Yeni Azərbaycan Partiyası davamlı inkişafın təminatçısıdır

725

Noyabrın 21-i Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsindən 29 il ötür. Cəmiyyətdə böyük nüfuza malik olan Partiya ölkəmizdə ictimai-siyasi sabitliyin gərgin olduğu, anarxiya və hərc-mərcliyin tüğyan etdiyi bir vaxtda, 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyində təsis konfransını başa vurdu. Bununla da müstəqil dövlətimizin memarı, Ümummilli Liderimiz Heydər Əliyev yeni partiyanın təməlini qoydu və Yeni Azərbaycan Partiyası zamanın tələbindən yarandı. Elə bir zamanın ki, bu zaman hər şeyi diktə etməyə qadirdir. Yenicə müstəqillik qazanan, ancaq səriştəsiz rəhbərlərin girdaba sürüklədiyi Azərbaycanda bu partiya xalqın yeganə ümid yeri oldu, dövlətçiliyin keşiyində dayanan siyasi qüvvəyə çevrildi.

Ümummilli lider Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın inkişafı, Zəfər yolunda addımları Yeni Azərbaycan Partiyasının sədri, ölkə başçısı İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildi. Böyük ideyalarla zəngin olan YAP Azərbaycan dövlətçiliyinin və xalqının rifahı, xoşbəxt gələcəyi naminə çalışan və konkret konsepsiyaya malik siyasi təşkilatdır. Partiyamız Cənubi Qafqazda, bütövlükdə, beynəlxalq münasibətlər sistemində özünün bütün müsbət keyfiyyətləri ilə fərqlənir, dünyanın ən güclü siyasi təşkilatları sırasında fəaliyyətini davam etdirir. Xalq tərəfindən böyük dəstək görən, Azərbaycanda yaşayan bütün millətlərin rəğbətini qazanmış YAP cəmiyyətin sosial münasibətlər sistemində aparıcı bir siyasi güc mərkəzinə çevrilə bilib.

Ötən 29 il ərzində YAP-ın 7 qurultayı keçirilib. Bu qurultaylarda (1999, 2001, 2005, 2008, 2013, 2018, 2021) qəbul edilən tarixi qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsində mühüm rol oynayıb. Partiyanın xüsusilə VII qurultayında müzakirə edilən məqamlar, qəbul olunan mühüm qərarlar növbəti islahatlar dalğasının ölkənin ən böyük siyasi təşkilatına da təsirsiz ötüşmədiyi qənaəti yaratdı. YAP-ın VII qurultayının qərarı əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfərdən ibarət İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və 35 nəfərdən ibarət YAP Veteranlar Şurasının tərkibi təsdiq olundu. Həmçinin partiyanın yeni Proqramının hazırlanması və Gənclər Birliyinin formalaşdırılması tapşırıldı.

Azərbaycanda hər zaman siyasi dialoq mühiti mövcuddur. Siyasi partiyaların bir araya gəlməsi, ölkə əhəmiyyətli məsələlərin birgə müzakirəsi, dövlətimizin, xalqımızın gələcəyi naminə birlik nümayiş etdirilməsi üçün hakimiyyət zəruri addımlar atır. Bunun nəticəsi olaraq, Vətən Müharibəsində birlik, həmrəylik, Azərbaycanın Zəfərə gedən yolunda yekdillik nümayiş etdirildiyinin şahidi olduq. Müharibə dönəmində 50 siyasi partiya ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevi dəstəklədiyini, onun ətrafında sıx birləşdiyini bəyan etdi. Azərbaycanın həm siyasi müstəvidə, həm də cəbhə xəttində düşməni üstələməsi, Vətən Müharibəsində tarixi Zəfər qazanması məhz bu birliyin nəticəsi idi.

Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib. Bütün dünyada, beynəlxalq güclər, siyasi təşkilatlar qarşısında nüfuzu və real gücü bird aha sübut olunan dövlətimiz müstəqilliyinin və inkişafın tamamilə yeni mərhələsinə qədəm qoyub. Azərbaycan dünya gücləri sırasında öz sözünü deyən, inkişaf etmiş dövlət kimi qəbul olunur. Bütün sahələrdə qazanılan uğurlar, Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfər təkcə beynəlxalq aləmdə deyil, Azərbaycanın daxilində də sabitliyin, firavanlığın möhkəmlənməsinə, siyasi birliyin qorunmasına təsir etdi. Bütün bu uğurlar güclü xalq-iqtidar birliyinin sayəsində mümkün olub və tam əminliklə deyə bilərik ki, 29 illik fəaliyyəti dövründə tarixin bütün sınaqlarından uğurla çıxan, daim xalqa xidməti ilə seçilən Yeni Azərbaycan Partiyası bu gün də ümumxalq partiyası kimi mövqeyini saxlayır. Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!

Sevinc Qasımova, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinin direktoru

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər