Yeni Azərbaycan Partiyası yeni idarəetmə modelini özündə ehtiva edir

825

Ulu Öndərin başladığı quruculuq, inkişaf, beynəlxalq birliyə açılma, ümummilli hədəflər naminə cəmiyyətin bütün sosial və siyasi kəsimlərini əhatə edən həmrəylik kursu onun siyasi varisi, İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
“Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin”, – sözləri təkcə yeni dövr üçün verilmiş seçki vədi deyildir. Bu sözlərin xalqa xidmət üçün fəaliyyət proqramı, siyasi kredo olduğu hər gün real işlərlə təsdiqlənir. Azərbaycana rəhbərlik etdiyi illər ərzində Prezident İlham Əliyev elan etdiyi platformaya sadiq qalmış, ölkənin dini, etnik, sosial və siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşının Prezidenti olduğunu əməldə nümayiş etdirmiş və bu gün də bu xəttə sədaqətini nümayiş etdirməkdədir.
İlham Əliyevin dövlətçilik fəlsəfəsinin qayəsini, siyasi fəaliyyətinin məhvərini məhz xalqa ləyaqətlə xidmət etmək prinsipi təşkil edir. Cənab Prezidentin leksikonunda tez-tez rastlaşdığımız “mən xalqın xidmətçisiyəm”, “hər bir məmur xalqının xidmətçisi olmalıdır” – fikirləri bu konseptual baxışın fəlsəfəsini dərk etmək üçün ən gözəl açar sözlərdən biridir.
Otuz il əvvəl – 1992-ci il noyabrın 21-də gənc respublikamızda çox əlamətdar hadisə baş vermişdir. Tarixi hadisə baş vermişdir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi və sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Bu, doğrudan da tarixi hadisə idi. Deyə bilərik ki, gənc dövlətimiz üçün dönüş nöqtəsi idi. Çünki müstəqilliyimizin ilk ayları, ilk illəri hamımızın yaxşı xatirindədir. Çox ağır, faciəvi illər idi. O vaxtkı iqtidarın müstəqilliyi saxlamaq üçün gücü çatmırdı. Eyni zamanda, biz müharibə şəraitində yaşayırdıq və cəbhədə hərbi uğursuzluqlar əlbəttə ki, cəmiyyətimizi böyük dərəcədə sarsıtmışdı. Ancaq 1992-ci ilin ortalarında hakimiyyətə gəlmiş yeni iqtidar ölkəmizi daha da bərbad vəziyyətə qoymuşdu. O vaxtkı iqtidarın bacarıqsızlığı, peşəkarsızlığı, xəyanəti nəticəsində demək olar ki, müstəqilliyimiz əldən gedirdi. Ölkədə gedən xoşagəlməz proseslər, böhran, iqtisadi tənəzzül, siyasi sabitsizlik demək olar ki, müstəqilliyimizə böyük zərbələr vurmuşdu. Belə bir şəraitdə cəmiyyətimizin parlaq simaları, ziyalılar, cəmiyyətimizdə böyük hörmətə malik olan insanlar ulu öndər Heydər Əliyevin ətrafında birləşərək Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərara gəlmişdilər.
Bu gün Partiya ölkə daxili və xarici əlaqələri, mövqeləri çox möhkəm, cəmiyyətimizin bütün təbəqələrini, bütün yaş qruplarını birləşdirən, sözün əsl mənasında, ümumxalq partiyasıdır. Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi və nümünəvi liderlik simvoludur.
Prezident İlham Əliyevin öndərliyi ilə ölkədə çox ciddi islahatlar aparılır. Bütün xoşagəlməz halların qarşısı alınır, sabitlik qorunur. Bu istiqamətdə dayanılmadan işlər görülür. Aparılan vacib islahatlar bu gün də ölkəmizin inkişafına xidmət göstərir. Gələcək prespek üçün zəmin hazırlayır. Həm demokratik, siyasi islahatların dərinləşməsi, eyni zamanda, iqtisadi sahədə islahatlar demək olar ki, sabahkı Azərbaycan reallıqlarını şərtləndirir. Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyəti, siyasi mübarizə qaydalarının təbliği, ümumiyyətlə, siyasətin sivil yollarla aparılması ideyaları da cəmiyyət tərəfindən təqdirə laiq görülür.
Yeni Azərbaycan Partiyası və onun nümayəndələri prezident, parlament və bələdiyyə seçkilərində böyük üstünlüklə qələbə qazanması xalqın partiyası olduğunu möhürlü şəkildə təsdiq edir. Beləliklə partiya ümummilli partiya olduğunu bir daha sübut edir. Son 6-cı çağırış parlament seçkilərində Yeni Azərbaycan Partiyasının irəli sürdüyü Sumqayıt şəhəri üzrə dört dairənin hər birində tam qələbə qazanaraq seçicilərin etimadını qazanıb.
Ölkəmizdə kadr islahatları davam edir. Kadr islahatları ümumi islahatların tərkib hissəsidir. 11 aprel 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra yeni islahatlar dövrünə start verildi və bu islahatlar bu gündə davam etdirilir. Sual yarana bilər ki, əgər ölkədə sürətli inkişaf təmin edilirsə, islahatlara ehtiyac varmı? Birmənalı olaraq cavab verə bilərək ki, bəli, islahatlara ehtiyac var. İslahatlar təkmilləşmə deməkdir, islahatlar yeni dövrə uyğunlaşma deməkdir, islahatlar tərəqqi deməkdir. Dünya miqyasında uğurlar əldə etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu nailiyyətlər məhz tərəqqi hesabına əldə edilibdir.
Son 19 il ərzində Azərbaycanda sürətli inkişaf dövrü yaşanır. Bu inkişaf özünü bütün sahələrdə büruzə verir. Ölkəmizin beynəlxalq nüfuzu böyük dərəcədə artmışdır. Bu gün biz dünya miqyasında çox böyük hörmətə layiq ölkə kimi öz fəaliyyətimizi aparırıq. Eyni zamanda, siyasi islahatlar aparılır. Son illərdə demokratiyanın inkişafı istiqamətində, insan haqlarının qorunması işində böyük nailiyyətlər əldə edilib. Həmişə dediyim kimi, Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir.
Peşəkarlıq, dövlətçilik və vətənpərvərlik – YAP-da aparılan yeni kadr siyasətinin əsas meyarlarıdır. 2021-ci il sentyabr 10-da və2022-ci ilin yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclaslarında YAP-ın 76 yerli təşkilatının sədrləri vəzifəyə təyin edilmişdir. Bununla da 76 yerli təşkilatın 48-də yeni sədrlər təyin olunmuşdur. Sədrlərin orta yaş həddi 59-dan 50-yə enmişdir. Həmçinin, “Yeni Azərbaycan” qəzetinin yeni baş redaktoru təyin edilmişdir;
Hesab edirəm ki, bu proses bundan sonra da getməlidir. Əlbəttə, partiyamızın çox möhkəm dayaqları, çox güclü əsasları vardır. Ancaq həyat inkişaf edir, həyat yerində durmur və biz əlbəttə ki, partiya daxilində dünyada gedən prosesləri izləyirik və partiyamızın fəaliyyətinin yeni formalarının axtarışındayıq, onları tətbiq edirik. Bu, bizə imkan verəcək ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi arenasında daim üstünlük təşkil etsin.
Əlbəttə, həqiqət ondan ibarətdir ki, bu gün siyasi müstəvidə bizə rəqib ola biləcək siyasi qüvvə yoxdur. Ancaq bu, o demək deyil ki, biz arxayınlaşmalıyıq və yeni iş metodları haqqında fikirləşməməliyik. Biz daim axtarışda olmalıyıq, daim yenilikləri tətbiq etməliyik. Ölkəmizin uğurlu inkişafını təmin etmək üçün partiyanın hər bir üzvü öz fəal işi ilə töhfəsini verməlidir.
Emin Əliyev, YAP Sumqayıt şəhər təşkilatının Məsləhətçisi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər