Sumqayıtla bağlı xəbərlərin arasında kriminal xəbərlər həmişə olur. Kriminfonun ölkə regionları arasındakı bölgüsündə də Sumqayıtın faizi aşağı olmur. Baxmayaraq ki, yerli polis yetərincə təcrübəli və peşəkar kadr ehtiyatına malikdir, ancaq bu, şəhərin kriminogen durumunu tam olaraq sabitləşdirməyə imkan vermir. Kadr demişkən, 2 il öncə Şəhər Polis İdarəsinin rəisi Mehdi Məmmədovun vəzifəsindən azad edilərək, yerinə Əkbər İsmayılovun təyin olunması və ardınca da rəis müavinlərinin yeniləri ilə əvəz olunması DİN-in Sumqayıtla bağlı narahatlığından və bu regiona həssas münasibətindən xəbər verirdi. Bu kadr islahatından sonra müəyyən pozitiv dəyişikliklər hiss olunsa da, şəhərdə hər şeyin nəzarət altında olduğunu söyləmək sadəcə mübaliğəyə yol vermək olardı. Bir-birini əvəz edən xırda kriminal hadisələr bir yana, 2 ay ərzində sumqayıtlılar çox ciddi və ağır kriminal hadisələrə də şahidlik ediblər. Və çox maraqlıdır ki, bu cür hadisələr şəhərə yeni icra başçısının təyin olunmasından sonra sıx qrafikdə baş verir. Bu hadisələrlə Eldar Əzizovun şəhərə gəlişi arasında mümkün rabitə barədə az sonra danışarıq, həlilik isə gəlin, son iki ayın krimxornikasını nəzərdən keçirək.
- Fevralın 22-də şəhərin internat məktəblərindən birinin müəlliminin, Seymur Adilovun intihar etdiyi barədə məlumat yayıldı. Ancaq mərhumun valideynləri və yaxınları mərhumun özünə qəsd etməsi üçün heç bir səbəb olmadığını, hadisənin intihar deyil, qətl olduğunu iddia etdilər.
- Martın 5-də gecə saatlarında 2 nəfər şəxs Novxanı bağları massivində yerləşən marketlərdən birinə basqın edərək mağaza sahibini odlu silahla yaraladılar. Saxlanılarkən polis onlardan 12 ədəd patron ilə birlikdə «Marqulin» markalı tapança aşkar etdi.
- Martın son günlərində baş verən hadisədə də odlu silahdan istifadə olunmuşdu. Amma bu dəfə silah iki nəfərin həyatına son qoymuşdu. Belə ki, Bakı-Quba yolunun 28-ci kilometrliyində yerləşən «Quba» kafesində Sumqayıtda yerləşən N saylı hərbi hissəsinin giziri «Makarov» markalı tabel silahı ilə əvvəlcə sevgilisini, daha sonra isə özünü qətlə yetirdi. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirildi. Hadisə barədə mətbuatda yayılan məlumatlarda isə deyilirdi ki, gizirin sevgilisi Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul şəxslərindən biri ilə görüşürmüş və qanlı olay baş verərkən də onlar bir yerdəymişlər, lakin məmur hadisə yerindən qaçdığından gizir yalnız sevgilisini yaxalaya bilib.
- Digər bir hadisədə isə qatil baltadan istifadə etmişdi. Belə ki, şəhərin 7-8-12-ci məhəlləsində yaşayan 1962-ci il təvəllüdlü S.Abbasov öz qayınananasını baltalayaraq qətlə yetirdi. Qatilin psixi pozuntusu olduğu bildirilsə də, qonşular bu vaxta kimi S.Abbasovda belə hal müşahidə etmədiklərini dedilər. Digər qeyri-rəsmi məlumatlara görə isə, mərhumun ailəsi vəhhabi qruplaşmaları ilə əlaqədə olub və bu motivdə onunla ailəsi arasında tez-tez mübahisələr baş verib.
- Son günlərin ən ciddi kriminal olayı isə aprelin 8-nə keçən gecə baş verib. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları “Aylı gecə” restoranının yaxınlığında yerləşən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin olduğu 5 mərtəbəli binanı dövrəyə alıb. Daha sonra həmin binada olan 10-a yaxın mənzildə axtarış aparılıb və şübhəli şəxslər saxlanılıb. Sonuncu axtarış aparılan mənzildən çıxan şəxslər polisə atəş açıblar. Sonra isə maşına minərək, qaçıblar. Bu zaman həmin maşın bir polis əməkdaşını vurub. Polis əməkdaşı yüngül xəsarət alıb.
İnsident zamanı ölən olduğu barədə məlumat təsdiqini tapmayıb.
Polisə atəş açan, həmçinin avtomobillə polis əməkdaşını vuran şəxslər də sonradan tutulub. Onların istifadə etdiyi silah götürülüb.
- Başqa bir qanlı hadisə isə nə qədər qəribə olsa da, marşrutda baş verdi. Özü də hadisə ölümlə nəticələndi. Aprelin 15-də saat 15:00 radələrində 25 saylı marşrut avtobusunda 40 yaşlı Elşən Cabbarovla həmyerlisi olan 27 yaşlı Elşad Muradov arasında mübahisə düşüb. Elşən cibindən çıxardığı bıçaqla Elşadı qətlə yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1) maddəsi ilə cinayət işi başlanıb.
Daxili İşlər Nazirliyinin yaydığı məlumatda isə deyilir ki, dava zamanı bir nəfər də xəsarət alıb. Belə ki, dalaşanları ayırmaq istəyən şəhər sakini Mikayıl İsmayılov əlindən yaralanıb.
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Cabbarov tutulub.
* Nəhayət, bu həftə Sumqayıtda daha iki ölüm hadisəsi qeydə alındı. «İki müəmmalı ölüm». Mətbuat bu xəbərə öz səhifələrində bu sərlövhə ilə yer ayırdı.
Hər iki hadisə eyni gündə Sumqayıt şəhərindəki xeyir-şər evlərində qeydə alınıb. Şəhər sakini, 63 yaşlı Kərim Kərimov 11-ci mikrorayon ərazisində yerləşən xeyir-şər evində qəflətən ölüb.
Digər hadisə isə 2-ci məhəllə ərazisindəki xeyir-şər evində baş verib. Sumqayıt şəhər sakini 43 yaşlı Mikayıl Vəliyev naməlum şəraitdə dünyasını dəyişib. Hazırda hər iki ölüm hadisəsinin səbəbləri araşdırılır.
Bu, hələ kriminal hadisələrin hamısı deyildi. Əsasən o hadisələrin xronikasına diqqət yetirdik ki, onlarda odlu və soyuq silahdan istifadə olunub.
Adətən ölkədə və ya hansısa regionda sabitlik olmadığını göstərmək istəyən qüvvələr kriminal ünsürlərdən istifadə edirlər.
Dərhal da qeyd edək ki, hazırda yeni icra başçısı Eldar Əzizov şəhərdə radikal islahatlar həyata keçirir, əsas küçələrin görüntüsünə xələl gətirən ticarət köşklərini yığışdırır, məmurlardan daha artıq məhsuldarlıq və məsuliyyət tələb edir. Yeni başçının daha bir reform paketi şəhərdəki ayrı-ayrı qruplaşmaları yerində oturtmağa yönəlib. Bu qruplaşmalara bir neçə məmur və iş adamları daxildir və hazırda şəhərdə ən azı 3-4 bu cür güc mərkəzinin olduğu məlumdur. Yeni başçının bu qruplaşmalara qarşı mövqeyi onun ilk toplantısındakı nitqində də görünürdü. «Burda ayrı-ayrı adamlar özlərini inandırıblar ki, bunlar qüvvədirlər, xeyr, qüvvə yalnız cənab prezidentin hakimiyyətidir… Arzulamıram ki, siz bizim arsenalımızda olan digər iş metodları ilə tanış olasınız».
Sumqayıt şəhər Polis İdrəsinin rəis müavini Azər Cahangirov da razılaşır ki, son iki ay ərzində şəhərdə kriminal hadisələrin sayı artıb. Ancaq o hesab edir ki, bu hadisələr şəxsi motivlərdə baş verdiyindən bu xronikaya hansısa rəng vermək doğru deyil. «Cinayətlərin üstü isti izlərlə açılır, hər şey polisin nəzarəti altındadır. Hadisələr əsasən şəxsi motivdə, xüsusilə də qısqanclıq zəminində baş verir ki, bu da, hesab edirəm ki, bizim mentalitetimizlə bağlı məsələdir. Profilaktik tədbir olaraq isə, məlum olduğu kimi ictimai şuralar fəaliyyət göstərir və onlar polisin işinə kömək etməyə çalışırlar, eləcə də polis tərəfindən daim maarifləndirici tədbirlər görülür».
Bu arada xatırladaq ki, 2005-2010-cu illərdə şəhərimizi parlamentdə təmsil etmiş, ancaq son seçkilərdə MM-ə düşə bilməyən sumqayıtlı sahibkar Nizami İsgəndərov bu 3 ay ərzində tutduğu vəzifədən – spikerin köməkçisi vəzifəsindən azad edilib. Bəzi media təhlilçiləri bunu Sumqayıtdakı güc mərkəzlərindən birinin zəiflədilməsinə yönəlmiş addım kimi dəyərlindirirlər.
Kriminal olayların artımını fəsadüf kimi də qiymətləndirmək olar, ancaq indiki halda bu hadisələri hansısa qruplaşmaların sabitliyi pozmaq cəhdi kimi dəyərləndirmək də az məntiqli görünmür. Bəlkə kimlərsə şəhərdə güc mərkəzi olduğunu isbatlamağa çalışır?
Vüsal Məmmədov, 168saat