhər ictimaiyyəti ilə görüşmüşdür. Bütün bunlar Ulu Öndərin Sumqayıta və sumqayıtlılara diqqətinin təzahürü idi.

Məhz Ümummilli Liderin müdrik və uzaqgörən iqtisadi inkişaf modelinin nəticəsi olaraq ötən əsrin 90-cı illərində Sumqayıtın yeni ictimai-iqtisadi münasibətlər sisteminə adaptasiyası sürətləndi. Şəhərin sənaye potensialının bərpası, mövcud müəssisələrin modernləşdirilməsi, elmi innovasiyaların tətbiqinin sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər tez bir zamanda müsbət nəticələrini göstərməyə başladı.

Prezident İlham Əliyev Sumqayıtın yeni intibahının memarıdır

Ümummilli Lider Sumqayıtın daha da inkişafını, onun yenidən sənaye mərkəzi kimi fərqlənməsini, sakinlərinin yüksək rifah içində yaşamalarını istəyirdi. Böyük məmnunluqla qeyd etməliyik ki, Prezident İlham Əliyevin inkişaf və quruculuq siyasəti Ulu Öndərin Sumqayıtla bağlı qarşıya qoyduğu vəzifələrin layiqincə yerinə yetirilməsini təmin edib. Ulu Öndər Heydər Əliyevin Sumqayıtla bağlı elan etdiyi prioritetlər həm də Azərbaycanın inkişaf sürətindən irəli gələrək yeni keyfiyyət mərhələsinə yüksəldilib. Şəhərin yalnız respublikamızın ən gözəl ünvanlarından birinə çevrilməsi deyil, Bakı şəhəri ilə tam rəqabət aparmaq imkanına malik olması da Prezident İlham Əliyevin Sumqayıtla bağlı qarşıya qoyduğu əsas hədəflərdəndir.

Ötən 21 ildə Sumqayıtın iqtisadi və sosial həyatında baş verənlər göstərir ki, Ulu Öndərin şəhərlə bağlı bütün arzuları həyata vəsiqə alır, şəhər Prezident İlham Əliyevin müəyyən etdiyi hədəflərə doğru inamla irəliləyir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin inkişaf siyasətinin nəticəsi olaraq Sumqayıt tarixi ənənələrini sürətlə özünə qaytarıb və bu proses indinin özündə də davam edir.

Ötən əsrin 70-80-ci illərində olduğu kimi, geridə qoyduğumuz 21 ildə də respublikamızın makroiqtisadi göstəricilərində bu şəhərin xüsusi çəkisi yüksəlib, sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, istehsal və emal müəssisələrinin fəaliyyətinin bərpası və genişləndirilməsi, iqtisadi və sosial-mədəni infrastruktur obyektlərinin yenidən qurulması istiqamətində uğurlu nəticələr əldə olunub.  Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla icrası çərçivəsində qarşıya qoyulan vəzifələrin reallaşdırılması Sumqayıtı da dinamik inkişaf yoluna çıxarıb.

Bütövlükdə 21 ildə şəhərdə qazanılan hər bir sosial-iqtisadi uğur cənab Prezidentin adı ilə bağlıdır. Bu illər ərzində Sumqayıt daim Prezident İlham Əliyevin qayğısını hiss etmişdir. Bunu dövlət başçısının Sumqayıta 33 dəfə səfər etməsi də təsdiqləyir. Bu səfərlərin hər biri ali qayğının təsəssümü olmaqla Sumqayıtın inkişafına təkan vermiş, onun tarixində əlamətdar hadisəyə çevrilmişdir. Bir vaxtlar Ulu Öndər Heydər Əliyevin sayəsində inkişaf mərhələsinə qədəm qoyan şəhər indi Prezident İlham Əliyevin diqqət və qayğısı ilə yenidən çiçəklənir. Başqa cür desək, bir vaxtlar Sumqayıtın şöhrətini dünyaya çatdıran unudulmaz Heydər Əliyevin yolunu layiqincə davam etdirən Prezident İlham Əliyev bu şəhərin yeni intibahının memarıdır və buradakı inkişaf nümunələri müasir Azərbaycan dövlətinin yüksəlişini özündə simvolizə edir.

Bu dövrdə Sumqayıtda yeni sənaye kompleksinin formalaşdırılması ayrıca diqqət mərkəzində saxlanılmış və bu məqsədə nail olunmuşdur. Bunun nəticəsi kimi Sumqayıt intensiv sosial-iqtisadi inkişaf prosesləri dövrünü yaşamış, şəhərin sənaye potensialı dəfələrlə artmışdır.

Bu dövrdə yaradılan “Novus Plastica” MMC-nin Polimer qatqıları istehsalı müəssisəsi, “Universal Qablaşdırma Sənaye” Qapalı Səhmdar Cəmiyyətinin Qablaşdırma məhsulları istehsalı müəssisəsi, “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin Keramik plitələr istehsalı müəssisəsi, “Azgüntex” Zavodu, tərkibinə çörək zavodu, taxıl anbarı, dəyirman və logistik mərkəz daxil olan “Sağlam qida” Aqrar-Sənaye Kompleksi, “Azərsun Holdinq”in kağız və karton emalı kombinatı və yağ istehsalı fabriki, “Gilan” Tekstil Parkı, Mis Emalı Zavodu, “Alyans Tekstil” MMC-nin uniformalar istehsalı fabriki, “Azkontakt” MMC-nin beton boru və beton döşəmə daşı istehsalı müəssisəsi, “Texnoil” MMC mühərrik yağları istehsalı müəssisələri, Kimya Sənaye Parkındakı İnşaat Kimyəviləri Zavodu, “Tabaterra” QSC-nin tütün məmulatları istehsalı fabriki, Əlvan Metallar və Ferroərintilər Zavodu, pestisid və aqro-kimyəvi məhsulları, sürtkü yağları, polipropilen qurğusu, elektron təhsil avadanlığı, şüşə və saxsı məmulatları istehsalı müəssisələri, Sumqayıt Texnologiyalar Parkında müxtəlif istehsal sahələri üzrə ixtisaslaşmış zavodlar, “Azərtexnolayn” MMC-nin polad və polietilen borular, mexaniki və hidrotexniki avadanlıqlar istehsalı zavodları Sumqayıtın sənaye şəhəri kimi şöhrətini artırmaqla bərabər, respublikada gedən inkişaf proseslərinə layiqli töhfələr verir.  O cümlədən “SOCAR Karbamid” və “SOCAR Polymer” kimi zavodların yaradılması, nəinki Sumqayıtın,  respublikamızın iqtisadi həyatında mühüm hadisəyə çevrilmişdir.

Göründüyü kimi, hazırda şəhərdə onlarca kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma, elektroenergetika, yeyinti və yüngül sənaye, tikinti materialları istehsalı müəssisələri fəaliyyət göstərir. Onların hər biri Azərbaycan iqtisadiyyatında böyük rol oynayan aparıcı istehsal müəssisələridir. Beləliklə, tarixi şöhrətini bərpa edən Sumqayıt artıq yenidən regionun sənaye mərkəzinə çevrilmişdir.

Yaraşıqlı və təmiz şəhər

Sumqayıt 75 illik yubileyini müasir və modern şəhər modelinin mükəmməl nümunəsi olaraq qeyd edir. Şəhər ötən 21 ildə respublikamızın hər yerində vüsət alan abadlıq və quruculuğun əsas mərkəzlərindən biridir. Həyata keçirilən kompleks abadlıq və quruculuq işləri, yeni və möhtəşəm infrastruktur layihələrinin həyata keçirilməsi, şəhər təsərrüfatının yenidən qurulması burada gözəl ab-hava yaradıb. Əsaslı tikinti və quruculuq meydanına çevrilən Sumqayıt sanki yenidən qurulub.

Xüsusən 2015-ci ilin sonu, 2016-cı ilin əvvəllərindən həyata keçirilən layihələrin nəticəsində Sumqayıtın görkəmi tamamilə dəyişib, şəhərdə yeni infrastruktur yaranıb. Hansı ki, bu infra-struktur uzun illər sumqayıtlılara ən yüksək standartlar əsasında xidmət edəcək. Möhtəşəm tikinti və quruculuq işlərinin nəticəsi kimi Sumqayıt respublikamızın  yaraşıqlı və abad şəhərinə çevrilmişdir. Eyni zamanda şəhərin yeni ünvanları yaranmışdır.

Əzəmətli Heydər Əliyev Mərkəzi, Yeni Azərbaycan Partiyasının inzibati binası, Bayraq Muzeyi, Gənclər Mərkəzi, Şahmat Məktəbi, Muğam Mərkəzi, Sumqayıt Məhkəmə Kompleksi, Mərkəzi Bankın Ehtiyat Sistemi binası, şəhər prokurorluğunun binası, 500 metr uzunluğunda tərsanə, şəhərin əsas giriş yolundakı Bayraq meydanı  Sumqayıtın yeni və möhtəşəm ünvanlarıdır.

Şəhərdə sosialyönümlü bir sıra infrastruktur layihələri də həyata keçirilib. Bunların sırasında Olimpiya və Paralimpiya İdman kompleksləri, Əlillərin Bərpa Mərkəzi, əlil və şəhid ailələri üçün ümumilikdə 240 mənzilli 5 yaşayış binasının inşasını göstərmək olar. Sumqayıtda “Kimyaçılar” Mədəniyyət Sarayının, Dram teatrının, Tarix muzeyinin, 1 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin, 3 nömrəli Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbinin, “Nizami” kinoteatrının binaları da əsaslı təmir olunub, şəhərdə 2 “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.

Son illərdə şəhərin bütün tibb müəssisələri əsaslı təmir olunub. 1 nömrəli Şəhər Mərkəzi Xəstəxanası, 1 nömrəli doğum evi, 1,2 nömrəli qadın məsləhətxanaları, 1,4 nömrəli şəhər poliklinikaları, Uşaq Xəstəxanasının infeksion şöbəsi, Vərəm Xəstəxanası, 2 nömrəli uşaq poliklinikası, 3 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsi əsaslı təmir edilib. 1 nömrəli uşaq poliklinikası, 2 nömrəli şəhər poliklinikası, Onkoloji Xəstəxana, 4 nömrəli şəhər xəstəxanasında cari təmir işləri aparılıb. 1,2 nömrəli doğum evlərinin Reanimasiya şöbələri müasir tibbi avadanlıqlarla təchiz olunub. 1 nömrəli doğum evi 2018-ci ildən III səviyyəli Perinatal Mərkəz kimi fəaliyyət göstərir.

Sumqayıtda 3 məktəb üçün də yeni bina tikilib.  2021-ci ilin sentyabrında istifadəyə verilən 1 nömrəli tam orta məktəbin yeni tikilmiş tədris binası 1800 şagird yerlikdir. Şəhərin İnşaatçılar qəsəbəsində yerləşən 9 nömrəli tam orta məktəb üçün də yeni tədris binası tikilib. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, məktəbin binası tam sökülərək yerində müasir tələblərə cavab verən 1176 şagird yerlik yeni bina inşa edilib. Sumqayıtdakı 20 nömrəli tam orta məktəb üçün bina isə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunub.

Prezident İlham Əliyevin 2023-cü il oktyabrın 23-də Sumqayıta ötən 21 ildə etdiyi sayca 33-cü səfəri də şəhərin abadlığı və quruculuğu baxımından mühüm hadisələrlə yadda qalıb. Həmin gün Prezident İlham Əliyev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

Ötən əsrin 60-cı illərində istifadəyə verilmiş və iki-üç min azarkeş üçün hesablanan bu stadion müasir tələblərə cavab vermirdi və azarkeşlərin çoxu yarışları yer darısqallığından canlı izləyə bilmirdi. Dörd tərəfi açıq olan stadion əhəmiyyətli futbol yarışlarını keçirən məkana qətiyyən bənzəmirdi. Bir sözlə, yeni stadionun tikintisinə ehtiyac vardı. Prezident İlham Əliyevin 2019-cu il 21 noyabr tarixli sərəncamı ilə yenidən qurulan stadion indi ən müasir standartlara cavab verir.

Şəhərin yeni ünvanlarından biri də 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının yeni binasıdır. Oktyabrın 23-də Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan 150 çarpayılıq xəstəxana 6,1 hektar sahədə inşa edilib. Bu səhiyyə ocağının tikinti işlərinə 2019-cu ildə başlanılıb və 2022-ci ildə başa çatdırılıb. Xəstəxana poliklinika, təcili tibbi yardım, 30 çarpayılıq terapiya, 30 çarpayılıq cərrahiyyə, şüa diaqnostika, hemodializ, oftalmologiya, endokrinoloji terapiya, endokrinoloji cərrahiyyə, nevrologiya, 10 çarpayılıq əməliyyat bloku, reanimasiya və sair şöbələrdən, həmçinin laboratoriyadan, digər tikili və qurğulardan ibarətdir.

Sumqayıtda şəhər təsərrüfatının yenilənməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Şəhərdə çoxmənzilli yaşayış binalarının sakinlərini ən çox narahat edən problemlərdən biri liftlərin yenilənməsi ilə bağlı idi. Ölkə rəhbərliyinin bu sahəyə olan diqqəti sayəsində qısa müddət ərzində şəhərin lift təsərrüfatı da tamamilə yenilənib. Lift təsərrüfatının maddi texniki bazasının möhkəmləndirilməsi, əhalinin liftdən təhlükəsiz istifadə etməsinin təmin olunması məqsədilə istismar müddətini ötmüş 600-ə yaxın lift yenisi ilə əvəz edilib.

428 min nəfərin yaşadığı Sumqayıtın əsas inkişaf göstəricilərindən biri də burada müasir nəqliyyat infrastrukturunun yaradılması, bu sahədə idarəetmənin təkmilləşdirilməsi, sərnişin daşınması sahəsində rahatlığın təmin olunmasıdır. Son illərdə şəhərin ictimai nəqliyyatı yenidən qurulub və marşrut xətlərinə Türkiyə istehsalı olan yeni avtobuslar buraxılıb.

Şəhərdə  həyata keçirilən tikinti-quruculuq işlərinin bir hissəsini ictimai və yaşayış binalarının təmiri və yenidən qurulması təşkil edir. Belə ki, bir neçə il əvvəl yaşayış binalarının fasadlarının əsaslı təmirinə və şəhərlə yaşıd olan binaların müasir qaydada üzlənməsi işlərinə başlanılıb. Təmir olunan binaların memarlıq görünüşü saxlanılıb, aşınmaya məruz qalmış və piyadalar üçün təhlükə yaradan elementlər yenilənib. Fasadlama işləri zamanı binaların tarixi memarlıq elementləri, dizayn və naxışları olduğu kimi saxlanılıb. 1200-dən artıq yaşayış binasına yeni dam örtüyü vurulub. Binalara dam örtüklərinin vurulması ilə şəhər sakinlərini narahat edən daha bir əsas problem öz həllini tapıb.

Yaşıllıqlar ünvanı 

Sumqayıt indi təmiz havası ilə diqqət çəkir. Bu gözəl şəhər həm də yaşıllıqlar ünvanıdır. Bu istiqamətdə şəhərdə son illərdə həyata keçirilmiş ən nəhəng və möhtəşəm quruculuq nümunələrindən biri Dənizkənarı bulvarın salınmasıdır. Sumqayıt dəniz sahilində yerləşsə də, burada heç vaxt bulvar olmayıb. Hələ 1974-cü ildə Sumqayıta şəhər statusunun verilməsinin 25 illiyi ilə bağlı Dram teatrının inzibati binasında keçirilən mərasimdə çıxış edən Ulu Öndər Heydər Əliyev bu məsələyə toxunmuş, şəhərdə bulvarın salınması ilə bağlı arzusunu ifadə etmişdi.

Sumqayıtda həyata keçirilən quruculuq tədbirləri sırasında Ulu Öndərin bu arzusu da reallaşıb. Belə ki, şəhərdə son illərdə reallaşan ən möhtəşəm layihələrdən biri də Xəzərin sahilində salınan və ilk olaraq uzunluğu 4,2 kilometr olan, əhalinin istirahəti üçün bütün şərait yaradılan, müasir tələblərə cavab verən Dənizkənarı bulvardır. Şəhərin yeni ünvanı olan Dənizkənarı bulvar daha 1 kilometr uzunluğunda, 400 metr enində, ümumilikdə isə 40 hektar sahədə genişləndirilib. Beləliklə, bu istirahət məkanının sahəsi 150 hektara, uzunluğu isə 5,2 kilometrə çatdırılıb. Ərazidə geniş miqyasda yaşıllıq sahəsi salınıb, müasir işıqlandırma sistemi qurulub. Park boyunca 1 kilometr uzunluğunda yeni yol inşa olunub. Kompleksin yeni salınan hissəsində bütün yaş qruplarının istirahəti üçün yüksək şərait yaradılıb.

Bir neçə il əvvəl Madriddə keçirilən “Global Trade Leaders Club”un XXIV Beynəlxalq Üstünlük və Liderlik Forumunda Sumqayıt bulvarı “İnternational Award for Excellence & Leadership” mükafatına layiq görülüb. Azərbaycan Prezidenti İlham Əliyevin möcüzə adlandırdığı Sumqayıt bulvarının dünyanın diqqət mərkəzinə düşməsi olduqca qürurverici haldır.

Şəhərdəki Heydər parkı, Lüdviqshafen parkı, Sülh prospekti, Sahil küçəsi, ümumiyyətlə, bütün küçə və prospektlər  əsaslı təmir olunaraq yenidən qurulub.

Bir neçə il əvvəl Sumqayıt şəhərinin əsas problemlərindən biri də həllini tapıb. Söhbət “Acı dərə” kanalından gedir. Bu kanal şəhər əhalisi üçün çox böyük təhlükə mənbəyi idi. Ötən dövr ərzində aparılan quruculuq işləri çərçivəsində bu kanal boruya salınıb. Beləliklə, vaxtilə mövcud olmuş üfunətli qoxudan indi əsər-əlamət yoxdur.

Sumqayıt 75 illik yubileyini qürur və fəxarətlə qarşılayır

Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində həyata keçirilən bu abadlıq, quruculuq və tikinti işləri sumqayıtlılara xoş ovqat və sakit həyat tərzi bəxş edib. Eyni zamanda həyata keçirilən genişmiqyaslı uğurlu layihələr şəhərimizin simasını tamamilə dəyişib.

İndi tək Azərbaycanın deyil, Cənubi Qafqazın ən gözəl şəhərləri sırasında yer tutan Sumqayıtda həyata keçirilən layihələr Avropanın ən nüfuzlu nominasiyalarına layiq görülür. Ən əsası Sumqayıt öz müasir standartları və trendləri ilə inkişaf edən Azərbaycanın rəmzi kimi çıxış edir. Ona görə Sumqayıt 75 illik yubileyini qürur və fəxarətlə qarşılayır. Şəhər ictimaiyyəti bu əlamətdar hadisəni başıuca, inkişaf nəticəsində əldə olunan nailiyyətlə qeyd edir.

Ulu Öndər Heydər Əliyevin arzuladığı şəhər səviyyəsinə yüksələn Sumqayıtın yüksəlişi isə sürətli və davamlıdır. Hər ötən gün Sumqayıtın həyatında mühüm yeniliklərlə əlamətdardır. Prezident İlham Əliyevin qayğısı və diqqəti şəhərin ictimai, sosial-iqtisadi həyatında rolu olan hər kəsi daha məsuliyyətlə və fədakarlıqla çalışmağa sövq edir. Ona görə qarşıdakı illər və növbəti yubileylər də Sumqayıtın yeni və möhtəşəm uğurları ilə əlamətdar olacaq.

Zakir FƏRƏCOV,

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər