Yeni Agentlik kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyəcək - MÜNASİBƏT

2407

Hər bir ölkədə iqtisadiyyatın gücü, dayanıqlığı orada kiçik və orta biznesin inkişaf səviyyəsi ilə bağlıdır. İnkişaf etmiş ölkələrin hər birində kiçik və orta biznesin inkişafının dəstəklənməsi üçün dövlət tərəfindən fondlar yaradılır. Ölkəmizdə də kiçik və orta sahibkarlığın (KOS), bütövlükdə, ölkə iqtisadiyyatının inkişaf etdirilməsi üçün güclü potensial və geniş imkanlar mövcuddur.

Azərbaycanda sahibkarlığa dövlət dəstəyinin əsas hədəflərindən birini  kiçik və orta sahibkarlıq təşkil edir. Ötən il ərzində də bu sahədə bir sıra tədbirlər həyata keçirildi. Bu baxımdan kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsinin icrasını xüsusi qeyd etmək lazımdır.  Ölkə Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin icrası Azərbaycanda davamlı iqtisadi inkişafın əsasını qoyub.

Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında Fərmanına əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu “Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi” yaradılıb. Agentliyin tərkibində ölkənin iri rayon və şəhərlərində kiçik və orta sahibkarlara bir sıra xidmətləri (təlim, məsləhət, informasiya, biznes-inkubator, innovasiya mərkəzi, maliyyə xidmətləri və s.) bir məkanda təklif edən “Kiçik və orta sahibkarlıq evi” yaradılacaq və onların fəaliyyəti “ASAN xidmət” mərkəzləri, “ASAN xidmət” mərkəzləri olmayan regionlarda isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin regional bölmələri vasitəsilə həyata keçiriləcək. Bu agentliyin yaradılması Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndən irəli gələn vəzifələrin reallaşdırılmasına xidmət edir.

Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsinin prioritetlərini mərkəzləşdirilmiş kiçik və orta sahibkarlıq agentliyinin, bu subyektlərlə bağlı kreditlərə zəmanət fondunun yaradılması, Azərbaycanda lizinq və alternativ maliyyə alətləri bazarının inkişaf etdirilməsi ilə maliyyəyə çıxışın asanlaşdırılması, rəqabət mühitinin təkmilləşdirilməsi və s. təşkil edir. Sənədin 2020-ci il üzrə icra göstəriciləri sənayedə istehsal olunan məhsullarda kiçik və orta sahibkarlıq  subyektlərinin payının 40 faizə çatdırılması, qeyri-neft ixracında 5 faizlik artım əldə olunması və digər tədbirləri  nəzərdə tutur ki, bu da real ümumi daxili məhsulun 1,26 milyard manat artmasına, 34240 yeni iş yerinin yaradılmasına imkan verəcək.

Milli Məclisin deputatı Tahir Mirkişili qəzetimizə açıqlamasında bildirdi ki, KOS bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrdə kəmiyyət baxımından ən çox yayılan biznes formasıdır. Belə sahibkarlıq subyektləri dünyada ən qədim və ən çox yayılan biznes forması hesab edilir: “Bir çox ölkələrdə kiçik və orta sahibkarlıq bazardakı təsərrüfatların 60%-dən çoxunu təşkil edir və ölkənin iqtisadi inkişafında və iş yerlərinin yaradılmasında mühüm rol oynayır. Məsələn, İspaniyada bazardakı təsərrüfatların təqribən 70%-i kiçik və orta sahibkarlıq subyektləridir və onların ÜDM-də payı 65%-ə çatır. Kiçik və orta sahibkarlığı xarakterizə edən amillər onların sürətlə yaradılması, qərarların qəbulunda çeviklik, bazarda dinamiklik, yüksək motivasiya, qənaətcillik, dövlətdən dəstək alma imkanlarıdır. Eyni zamanda, kiçik və orta sahibkarlıq subyektləti innovativ ideyaların yaradılmasında, artımın inkluzivliyinin təmin olunmasında, iqtisadi inkişafın dayanıqlılığında mühüm rol oynayırlar.”

T.Mirkişili vurğuladı ki, agentlik kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi məqsədilə ölkədə kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyəcək: “KOS subyektlərinə bir sıra xidmətlər göstərəcək, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirəcək və tənzimlənməni həyata keçirəcək. Yeni yaradılan agentlik İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu ilə fəaliyyət göstərəcək. Bu agentlik vasitəsilə KOS-lara eyni zamanda bir neçə istiqamətdə xidmətlərin göstərilməsi planlaşdırılır ki, bunun da nəticəsində idarəetmənin təkmilləşdirilməsi, paralelliyin aradan qaldırılması, KOS-ların fəaliyyətinin səmərəliliyinin artırılması gözlənilir.”

Orxan Vahidoğlu, “İki sahil”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər