Yaxın müddətdə pandemiyanın sonunu elan edəcəklər – İnfeksionist

624
“Böyük ticarət mərkəzlərində, restoranlarda maska tələbi ləğv olunmalıdır”.
Bunu infeksionist həkim Mərdan Əliyev maska tələbinin ləğvi ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə yaxın müddətdə pandemiyanın sonu ilə bağlı elanlar olacaq:
“Avropa ölkələrində və dünyanın bir çox ölkələrində maska tələbi artıq ləğv olunub. Bəzi yerlərdə qalmaq şərtilə qardaş Türkiyədə də bu tələb aradan götürülüb.
Azərbaycanda böyük ticarət mərkəzlərində, restoranlarda maskanın istifadə olunması məntiqsiz görünür. Çünki burada insan içəri girəndə maska taxır, daha sonra maskanı çıxarıb yemək yeyir. Yaxud böyük ticarət mərkəzlərində gəzdikdə də insanlar çox sıx deyil. Ümumiyyətlə isə maskadan doğru istifadə edilmir, sadəcə görüntü üçün maskadan istifadə olunur. Düşünürəm ki, maskaların həmin yerlərdə istifadə olunmasının heç bir faydası yoxdur. Əksər insanlar maskanı ağzına taxır və burun hissə isə görünür. Ona görə də bu yerlərdə ləğv olunması tam yerinə düşər”.
M. Əliyev maska tələbinin ictimai nəqliyyatda qalmasının daha uyğun olduğunu bildirib:
“Marşrut avtobuslarında vəziyyət fərqlidir. İnsanlar işə gedib-gəldikləri pik saatlar olur. Belə olan halda insanların daha tez yoluxma ehtimalı var. Həmçinin avtobuslarda xəstə şəxslərin olma ehtimalı da çoxdur. Avtobuslarda maska tələbi saxlanılsa, daha yaxşı olar. Həmçinin xəstəxanalara, klinikalara xəstə şəxslər müraciət etdikləri üçün tibb heyətinə və digər insanlara virusun yoluxma ehtimalı ola bilər. Ona görə də tibb ocaqlarında, xəstəxanalarda da maska tələbinin saxlanılması daha uyğundur. Ümumiyyətlə, müxtəlif vaxtlarda da maska məsələsini gigiyenik normaya çevirmək lazımdır. Çünki maska həm də gigiyenik vasitədir”.
İnfeksionist pandemiyanın bitməsi ilə bağlı məsələyə də diqqət çəkib:
“Pandemiyanın axırıdır, artıq bitir. Bir neçə ay bundan öncə proqnozlaşdırılmışdı ki, bu il yay aylarına doğru bitəcək. Yəqin ki, yaxın müddətdə ÜST tərəfindən bu barədə bir açıqlama olacaq. Bəzi ölkələr, o cümlədən Çində pandemiya ilə bağlı sıxıntılar var. Lakin bu dünya üçün bir problem yaratmayacaq. Çünki dünyada həmin virusa qarşı kollektiv immunitet formalaşıb. Düşünürəm ki, yaxın müddətdə pandemiyanın sonu ilə bağlı elanlar olacaq”. Bakupost.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər