Avqustun 2-də Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının videoformatda IX hesabat konfransı keçirilib.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfransın gündəliyi təsdiqləndikdən sonra hesabat məruzəsi ilə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov bildirib ki, şəhər təşkilatı öz fəaliyyətini partiyanın Nizamnamə və Proqramına, partiya rəhbərliyinin tapşırıq və tövsiyələrinə uyğun qurur. Bu müddət ərzində partiyaya qəbul, təsdiq olunmuş iş planına əsasən tədbirlərin keçirilməsi, nizam-intizamın gücləndirilməsi və şəhərin ictimai-siyasi həyatında fəal iştirak istiqamətində uğurlu nəticələr qazanıb. YAP Sumqayıt şəhər təşkilatı öz sıralarında 28 min 572 nəfər partiya üzvünü 336 ərazi ilk partiya təşkilatında birləşdirir. Onlardan 15 min 649 nəfərini qadın, 13 min 772 nəfərini gənclər təşkil edir. Şəhər təşkilatı təşkilatlanma işinin həyata keçirilməsini təmin edərək hesabat dövründə idarə və müəssisələrdə 9 ərazi partiya təşkilatı təsis edib. Hesabat dövründə 3334 nəfərin partiya üzvü olmaq haqqında ərizəsinə baxılaraq Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilib.
R.Hüseynov qeyd edib ki, hesabat dövrü ölkəmizin həyatında mühüm uğurlar və əlamətdar tarixi hadisələrlə zəngin olub. Uğurlu keçən 2018-ci ilin prezident, 2019-cu ilin bələdiyyə, 2020-ci ilin parlament seçkiləri ölkəmizin ictimai-siyasi həyatında önəmli yer tutub. Zəfərlə nəticələnmiş Vətən müharibəsi isə yaddaşlarımıza və tariximizə əbədi yazılıb.
Sonra Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının Nəzarət-Təftiş Komissiyasının sədri Akif Kərimovun hesabatı dinlənilib.
Müzakirələr zamanı YAP Sumqayıt şəhər təşkilatı İdarə Heyətinin üzvü, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, YAP Sumqayıt şəhər təşkilatı İdarə Heyətinin üzvü, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, YAP Sumqayıt şəhər təşkilatı İdarə Heyətinin üzvləri – Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü Təbrik Quliyev və Sumqayıt Perinatal Mərkəzin baş həkimi, Əməkdar həkim Təranə Rəcəbli, YAP Sumqayıt şəhər təşkilatının Şura üzvü, Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin direktoru, Əməkdar müəllim Mətanət Pirquliyeva çıxış edərək şəhər təşkilatının hesabat dövrü ərzində gördüyü işlərdən bəhs ediblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikrini önə çəkərək bildirib ki, bu tezis bütün dövrlər üçün öz aktuallığını qoruyur, partiyanın fəaliyyətinə bələdçilik edir. YAP yarandığı gündən tutduğu yola sadiqlik nümayiş etdirərək, qəbul etdiyi qərarlarla, irəli sürdüyü təşəbbüslərlə daim dövlətimizin, xalqımızın gələcəyinə xidmət edib, “Güclü dövlət, yüksək rifah” prinsipini gördüyü işlərin əsasında saxlayıb. Yeni Azərbaycan Partiyası son 18 ilə yaxın dövrdə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edib, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirib.
Ə.Tağıyev YAP Sumqayıt şəhər təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfransda YAP Sumqayıt şəhər təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.