“Yeni hədəfimiz və milli ideyamız Zəngəzurdur”- Milli Məclisin komitə sədrindən ilginc açıqlama

251

“Hər bir xalqın və dövlətin inkişafında milli ideyanın mövcudluğu həlledici rol oynayır. Təbii ki, əgər bu milli ideya ümumbəşəri dəyərlərə zidd getməzsə, nasizim, faşizm kimi. Bu ideyanın ətrafında bütün resurslar toplanır, cəmiyyət özü üçün bir “yol xəritəsi” müəyyən edir. Məqsədə çatmaq üçün bəzən öncə imkansız kimi görünən nəticələr siyasi və iqtisadi gündəlik olur, reallaşır”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu fikirləri Musavat.com-a açıqlamasında bildirib. Komitə sədri qeyd edib ki, XX əsrin sonlarından etibarən Qarabağ azərbaycanlılar üçün milli ideya oldu: “Bu ideya ətrafında biz bütün resurslarımızı səfərbər etdik, iqtisadiyyat, xarici və daxili siyasət, təhsil, ordu quruculuğu, bir sözlə hər şey bu hədəfə xidmət etdi. Nəticədə 30 ildən sonra biz təkcə Qarabağı əldə etmədik, çox uğurlara imza atdıq. Biz bu yolda iqtisadi müstəqilliyimizi əldə etdik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars xətləri, böyük strateji ehtiyatlar, yoxsulluğun azalması, sosial dövlət formatı və sair nəhəng layihələri xatırlatmaq kifayətdir. Nəticədə regional gücə çevrildik. Region iqtisadiyyatının və əhalisinin demək olar ki, 2/3-si bizə aiddir, Şərq-Qərb, Şimal-Cənub kommunikasiyalarının kəsişdiyi tək ölkəyik, regionda istənilən ölkəyə siyasi və ya iqtisadi nüfuzumuz mövcuddur. Bundan əlavə, nəhəng hərbi gücə çevrildik. Ordumuz dünyanın ən güclü 50 ordularından, dünyanın ən döyüşkən və texnoloji silahlı qüvvələrindən biridir”.

T.Mirkişili xüsusilə xatırladıb ki, azərbaycanlılar dünyada Vətən uğrunda döyüşmək istəyən 1-ci xalqdır. Komitə rəhbəri qeyd edib ki, bu mərhələdə inkişaf üçün ən önəmli olan daxili siyasi sabitlik və uğurlu idarəetməyə sahib olmağımız mühüm faktordur: “Bütün bu uğurların təməlində heç şübhəsiz dövlət başçımızın uzaqgörən siyasəti dayanır. Prezident İlham Əliyev öz ağıllı siyasəti, iti ağılı, sözünün sahibi, praqmatikliyi və humanistliyi ilə bütün dünyada tanınan siyasətçidir, ölkə daxilində bütün siyasi qüvvələrin barışığına və parlament idarəçiliyində iştirakına nail olunub. Bu müddətdə əhalinin maddi rifah halının davamlı olaraq yaxşılaşması və sosial proqramların intensivliyi nəticəsində xeyli uğurlara imza atdıq. Həm bu nəticələrin hesabına böyük bir gücə çevrildik və düşmənlərimizi darmadağın etdik”.

T.Mirkişili qeyd edib ki, artıq yeni bir mərhələ başlayır: “Ərazilərin bərpası, insanların öz yurduna qayıtması, Xankəndinə, Xocalıya tam nəzarət zaman məsələsidir və biz bunlara nail olacağıq. Amma bəs yeni mərhələdə bizim milli ideyamız nədir? Biz tamamilə yeni bir Azərbaycanıq, bütün dünya bizi güclü, öz hədəfinə çatan, etibarlı, istedadlı bir xalq kimi tanıyır artıq. Bizim qarşımızdakı hədəflər də böyük olmalıdır. Düşünürəm ki, dövlət başçısı bizə bu hədəfi artıq aydın şəkildə göstərməkdədir. Yeni hədəfimiz və milli ideyamız Zəngəzurdur! Zəngəzur hər zaman bizim torpağımız olub. Ora qədim Türk məskənidir.

Süni şəkildə, bir kommunist partiyasının bir neçə azərbaycanlı olmayan şəxsin imzası ilə, bizdən soruşulmadan verilib Ermənistana. Zəngəzur bütün Türk dünyasının təbii inkişafı yolunun ən mühüm həlqəsidir. Bu, süni yaradılmış əngəl aradan qalxmalıdır”.

Dövlət başçısının Zəngəzurla bağlı çıxış və mesajlarına diqqət çəkən millət vəkili hesab edir ki, biz bu, milli ideya ətrafında bütün resurslarımızı birləşdirməliyik: “Bu, həm də bizim digər bütün sahələrdə daha da inkişafımıza gətirib çıxardacaq.

Düşünürəm ki, biz özümüzdən sonra gələn nəslə Türk dünyasının dünyadakı hegemonluğuna son əngəl olan bu aşırımı bizə düşmən olanların əlində qoymamalıyıq!”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər