ARDNŞ-in «Yay təcrübəsi» proqramına start verildikdən sonra respublikanın bir sıra nüfuzlu ali təhsil ocaqlarının – Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət İqtisad və «Qafqaz» Universitetlərinin, Sumqayıt Dövlət Universitetinin «Azərikimya» İstehsalat Birliyinin müəssisələrində istehsalat təcrübəsinə başlamış bir qrup tələbəsi ilə Birlik rəhbərliyinin təqdimat xarakterli görüşü olub.
«Azərikimya»nın konfrans zalında keçirilən görüşdə Birliyin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev gələcəyin kimyaçılarını salamlayıb, onlara Azərbaycanın strateji əhəmiyyətə malik olan neft-kimya sənayesinin texnoloji bazasının möhkəmləndirilməsi, Sumqayıtda ən yeni texnologiyalar əsasında yaradılmış Texnologiyalar parkının, Qaradağda yaradılmaqda olan neft-kimya kompleksinin, Karbamid zavodunun, geniş bir sahəni əhatə edəcək Sumqayıt Kimya Texnologiyaları parkının gələcək perspektivləri haqqında məlumat verib.
Görüş zamanı tələbələrə videosüjetlər vasitəsilə Sumqayıtda ilk kimya müəssisəsinin yaradılmasından başlayaraq ölkənin neft-kimya sənayesinin bugünümüzədək keçdiyi geniş inkişaf yolu, «Azərikimya»nın müəssisələri və istehsal olunan müxtəlif kimya məhsulları, onların ixrac coğrafiyası və s. barədə də geniş məlumat verilib.
Qeyd edək ki, təcrübə keçdikləri müddət ərzində bağlanmış əmək müqaviləsinə əsasən mütəxəssis kimi işə qəbul olan hər bir tələbəyə müvafiq əmək haqqı ödəniləcək və onlar həmin müddət ərzində ARDNŞ-in digər əməkçiləri kimi müvafiq hüquqlardan istifadə edə biləcəklər. Gələcək kimyaçıların iş geyimi və yeməklə təminatı və s. də «Azərikimya» tərəfindən ödəniləcəkdir.