Yeni fərman və sərəncamları əhalinin sosial rifahının yüksəldilməsinə xidmət edir

912

Prezident İlham Əliyevin son 18 ildə həyata keçirdiyi siyasətin əsas prioritet istiqamətlərindən biri ölkəmizin sosial-iqtisadi inkişafının daha da gücləndirilməsi olub.  Bu siyasət bu gün də uğurla davam etdirilir. Ötən dövr ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, ümumdaxili məhsul üç dəfədən çox artıb, yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Reallaşdırılan sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə işsizlik səviyyəsi minimum endirilib.

Həyata keçirilən kompleks tədbirlər, davamlı xarakter alan islahatlar nəticəsində əhalinin sosial rifahının yüksəldilməsi təmin edilib. Ötən 3 ilin statistik göstəricilərinə nəzər salsaq görərik ki, müavinət və təqaüdlərin məbləği orta hesabla 92 faiz, əmək pensiyasının minimum məbləği 72 faiz, büdcə təşkilatlarında çalışanların əməkhaqqı orta hesabla 50 faiz artırılıb. 2018-ci ilin əvvəli ilə müqayisədə orta aylıq nominal əməkhaqqı 39 faiz, əmək pensiyalarının orta məbləğində 60 faiz, sosial müavinətlərin orta məbləğində 2 dəfə, Azərbaycan Respublikası Prezidentinin təqaüdünün orta məbləğində isə artıb 2,2 dəfə artım olub.

Müavinət və təqaüdlərin artırılması ümumilikdə 732 min nəfəri əhatə edir

Prezident İlham Əliyevin son 18 il ərzində həyata keçirdiyi sosial-iqtisadi inkişaf siyasətinin mühüm nəticələrindən biri də ondan ibarətdir ki,  ötən illər ərzində ölkədə orta aylıq əməkhaqqının artım tempi illik inflyasiya səviyyəsini dəfələrlə üstələyib. Nəticədə əhalinin real gəlirlərinin artması üçün zəmin yaranıb. Prezident İlham Əliyevin son günlər imzaladığı yeni Sərəncam və Fərmanlar da məhz bu məqsədlə həyata keçirilir. Bu, əhalinin həssas qrupları üçün sosial ödənişlərin artırılması istiqamətində islahatların uğurla davam etdirilməsini təmin edir. Yeni fərman və sərəncamlara əsasən müavinət və pensiyaların artırılması ümumilikdə 732 min nəfərə şamil edilir. Bu artımlar üçün gələn ilin dövlət büdcəsində əlavə olaraq 200 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

2022-ci ilin sosial islahatları dövlət başçısının 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq həyata keçirilir. Yeni ildən başlayaraq həyata keçiriləcək islahatlara illik əlavə 1,5 milyard manat vəsait ayrılacaq. İslahatlar ümumilikdə 2,1 milyondan çox şəxsi əhatə edəcək.

Müavinət və təqaüdlərin artırılması əhalinin hansı təbəqəsini əhatə edəcək?

  • Əlilliyi olan şəxslər və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər;
  • Sağlamlıq imkanları məhdud uşaqlar və onlara qulluq edənlər;
  • Yaşa görə müavinət alanlar;
  • Ailə başçısını itirməyə görə müavinət alanlar;
  • Müddətli hərbi xidmətdə olanların uşaqları;
  • Uşaqların qəyyumları;
  • Beşdən çox uşağı olan qadınlar;
  • Bir yaşadək uşağı olan (ünvanlı sosial yardım alan) aztəminatlı ailələr;
  • Övladlığa uşaq götürənlər;
  • İşləməyən pensiyaçı elmlər və fəlsəfə doktorları;
  • “ Xalq” və “Əməkdar” fəxri adı olanlar;
  • Doktorant və tələbələr.

Artımlar həmçinin Uşağın doğulmasına görə birdəfəlik müavinəti və dəfn üçün nəzərdə tutulmuş birdəfəlik müavinəti əhatə edəcək.

Prezident İlham Əliyev tərəfindən son 18 il ərzində həyata keçirilən sosial siyasətinin əsas istiqamətlərindən biri də məhz əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi olub. Dövlət başçısının imzaladığı yeni sərəncamlar bu istiqamətdə atılan növbəti mühüm addımdır. Fərmana əsasən əlilliyi olan şəxslərə verilən müavinətlərin, I dərəcə əlilliyi olanlara və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə Prezidentin aylıq təqaüdünün gələn ilin əvvəlindən artırılmasını nəzərdə tutulur.

2022-ci ilin əvvəlindən etibarən əlilliyə görə müavinətlərdə artımlar belə olacaq:

  • I dərəcə  üzrə — 150 manatdan 220 manata;
  • II dərəcə  üzrə  — 130 manatdan 180 manata
  • III dərəcə üzrə  — 110 manatdan 120 manata  çatdırılacaq.

Qeyd edək ki, son üç ildə aparılan islahatlar nəticəsində əlilliyə görə I dərəcə üzrə müavinətlər 2,7 dəfə, II dərəcə üzrə 3 dəfə, III dərəcə üzrə isə 2,3 dəfə artırılıb. Ümumi səbəbdən birinci dərəcəli əlilliyi olanlara müavinətlərlə yanaşı, 130 manat məbləğində Prezidentin aylıq təqaüdü də verilir.

Müharibə, hərbi xidmət və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanlara I dərəcəyə görə 400 manat, II dərəcəyə görə 350 manat, III dərəcəyə görə 300 manat məbləğində Prezidentin aylıq təqaüdü ödənilir. Bu təqaüdlər bu ilin əvvəlində növbəti dəfə orta hesabla 50% artırılıb. Birinci qrup əlillərə qulluq üçün Prezidentin aylıq təqaüdü gələn ilin əvvəlindən 60% artırılaraq 80 manata çatdırılacaq.

Müharibə və digər xüsusi səbəblərdən əlilliyi olanlar da yenilikdən faydalanacaqlar. Belə ki, müharibə və digər xüsusi səbəblərə görə əlilliyi olanlar pensiya almadıqda müavinət və təqaüd şəklində ayda I dərəcə üzrə 700 manat, II dərəcə üzrə 530, III dərəcə üzrə 420 manat alacaqlar. Bu, 2019-cu illə müqayisədə müvafiq olaraq I dərəcə üzrə 2,5 dəfə, II dərəcə üzrə 2,2 dəfə və III dərəcə üzrə 2,2 dəfə çoxdur. Bu kateqoriyadan olan əlilliyi olan şəxslər əmək pensiyası aldıqda isə orta hesabla I dərəcə üçün 915 manat, II dərəcə üçün 845 manat, III dərəcə üçün 610 manat alacaqlar. Bu məbləğlər 2019-cu illə müqayisədə dərəcələrə görə müvafiq olaraq 72%, 81% və 97% çoxdur.

Son 3 ildə ümumi səbəblərdən əlilliyi olan şəxslərə sosial ödənişlərin artımı müvafiq olaraq 50%, 59% və 112% təşkil edir. 18 yaşınadək olan sağlamlıq imkanları məhdud uşaqlara verilən müavinətlər də 150 manatdan 200 manata qaldırılıb. Uşaqlara qulluğa görə 2019-cu ildə Prezidentin aylıq təqaüdü də təsis olunub ki, yeni Fərmanla həmin təqaüd də 60% artırılaraq 50 manatdan 80 manata qaldırılıb.

Sosial ödənişlərin artımı sağlamlıq imkanları məhdud uşaqları da əhatə edəcək. Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial ödəniş 2019-cu ilin əvvəlində cəmi 82 manat idisə, gələn ilin əvvəlindən həmin məbləğdən 3,4 dəfə çox olmaqla onlar üçün müavinət (200 manat) və təqaüd (80 manat) formasında aylıq 280 manat sosial ödəniş ediləcək.

Əgər 2019-cu ilin əvvəlində sağlamlıq imkanları məhdud uşaqlara sosial ödəniş cəmi 82 manat idisə, gələn ilin əvvəlindən onlara 280 manat (200 manat müavinət  və 80 manat təqaüd) aylıq sosial ödəniş veriləcək. Bu da 2019-cu illə müqayisədə 4 dəfə çoxdur.

Ailə başçısını itirməyə görə hər ailə üzvü üçün nəzərdə tutulan müavinət 80 manatdan 100 manatadək artırılıb. Belə ki, üç il əvvəlki göstərici ilə (68 manat) müqayisədə bu müavinət 47% artırılıb.

Üç il əvvəl Müddətli hərbi xidmətdə olan hərbçilərin uşaqları üçün müavinət 68 manat idisə, bu rəqəm 2019-cu ilin aprelindən 100 manatadək artırılmışdı. Yeni fərmana əsasən, müavinət 2022-ci ilin əvvəlindən etibarən 76,5% artırılaraq 120 manat təşkil edəcək.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına verilən müavinətlər 100 manatdan 120 manata qaldırılıb. Beləliklə, bu şəxslərə verilən müavinətlər 3 il əvvəlki (61 manat) ilə müqayisədə təxminən iki dəfə artmış olur. Çoxuşaqlı ailələrə dəstək hər zaman dövlət siyasətinin tərkib hissəsi olub. Yeni qərarla beşdən çox uşağı olan qadınlara hər uşağa görə nəzərdə tutulan müavinət 55 manatdan 70 manata qaldırılıb. Son 3 ilə nəzər salsaq görərik ki, bu müavinət də 2,1 dəfə artırılıb. Yəni, 33 manatdan 70 manata.

Yeni fərmanla ünvanlı dövlət sosial yardımı olan aztəminatlı ailələrə və uşaqlara verilən müavinətin hər uşağa görə 55 manatdan 70 manata çatdırılması nəzərdə tutulur. Bu uşaqlara verilən müavinətin məbləği də 3 il əvvəlki (45 manat) göstərici ilə müqayisədə 55,6% artıb. Fərmana əsasən, övladlığa götürülmüş uşağa görə müavinət də artırılır. Belə ki, övladlığa götürülmüş uşağa, o cümlədən sağlamlıq imkanları məhdud uşağa görə nəzərdə tutulan müavinət yeni sərəncamla 25 faiz artırılaraq bir uşaq üçün 160 manatdan 200 manata, sağlamlıq imkanları məhdud hər uşağa görə isə 480 manatdan 600 manata qaldırılıb. Eyni zamanda, uşağın anadan olmasına görə təyin olunmuş birdəfəlik müavinət 200 manatdan 300 manata qaldırılıb. Müavinətlərin məbləği üç il əvvəlki göstərici ilə (109 manat) müqayisədə 2,8 dəfə artrılıb. Dəfn üçün müavinətin məbləği isə 300 manatdan 350 manata qaldırılıb. Üç il əvvəlki ilə (146 manat) müqayisədə bu müavinət  2,4 dəfə artıb.

Yeni Sərəncama əsasən fəxri adlara görə aylıq təqaüdlər də  artırılıb. “Xalq” fəxri adına görə təqaüdlər 33,3% artımla 150 manatdan 180 manata, “Əməkdar” fəxri adına görə isə 20% artımla 100 manatdan 120 manata qaldırılıb.

Dövlət büdcəsindən maliyyələşən sahələrdə çalışan işçilərin minimum əməkhaqqı yeni sərəncama uyğunlaşdırılacaq. Minimum əmək haqqının artırılması üçün illik əlavə maliyyə xərcləri 460 milyon manat təşkil edir. Bu artım vahid tarif cədvəlinin bütün pillələri üzrə artımlara imkan verəcək. Ümumilikdə minimum əmək haqqının və vahid tarif cədvəli üzrə çalışanların əməkhaqqınının artımı 800 min nəfərə təsir edəcək. Belə ki, dövlət sektorunda 400 min və özəl sektorda çalışan 400 min işçinin maaşları yanvar ayından artacaq. Prezidentin sərəncamı ilə minimum əməkhaqqının müntəzəm artırılması davamlı xarakter alıb. Son üç ildə mühüm irəliləyiş kimi deyə bilərik ki, ölkəmizdə minimum əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb.

Minimum əməkhaqqının artırılması əmək bazarında gedən proseslərə müsbət təsir göstərir, əhalinin gəlirlərinin artımını təmin edir, xüsusilə əmək rəqabətliliyinin, əmək məhsuldarlığının artmasına, eləcə də əməyin leqallaşdırılmasına təkan verir. 2022-ci ildə minimum əmək haqqı yaşayış minimumunu (210 manat) 43% üstələyəcək. Digər tərəfdən, bu artım ölkəmizdə xalis minimum əmək haqqının xalis orta aylıq əmək haqqına nisbətini də yenidən artıracaq. Son üç ildə bu nisbət 2018-ci ildəki 26,5%-dən 2019-cu ildə 33,3%-ə, 2020-ci ildə 38%-ə, 2022-ci ildə isə təxminən 40-41%-ə yüksələcək. Beləliklə, bu nisbətin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində daha da irəliləyiş əldə edilir. Son illər minimum əmək haqqı və minimum pensiya təxminən iki dəfə artıb. Orta pensiya 60 faiz, orta əmək haqqı təxminən 40 faiz, sosial müavinətlərin orta məbləği iki dəfədən çox artıb. Prezident İlham Əliyevin yeni Sərəncamına əsasən, 2022-ci ilin əvvəlindən əməkhaqqı Vahid Tarif Cədvəli əsasında tənzimlənən işçilərin əməkhaqları olaraq orta hesabla 20 faiz artırılacaq.

Beləliklə, bütün bunlar bir daha deməyə əsas verir ki, Prezident İlham Əliyevin sosial islahatlar proqramının icrası nəticəsində Azərbaycan sosial inkişafın yeni, keyfiyyətcə daha yüksək mərhələsindədir.  Ölkəmizdə əhalinin sosial rifahın təmin edilməsi istiqamətində ötən dövr ərzində reallaşdırılan mühüm addımlar, qəbul olunmuş qərarlar gələcəkdə də bu istiqamətdə işlərin davam edəcəyinə əminlik yaradır.

Ramiz Hüseynov,
YAP Sumqayıt şəhər təşkilatının sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər